24 Dekabr 2024

Azərbaycanda elektrik enerjisinin satışı ilə bağlı yenilik gözlənilir

Azərbaycanda elektrik enerjisinin topdansatış bazarının fəaliyyətini təşkil etmək məqsədi ilə müstəqil bazar operatorunun yaradılması nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” Qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, müstəqil bazar operatorunun yaradılması elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesinin üçüncü mərhələsində, yəni 2028-ci il iyulun 1-dən sonrakı dövrdə həyata keçiriləcək. İkinci mərhələdə (2025-ci il iyulun 1-dən 2028-ci il iyunun 30-dək davam edəcək dövrdə) artıq ötürücü sistem operatorunun tabeliyində ayrıca hüquqi şəxsin yaradılması planlaşdırılır.

Bazar operatoru tərəfindən bütün istehsalçılardan (“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq, elektrik enerjisini zəmanətli alıcıya satan istehsalçılar istisna olmaqla) elektrik enerjisinin alınması, elektrik enerjisinin bütün təchizatçılara satılması nəzərdə tutulur.

Qeyd edək ki, elektroenergetika subyektlərinin və istehlakçıların elektrik enerjisi bazarındakı dəyişikliklərə uyğunlaşması, o cümlədən azad rəqabət münasibətlərinin tətbiqi və subsidiyalaşmanın ləğv edilməsi məqsədilə elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesi üç mərhələdən ibarət olacaq.

Birinci mərhələ bu Qanunun qüvvəyə mindiyi gündən 2025-ci il iyunun 30-dək davam edəcək, ikinci mərhələ 2025-ci il iyulun 1-dən 2028-ci il iyunun 30-dək davam edəcək, üçüncü mərhələ 2028-ci il iyulun 1-dən başlayacaq.