Əsl dost dar gündə tanınar
Azərbaycan dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında qardaş Türkiyəyə dəstəyini daha da gücləndirir
Məlum olduğu kimi, fevralın 6-da Türkiyədə ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki dağıdıcı zəlzələ baş verib. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə insan itkilərinə səbəb olub. Son məlumata görə, hadisə nəticəsində Türkiyədə həyatını itirənlərin sayı 35 418 nəfərə çatıb. Yaralı olaraq dağıntıların altından 105 505 nəfər xilas edilib. Onlardan 92 minə yaxını müalicə olunaraq evə buraxılıb. Hazırda yaralıların 13 208-i xəstəxanalarda müalicəsini davam etdirir. Zəlzələ nəticəsində dağılan binaların sayı isə 19 minə bərabər olub. Xilasetmə işlərinə təxminən 250 000 nəfər, 12 235 müxtəlif texnika cəlb olunub.
Türkiyədəki güclü zəlzələdən zərərçəkənlərə humanitar yardım göstərilməsi ilə bağlı qardaş ölkənin Azərbaycandakı səfirliyinin çağırışına ölkəmizin dövlət və özəl qurumları güclü dəstək verirlər. Fevralın 15-də Azərbaycandan Türkiyəyə 20 ədəd modul tipli müasir evlər göndərilib. Bu həftənin sonuna qədər isə daha 90 ədəd modul tipli müasir evlər hazırlanaraq mərhələli şəkildə qardaş ölkəyə yola salınacaq. Qısa müddətdə və yüksək keyfiyyətlə hazırlanmış bir və iki otaqlı evlərdə 10-12 nəfərin yaşaması üçün hər cür şərait yaradılıb.
Dəhşətli zəlzələnin qurbanlarına dəstək məqsədilə Azərbaycanın şəhər, rayon icra hakimiyyətləri tərəfindən hər gün qardaş ölkəyə humanitar yardımlar göndərilir. Hazırda fəlakət zonasında evsiz-eşiksiz qalmış insanların isti sığınacaqlarla təmin edilməsi ən vacib məsələlərdən biridir. Həmçinin icra hakimiyyətləri tərəfindən fəlakətin ilk günlərindən ziyan çəkmiş əhaliyə lazım olan isti paltar, yataq dəstləri, müxtəlif ərzaq və sənaye məhsulları, dərman preparatları, qızdırıcılar, generatorlar, çadırlar alınaraq qardaş ölkəyə göndərilir. İndiyədək 57 şəhər və rayon icra hakimiyyəti tərəfindən təşkil olunan humanitar yardım Türkiyənin Kahramanmaraş, Malatya, Adıyaman və digər bölgələrinə yola salınmışdır. Şəhər və rayon icra hakimiyyətləri tərəfindən təbii fəlakət bölgəsinə humanitar yardımların göndərilməsi bundan sonra da davam etdiriləcəkdir.
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən Türkiyənin zəlzələ baş vermiş Kahramanmaraş şəhərinin sakinləri üçün müvəqqəti çadırlar qurulub. FHN-in əməkdaşları Azərbaycandan göndərilən çadırları şəhərin Doğukənd məhəlləsində yerləşən stadionda quraşdırmağa başlayıblar, 130-dan artıq çadır ailələrə təhvil verilib. Çadırlar istilik sistemi və digər avadanlıqlarla təmin edilib. Həmçinin FHN əməkdaşları tərəfindən Türkiyənin zəlzələ baş vermiş Kahramanmaraş şəhərinin Doğukənd məhəlləsində sakinlərə yeməklər verilir. Nazirliyin aşpazları tərəfindən bişirilən yeməklər Kahramanmaraşın Doğukənd məhəlləsində zəlzələdən zərər çəkən şəxslər üçün qurulan çadırlarda paylanır.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN tərəfindən Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə humanitar yardımlar göndərilib. Bu vaxta qədər nazirlik tərəfindən göndərilən yardımları aparan 10 təyyarə, 3 avtomobil karvanı Türkiyəyə gəlib çatıb. Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir. FHN indiyədəkh adisə yerinə 1000 nəfərdən çox olan xilasedici göndərib. Ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olunub.
Fevralın 15-də Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə daha bir humanitar yardım göndərilib. Zəlzələ bölgəsinə uçan təyyarədə çadırlar və qızdırıcılar daxil olmaqla ümumilikdə 40 ton yardım yola salınıb. Heydər Əliyev Fondu faciənin ilk günündən qardaş ölkəyə öz dəstəyini göstərib. Birinci xanım Mehriban xanım Əliyevanın göstərişi ilə bundan əvvəl fevralın 9-da və 11-də faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar göndərilib.
Eyni zamanda, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə vətəndaşlardan toplanan isti geyim və avadanlıqlar da artıq Türkiyəyə yola salınıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, fevralın 16-dan zəlzələyə görə Türkiyə və Azərbaycanda “Türkiyə tək ürək!” şüarı ilə yardım kampaniyası təşkil olunacaq.
Türkiyədə zəlzələdə həlak olan Azərbaycan vətəndaşlarının sayı 10-a çatıb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Həlak olan Azərbaycan vətəndaşlarının cənazələrinin fevralın 16-da Azərbaycana gətirilməsi nəzərdə tutulub.
Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyasının bir hissəsi kimi qardaş ölkəyə gedən Azərbaycan könüllüləri fəaliyyətlərinin növbəti günündə də yerli əhaliyə müxtəlif xidmətlər göstəriblər. Könüllülər ənənəvi olaraq dörd fərqli məntəqədə qida, yardım və dərmanların paylanılması işini təşkil edib, ərazinin tullantılardan təmizlənməsini və digər fəaliyyətləri həyata keçiriblər. Könüllülərin fəaliyyət göstərdiyi ərazidə müxtəlif təyinatlı dörd yeni çadır quraşdırılaraq istifadəyə verilib. Eyni zamanda, könüllülərin fəaliyyət ərazisində paylama məntəqəsi quraşdırılıb və ilkin olaraq yerli əhaliyə su və çay, axşama yaxın isə Azərbaycandan gətirilən qida və odun sobaları paylanılıb.
Həmçinin könüllülərimiz Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) şəhərin müxtəlif ərazilərində çadırlarının qurulmasında da iştirak ediblər. Gün ərzində Azərbaycan FHN-in nümayəndələri könüllülərimizin düşərgəsini ziyarət edib, yaşayış və xidmət sahələri, eləcə də könüllülərin qida rasionu və dərman ehtiyatları ilə yerindəcə tanış olublar. Əlavə olaraq şəhərdə yerləşdirilmiş hərbi kontingentin nümayəndələri və eləcə də Türkiyədə QHT-lərlə işə məsul olan aidiyyəti qurumun rəhbərliyi də könüllülərimizin fəaliyyət göstərdiyi əraziyə baş çəkib.
Könüllü gənclərimiz səyyar xidmət üzrə yardımların paylama qruplarının tərkibində iştirak edərək, zəlzələdən zərərçəkmiş kəndlərə xidmət edib. Eləcə də tibb təhsilli könüllülərimiz tərəfindən yerli sakinlərə tibbi xidmət göstərilib.