Vətən sevgisi ilə əbədiyyət qazanan döyüşçü
Mirməhəmmədəli Tərlan oğlu Rzazadənin doğma Azərbaycana sevgi payı şirin canı oldu. Belə ki, İkinci Qarabağ müharibəsində Ana dediyi, hər qarışına bağlandığı Vətəninin şərəfini qorumaqdan ötrü özünü odun-alovun içinə atdı. Döyüş meydanında vaxtsız- 23 yaşında şəhid olsa da, onun Vətəni necə sevməyi, halal torpağı uğrunda necə can verməyi tarixə yazılaraq gələn nəsillərə yadigar qaldı.
Qəhrəmanımız əslən cənub mirvarisi Lənkəran rayonunun Şilavar kəndindəndir. Dünyaya göz aşdığı məkan isə Sumqayıt şəhəridir. Həyatının çox hissəsi Şilavar kəndində keçir. Burada orta məktəbi başa vurur, 2015-ci ildə canında, qanında Vətən sevgisi ordu sıralarına yola düşür. Qarşına qoyduğu əsas məqsəd də yağıdan hər qarış torpağın qisasını almaq olur.
Mirməhəmmədəli Rzazadə cəbhə bölgəsində Vətənin keşiyində durur, nümunəvi əsgər olmaqla böyük hörmət qazanır. Həmişə də döyüş meydanında erməni dığaları ilə üz-üzə gəlib onları əzmək məqamını gözləyir. Nəhayət ki, 2016-ci ildə aprelin 1-dən 2-nə keçən gecədə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər, Cəbrayıl-Füzuli istiqamətində şiddətli döyüşlər başlanır. Bu haqq savaşımızda cəsarətlə vuruşan, düşmənə qan udduran cəsur, igid əsgərlərdən bir də Mirməhəmmədəli olur. Dörd gün aramsız davam edən, tarixə Aprel döyüşü kimi yazılan qanlı davada çoxlu texnika, canlı qüvvə itirən erməni işğalçı ordusu məğlubiyyətə uğrayır. Döyüşdən qəhrəmancasına çıxan Vətənin igid, mərd əsgərləri Cəbrayılın Lələ təpə istiqamətində yerləşən əlverişli mövqeləri, strateji nöqtələri azad edir, Lələ təpənin zirvəsində Azərbaycanın qələbə bayrağını ucaldırlar. Beləcə, Mirməhəmmədəli qalib əsgər kimi Vətən qarşısında əsgəri borcunu ləyaqətlə verib üzüağ doğma ailəsinə qayıdır. Amma ürəyi heç cür rahatlıq tapmır, ikinci tərəfdən isə düşməndən tam alacağı öcün gəlişinə inanır və bu yolda şəhid olmağı belə hər bir Vətən övladı üçün şərəf sayır.
İkinci Qarabağ müharibəsi başlananda Mirməhəmmədəli əlinə silah alıb ön sırada düşmənlə savaşa girir. Yağının başını məqamında əzmək üçün həmişə irəlidə gedir. Ən qaynar nöqtələrdə hər qarış torpaq uğrunda yağıya qarşı mərdliklə mübarizə aparır. “Qələbə bizim olacaq, o günə lap az qalıb” deyib döyüşdən-döyüşə atılır. İgid döyüşçü Cəbrayılın azadlığı uğrunda sözün əsl mənasında, tarix yazır. 15 oktyabrda ağır müharibə meydanında şəhadətə ucalsa da, son damla qanına qədər erməni dığalarına göz açmağa imkan vermir.
Vətən sevgisi ilə əbədiyyət qazanan Mirməhəmmədəli Rzazadəni Lənkəranın Şilavar kəndində torpaq bağrına basır. Minlərin qəlbində özünə yurd-yuva quran igid dövlət tərəfindən isə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Cəbrayılın, Qubadlının azadlığına görə medallara layiq görülür.
Tərlan kişi oğlu haqqında həmişə belə deyir: “ Oğlum elimin başını uca etdi. O, Vətənini öz canından çox istəyirdi. Onu əsir düşən, Azərbaycanımızın bir parçası olan Qarabağımız düşündürürdü… Mirməhəmmədəli şəhid olana qədər mənim oğlum idi, indi isə bütün xalqın oğludur. Bununla fəxr edirəm.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü