21 Noyabr 2024

Zəlzələ şəhidləri, qeyri-döyüş meydanındakı şəhidlər – dinimiz deyir ki…

Rəsul Mirhəşimli: “Kimin şəhid sayılması Allahın hökmü və hikmətində olan məsələdir”

“Zəlzələ zamanı həyatını itirənlər şəhiddir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən ən çox zərər çəkən 10 əyalətdən biri olan Adıyamanda çıxışı zamanı deyib. Prezident bildirib ki, İslam inancına görə, təbii fəlakətlər nəticəsində həlak olanların məqamı şəhadət, şəhidlik hesab olunur. Qeyri-döyüş meydanında həlak olan daha kimlər şəhid hesab edilirlər? Məsələn, bildiyimiz qədər doğuş zamanı ölən ana da şəhid sayılır.

İlahiyyatçı Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, artıq günlərdir Türkiyə dəhşətli təbii fəlakətin ağrılarını yaşayır və bu dəhşətli zəlzələdə ölənlərin sayı 30 min nəfəri keçib: “Minlərlə insan bu sarsıntılar zamanı xəsarət alıb. Hələ nə qədər insan da dağıntılar altında xilas olunmasını gözləyir. Allah bu zəlzələdə həyatını itirən bütün soydaşlarımıza rəhmət eləsin, yaralılara şəfa versin. Allah dağıntılar altında qalan insanların tezliklə xilas olub, sağ-salamat əzizlərinə qovuşmasını lütf eləsin!

İnanclı xanımların hicab hüququ - Ərdoğanın təklifi Azərbaycanda da  reallaşsa...

Rəsul Mirhəşimli

İslam dininə görə şəhidlik mərtəbəsi peyğəmbərlikdən sonra Allah dərgahında ən dəyərli mərtəbələrdən sayılır. İslam dininin hikməti bizə şəhid olan insanın qul haqqından başqa bütün günahlarının bağışlandığını öyrədir.

Allahın hər kəsə nəsib etmədiyi şəhadət dərəcəsi Allah qatında ən uca mərtəbə və dəyərlərdən hesab olunur. Məhz buna görədir ki, dünyanı şəhid olaraq tərk edən insanın bütün günahları və xətaları Allah tərəfindən bağışlanır”.

Ekspert əlavə edib ki, Qurani-Kərimin ayələrində və bir çox hədislərdə Allah yolunda canını təhlükəyə atanların şəhadət dərəcəsinə çata biləcəyi qeyd olunur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər.” (“Ali İmran” surəsi, ayə 169).

Ayədən də göründüyü kimi, şəhid olanların uca mərtəbəsini Allah özü təyin edir. Kimlərin şəhid sayılması ilə bağlı sualın cavabına gəldikdə, qeyd etmək lazımdır ki, bu siyahıda başda gələnlər alimlər və vətənin müdafiəsi və torpaqların işğaldan azad olunması zamanı canını fəda edən insanlardır. Bu məsələdə İslam alimlərinin də fikirləri, demək olar, eynidir. Zəlzələ bölgəsində həyatını itirənlərin şəhid sayılmasını Türkiyənin Diyanət İşləri Başqanlığı da açıqlama ilə izah edib. Qurumun rəhbəri professor Ali Erbaş bildirib ki, zəlzələ, yanğın, sel fəlakəti və buna bənzər təbii fəlakətlərə məruz qalaraq ölən, doğuş zamanı ölən analar, zəlzələ zamanı dağıntılar altında qalaraq ölənlər, elm yolunda ölən müsəlmanlar da şəhid sayılırlar. Ali Erbaşın söylədiyi bu fikirlər İslam alimlərinin əksəriyyətinin şəhidlik məqamının kimə aid olması barədə irəli sürdüyü fikirlərlə eynilik təşkil edir. Hətta dini bilikləri olmayan insanlar belə Türkiyədəki təbii fəlakətlər zamanı dağıntılar altında qalaraq ölən məsum körpələrin şəhid olmasını deyə bilər, zənnimcə, bu fikirdə olan insanlar heç yanılmırlar da. Günahsız o körpələr mələklər kimi məsum olan varlıqlardır. Təbii fəlakətlərin törətdiyi amansız faciələrin bir də bu tərəfi var ki, hələ həyatın nə olduğunu anlamayan, bu dünyada doya-doya yaşaya bilməyən nur üzlü körpələr əzizlərindən qoparılır. Onların itkisi yaxınlarının, eyni zamanda insanlıq faciəsinə qəlbi dağlanaraq şahidlik edənlərin ürək ağrısına dönür. Sonda onu da qeyd etməyi vacib bilirəm ki, kimin şəhid sayılması Allahın hökmü və hikmətində olan məsələdir. Biz Türkiyədəki dəhşətli zəlzələdə həyatını itirənləri şəhid olaraq qəbul edək, bu məqamın Allah qatında da həmin şəxslər üçün bir lütfə dönməsi üçün dualarımızla diləyək. Allah həmin soydaşlarımızın məqamlarını uca eləsin”.

Yada salaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.