22 Noyabr 2024

Plastik tullantılar həyatımızı necə cəhənnəmə çevirir?

Xəstəlik də yaradır, ciddi fəsadlar da – qurtulmaq isə…

Ətraf mühitə mənfi təsir göstərən səbəblərdən biri də bərk məişət tullantılarının, xüsusilə də plastik tullantıların düzgün idarə olunmaması ilə bağlı yaranan problemlərdir. Plastik tullantılar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Bu sahədə vəziyyəti mürəkkəbləşdirən amillərdən biri də plastik tullantıların təbiətdə 100 illər ərzində, nəticədə miqdarının ilbəil artmasıdır. Avropa İttifaqına üzv dövlətlər tərəfindən qablaşdırma tullantılarının əmələ gəlməsinin qarşısını almaq və bu tullantıların ətraf mühitə təsirini azaltmaq məqsədilə qablaşdırma tullantılarının təkrar istifadəsi sisteminin formalaşdırılması ilə bağlı tədbirlər görülür. Eyni zamanda nəzərdə tutulan hədəflərə nail olmaq üçün qablaşdırma tullantılarının, o cümlədən plastik qabların geri qaytarılması və ya toplanması, təkrar emalı üçün sistemlər tətbiq edilir. Bir sıra Avropa ölkələrində qablaşdırma materiallarının toplanması, utilizasiyası, təkrar emalının maliyyələşdirilməsi qeyri-kommersiya təşkilatları (fondlar) tərəfindən həyata keçirilir.

Qablaşdırma tullantıları necə təkrar emal olunur?

Ümumilikdə, bu sahədə aparılan işlər, tətbiq olunan mexanizmlər nəticəsində hazırda qablaşdırma tullantıları tullantı kimi deyil, təkrar emal materialı kimi yeni əhəmiyyət qazanmışdır. Nəticə etibarilə, bəzi ölkələrdə plastik qablaşdırma tullantılarının 60-70 faizi təkrar emal edilir. Hazırda dünya ölkələri plastik torbaların ətraf mühitə və insan sağlamlığına mənfi təsirindən əziyyət çəkir. Bu səbəbdən artıq bir çox ölkələr plastik torbalara alternativ olaraq təkrar istifadəsi və emalı mümkün olan, bioloji parçalanan materiallardan hazırlanan torbalardan istifadə edir, plastik torba istehsalının azaldılması məqsədi ilə qadağaları, ödənişli istifadəni və ya vergi sistemini özündə cəmləşdirən qanunvericilik sənədlərini qəbul edir.

Araşdırmalar  göstərir ki, plastik  tullantılar düzgün idarə olunmadığından ətraf mühiti çirkləndirir, dənizlərdə və okeanlarda iri plastik tullantısı adaları yaradır dəniz canlılarının, o cümlədən balıq populasiyalarının zəhərlənməsinə və tələfinə səbəb olur,  kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur, yandırıldığı halda atmosferə zəhərli qaz tullantılarının həcmini artırır. Dünyanın aparıcı KİV-lərdə dərc edilən bir çox elmi araşdırmalarda bildirilir ki,  kiçik ölçülü plastik tullantıları dəniz canlılarının qida kimi mənimsədiyinə dair çoxsaylı sübutlar var və bu artım onların qida sisteminə daxil olaraq balıq populasiyalarının körpə vaxtlarında məhv olmasına səbəb olur. Bu sahədə araşdırmalar onu göstərir ki, polietilen  plastik məmulatlarının istifadəsinin dinamik olaraq artması həm dənizdə,  həm də quruda  bir zəhər mənbəyinə çevrilir və təbiətə sağalmaz zərərlər vurur.

Ötən əsrin ortalarında(1960) dünya üzrə təxminən 1,5 milyon ton plastik istehsal olunub və bərk məişət tullantılarının tərkibində plastik tullantıların miqdarı 1 faizə qədər idi. Həmin göstərici 1990-cı ildə təxminən 67 dəfə artaraq 100 milyon tona çatıb və ümumi tullantıların 20 faizini təşkil edir. 2015-ci ildə plastik istehsalı 3 dəfədən çox artıb və təxminən 322 milyon tona bərabər olub.

Hazırda dünyada plastiklərin yalnız doqquz faizi təkrar emal olunur, çünki plastiklərin əksəriyyəti bioloji parçalanmır və ümumiyyətlə, çürüməyə 400 ildən çox vaxt tələb olunur. Həmçinin yarım əsrdən sonra da plastik məhlul torpağa qarışaraq onu çirkləndirməkdə davam edir. Okeana atılan tullantıların 90 faizi də məhz plastikin payına düşür. Hər il okeanlara 150 milyon ton plastik tullantı atılır (“Euronews”). Okeanlarda böyük tullantı adaları əmələ gəlib. Hazırda 5 belə ada var. Onlardan ikisi Sakit, ikisi Atlantik, biri isə Hind okeanındadır. Plastik tullantılar milyonlarla vəhşi heyvan və quşların, balıqların ölümünə səbəb olur. Xəzər dənizində də belə plastik adalarının olması və bu tullantıları Xəzərin xəzri və gilavar küləkləri tərəfindən dənizin hər iki sahilinə çıxarır, dəniz populasiyalarının, o cümlədən balıqların məhv olmasına səbəb olur. Xəzər dənizi sahili boyunca aparılan monitorinqlər dəniz sahilinin əsasən plastik tullantılarla çirklənməsini göstərir.

Alimlər 1 saat ərzində plastik materialları reaktiv yanacağa çevirmək  üsulunu yaradıblar | Technote.az

Dünyada 500 milyon ton plastik məhsul istehsal olunur

Plastik tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və sututarları çirkləndirir. Ötən əsrin ortalarında dünya üzrə təxminən 1,5 milyon ton plastik material istehsal olunub. Həmin göstərici 1990-cı ildə təxminən 67 dəfə artaraq 100 milyon tona çatıb. 2015-ci ilə qədər isə bu rəqəm 3 dəfədən çox artıb və təxminən 322 milyon tona bərabər olub. Plastik məmulat istehsalının belə sürətlə artması plastik tullantıların daha da artmasına səbəb olub. Araşdırmalardan məlum olur ki, dünyada 500 milyon ton plastik məhsul istehsal olunur. Bu cür plastik və polietilen materialların parçalanaraq yox olması üçün torpaqda 800, suda isə 400 il vaxt tələb olunur. Plastik qabların istifadədən sonra tullantı kimi atılması həllini gözləyən ekoloji problemlərdən biridir. Belə ki, yarım əsrdən sonra da plastik tullantı torpağa qarışaraq onu çirkləndirməyə davam edir. Statistikaya görə, plastik tullantıların yalnız 20 faizi təkrar emala daxil olunur.

Plastik və polietilen tullantıları yandırılarkən insan orqanizmi üçün zərərli kimyəvi maddə – dioksin alınır. Həmçinin araşdırmalardan məlum olur ki, plastik materiallar istiliyin təsirindən dioksinə çevrilmə prosesi daha da artır. Elmi-tədqiqat institutunun apardığı təcrübələrə əsasən məlum olur ki, dioksin xərçəng xəstəliyi əmələ gətirir. Onun təsirinin azaldılması üçün dərman vasitələri yoxdur. Alimlər qida məhsullarının plastik qablarda saxlanılması və qızdırılmasını da tövsiyə etmirlər. Hazırda bir çox inkişaf etmiş ölkələrdə plastik qabların alternativ qablarla əvəz olunması həyata keçirilir. Plastik tullantıların toplanması və təkrar emalı sistemi təkmilləşdirilir. Avropa ölkələrinin bir çoxunda plastik torbaların ödənişli olması və parça torbalardan istifadə edilməsi problemin qismən həll olmasına gətirib çıxarır.

Plastik paketlər ərzaqları korlayır – necə?

Plastik və polietilen məhsullar yandırılarkən insan orqanizmi üçün zərərli kimyəvi maddə – dioksinlər yaranır, bu birləşmələr hidrogen, karbon, oksigen və xlor atomlarından ibarətdir. Beynəlxalq Xərçəng Araşdırma İnstitutunun açıqlamasına görə, zəhərli dioksin (SO2, NO2, CO2,Cl2 və s) xərçəng xəstəliyi əmələ gətirir. Orqanizmə daxil olduqdan sonra yağ toxumalarında yığılan maddənin xaric olması qeyri-mümkündür. Onun təsirinin azaldılması üçün dərman vasitələri yoxdur.

Alimlər qida məhsullarının plastik qablarda saxlanılması və qızdırılmasını da tövsiyə etmirlər.

İstifadə müddəti orta hesabla 20 dəqiqə olan polietilen paketlər ümumi tullantıların təxmini 10 faizini təşkil edir. Statistikaya görə, bir ailə il ərzində təqribi 500 polietilen paket istifadə edir.

Polietilenin üzərindəki bakteriyaların çoxluğu səbəbi ilə paketlərdəki ərzaqlar daha tez xarab olur. Kip bağlanmış şəffaf paketdə kondensat əmələ gəlir və müxtəlif göbələklər inkişaf edir. Polietilen məhsullar dondurulduqda isə ondan insan üçün zərərli olan toksinlər ayrılır.

Hər il dünyada 4 trilyon paket istifadə olunur, hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır.

Sevinc TELMANQIZI