22 Noyabr 2024

Pensiya artımı sahəsində vahid indeksasiya metoduna keçilib

Bu üsul bütün pensiyaçılara şamil olunur

Azərbaycanda aparılan sosial islahatların mühüm tərkib hissələrindən biri də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsidir. Prezident İlham Əliyevin tapşırığına əsasən, son beş ildə artıq 4 islahat paketi icra olunub. Bu islahatlar çərçivəsində digər sosial ödənişlər kimi, pensiyalarda da davamlı artımlara nail olunub.

Dövlət başçısı İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 10 fevral 2023-ci il tarixli Sərəncamı ilə bu il yanvarın 1-dən pensiyalar 14,7% artırılıb. Yeni qanunla bu ilin əvvəlindən pensiya artımı sahəsində vahid indeksasiya metoduna keçilib. Bu, hər il indeksləşdirmə əsasında pensiya artımının ilk dəfə olaraq bütün növ pensiyalara şamil olunmasına imkan verib. Növbəti illərdə də bütün növ pensiyaların indeksasiya metodu ilə artırılması davam etdiriləcəkdir. Belə ki, bu ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketinin tərkib hissəsi kimi minimum aylıq əmək pensiyasının məbləği də 2023-ci il fevralın 1-dən 280 manata çatdırılıb. Beləliklə, 2018-ci ilə nisbətən minimum pensiyada 2,5 dəfə artıma nail olunub. Hazırda minimum pensiya pensiyaçılar üçün yaşayış minimumunu (199 manat) 40,7 faiz üstələyir.

Yeni Sərəncamla pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılıb. Bundan əvvəl isə ötən il pensiyaçılara ödənilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyalarının tərkibinə daxil edilib. Maddi yardım daxil edilərək artırıldıqdan sonra yaranan pensiya məbləği bu dəfə indeksləşdirilərək artırılır. Məsələn, 2022-ci ildə ayda 800 manat pensiya və onun 10 faizi miqdarında (80 manat) maddi yardım almış hərbi qulluqçunun pensiyası tərkibinə bu ilin əvvəlindən həmin 80 manat daxil edilib və yaranan 880 manat pensiya məbləği bu dəfə indeksləşdirilərək 14,7 faiz (129,36 manat) artırılmaqla 1009,36 manata yüksəlir.

Bu yeni artımlar üçün illik əlavə olaraq 728 milyon manat vəsait ayrılıb. Hazırkı yeni indeksasiya artımı həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına görə əlavə alan pensiyaçılar (pensiyaçı hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və başqaları) daxil olmaqla 1,1 milyon pensiyaçını əhatə edir.

Yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə verilir. İndeksasiya üzrə artım 2022-ci il üzrə orta inflyasiya dərəcəsini (13,9 faiz) üstələyir. Yeni artımdan sonra pensiyaların orta aylıq məbləği 423 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 456 manata çatdırılır.

Dövlət başçısının yeni Sərəncamı ilə pensiyalar indeksləşdirilərək artırıldığı kimi, sığortaolunanların fərdi hesablarındakı pensiya kapitalları da istehlak qiymətləri indeksinin 2022-ci il üzrə illik səviyyəsinə uyğun olaraq, yəni 13,9 faiz indeksləşdirilərək artırılır. Bu da əmək müqaviləsi əsasında işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları ilə deyil, həmçinin hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirmə əsasında da mütəmadi artmaqda olduğunu göstərir.

Hər iki istiqamətdə, yəni həm pensiyaların, həm də fərdi hesablardakı pensiya kapitallarının artırılması elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir. Bu isə o deməkdir ki, artımla bağlı müvafiq orqana hər hansı sənəd təqdim etməyə, müraciət etməyə ehtiyac yoxdur.