22 Noyabr 2024

«Charlie Hebdo»: Mətbu nəşr, yoxsa nasist ruhlu şeytan yuvası?..

Fransa Prezidenti Emmanuel Makronun əqidəsini əks etdirən bu jurnalın Türkiyədə baş verən zəlzələni karikatura kimi əks etdirməsi bəşəri dəyərlərə xəyanət, islam dininə qarşı ideoloji təxribatdır

Əsrin faciəsi adlandırılan, Türkiyənin 10 əyalətində baş verən dağıdıcı zəlzələ demək olar ki, bütün dünyanın sağlam düşüncəli insanlarını sarsıtdı. Açıqlanan son məlumatlara görə, 30 mindən artıq insanın ölümünə, 100 minə yaxın adamın yaralanmasına, minlərlə evin dağılmasına səbəb olan zəlzələ ilə bağlı bütün dünya dövlətləri bəşəri faciənin nəticələrinin aradan qaldırılmasında Türkiyəyə yardım kampaniyasına qoşulub. Daha çox ehtiyac duyulan tibbi ləvazimatlarla, ərzaq məhsulları, çadırlarla, isti geyimlərlə Türkiyəyə yardım göstərən dövlətlər dağıntılar altında qalan insanların axtarışı, xilas edilməsi işində də yaxından iştirak edirlər. Axtarış, xilasetmə işləri hələ də davam edən qardaş ölkəyə yardım kampaniyasında ən çox fəallıq göstərən Azərbaycandır. Faciə baş verən andan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verən, qardaş ölkənin Azərbaycandakı səfirliyinə gələrək matəm kitabına ürək sözlərini yazan Prezident İlham Əliyevin tapşırığına əsasən başlanan kütləvi yardım kampaniyasına qoşulan təşkilatların, insanların sayı artmaqdadır.

İkinci Qarabağ müharibəsinin ilk günlərindən xalqımıza maddi, mənəvi dəstək olan, Ermənistan üzərindəki Zəfərimizə qardaş kimi sevinən türk xalqının bu ağır, çətin günlərində dəstəyini əsirgəməyən xalqımız bir nəfər kimi səfərbər olaraq yardım kampaniyasında iştirak edir. Heydər Əliyev Fondunun ayırdığı yardımlar, tibbi ləvazimatlar, geyimlər, ərzaq məhsullar zəlzələ bölgəsinə çatdırılıb. Respublikamızın Fövqəladə Hallar Nazirliyinin 1000 nəfərə yaxın xilasediciləri, mütəxəssisləri dəhşətli zəlzələnin baş verdiyi ərazidə insanların dağıntılar altından çıxarılması prosesində yaxından iştirak edirlər. Nazirliyin göndərdiyi iki səhra hospitalında müxtəlif ixtisaslı tibbi personal yaralılara ilk yardımlar göstərir. Nazirliyin fəlakət zonasında quraşdırdığı çadırlarda yerləşdirilən insanların istiliklə təmin olunması üçün xüsusi generatoralar da quraşdırılıb. Respublikanın bütün təşkilatları kimi, fərdi qaydada yardım kampaniyasına qoşulanlar da qardaş ölkəyə dəstəklərini əsirgəmirlər. Hər kəs imkanı daxilində kömək göstərməklə qardaş yarasına məlhəm olmağa çalışır. Kampaniyaya qoşulan məktəblilərin, kiçik yaşlı uşaqların belə oyuncaqlarını zəlzələdən zərər çəkən həmyaşıdlarına göndərmələri xalqımıza məxsus humanistlikdən, xeyirxahlıqdan qaynaqlanır.

Amma çox təəssüf ki, özünü mədəni, demokratik ökə kimi təsəvvür edən, əslində isə bəşəri dəyərlərdən, insani keyfiyyətlərdən kənar, adı müsəlman dövləti olsa, İslami dəyərlərdən bixəbər olan İran, həmçinin Fransa, bu ölkənin dominyonu Ermənistan hələ də humanizm anlayışından çox –çox uzaqda olduqlarını Türkiyədə baş verən fəlakətə istehzalı münasibətləri ilə büruzə verirlər. Ermənistanda təbii fəlakətdən əziyyət çəkən türklərin faciəsini ironiya, gülüşlə, sevinclə seyr edən, qeyri-insani hisslərini göstərməkdən belə çəkinməyən ermənilər qaniçənliklərini kütləvi sürətdə bildirdilər. Hətta Ermənistanın baş naziri Nikol Paşinyanın sözdə də olsa Türkiyəyə bağsağlığı verməsini belə qəbul etməyən ermənilər yenə də insanlıqdan kənar xislətlərini bəyan etdilər.

Humanizmin nə olduğunu bir vaxtlar Əlcəzairdə, Ruandada və əsarətdə saxladığı digər ölkələrdə törətdiyi vəhşilikləri ilə bildirən Fransanın «Charlie Hebdo»” jurnalının Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı «Tanklara ehtiyac qalmadı!»” başlıqlı karikaturası isə bu ölkənin Prezidenti Emmanuel Makronun Türkiyəyə münasibətinin izaha ehtiyacı olmayan qeyri- insani hərəkətinin əks-sədasıdır. Əvvəlki illərdə də İslami dəyərlərə qara yaxan, islamofobiya xarakterli yazıları ilə nifrət qazanan, ksenofobiyanı təbliğ edən bu jurnalın əsas ideyası dinlər və millətlərarası qarşıdurmanı gücləndirmək, irqi ayrı-seçkiliyi təbliğ etməkdir. Əxlaqsız media orqanı kimi tanınan, əqidəsi” islami dəyərlərə qara yaxmaq olan «Charlie Hebdo» bu cür təxribatçı karikaturaları ilə diqqəti cəlb etməyə, çirkin niyyətini fikir azadlığı adı altında pərdələməyə çalışsa da jurnalın irqçi, nasist ruhlu, təhlükəli, təxribatçı media orqanı olması dəfələrlə təsdiqlənib.

Demokratiyanın ən başlıca tələbi olan fikir azadlığı kimi dəyərləri böhtan və yalanları ilə səhv salan, insanların mənəvi düşüncələrini və əxlaqi dəyərlərini qara rəngdə hədəfə alan jurnal heç vaxt oxucu rəğbətini qazana bilməz. İnsanların faciəsini məsxərəli şəkildə, əsrin fəlakətinə gülüşlə münasibət bildirən bu bədnam jurnal qatil, nasist ruhlu orqandır. Milliyyətindən, irqi və dini mənsubiyyətindən asılı olmayaraq insani duyğusu olan hər kəs bu vəziyyətdə insanlara yardım etməli, onların dərdlərinə həssas yanaşmalıdır”. İnsan faciələrini, adi hal kimi qəbul edib, soyuqqanlılıqlara izləyən, «erməni soyqırımı»nı tanıyan Fransanın Türkiyədə baş verən zəlzələyə bu cür münasibəti insanlıqdan kənar hərəkətdir. Belə ağır günlərdə belə Türkiyəyə qarşı düşmənçiliyini büruzə verən Fransanın özünü demokratik, Avropanın mədəniyyət mərkəzi adlandırmağa haqqı yoxdur. Çünki mədəniyyət də, demokratik dəyərlərə sadiqlik də milli mənsubluğundan asılı olmayaraq insanlara dəyər amilindən qaynaqlanır.

Qəribədir ki, ölkələrində baş verən antidemokratik hərəkətləri, etiraz aksiyalarında iştirakçılara qarşı törədilən zorakılıqları, miqrantlara qarşı ədalətsizlikləri fikir azadlığı pərdəsi altında gizlədən Qərb mətbuatları özlərinə qarşı tənqidləri böhtan, təhqir adlandıraraq ikili standartlar siyasətlərini davam etdirirlər. Əslində utancverici, tərbiyəsiz və özündən savayı heç bir xalqın milli-mənəvi dəyərlərinə hörmət qoymayan bir yanaşmanı sərgiləyən jurnal ciddi cəzalandırılmaya layiqdir.

Söz azadlığından yalnz islami dəyərlərə qarşı istifadə edən Fransada əsl karikaturalıq xeyli hadisələr baş verir. İctimaiyyətlə görüşü zamanı sıravi fransalıdan yağlı şapalaq yeyən Emmanuel Makronun qızaran sifəti əsl karikatura mövzusudur. Öz ölkəsinin vətəndaşlarına, eləcə də bir çox ölkələrə, xüsusilə Azərbaycana və Türkiyəyə qarşı təcavüz, nifrət yolunu seçən, terrora, faşizmə dəstək verən erməni quldurlarını müdafiə edən və silahlandıran Makronun əqidəsini təbliğ edən jurnaldan insanlıq naminə nə isə gözləmək yanlışlıq olardı. Parisin muzeylərində 500 -ü əlcəzairlilərə məxsus olmaqla 21 min insanın kəllə sümüyünün nümayiş etdirilməsi karikaturalıqdan da artıq biabırçılıqdır. İllərdən bəri Korsikanı əsarəti altında saxlayan Fransanın bu bölgənin insanlarının haqq səsini boğması, milli azadlıq uğrunda mübarizəsinin qarşısını alması Fransanın separatizmə, terrora dəstəyini əks etdirən siyasi karikatura mövzusudur. Parisin küçələrində barrikadalar quran, hakimiyyətin antidemokratik əməllərinə etirazlarını bildirən «sarı jiletlilər»ə qarşı Fransa polisinin törətdiyi zorakılıqlar bu ölkədə insan haqlarının pozulmasına biabırçı nümunədir. Belə ki, «Charlie Hebdo»nun Türkiyədə baş verən fəlakətə ironiya ilə baxmaq əvəzinə öz daxili problemlərinə diqqət yetirməsi jurnalın xarakterinə daha uyğun olar. Bütün dünya ictimaiyyəti aydın gördü ki, çətin imtahanlardan mətanətlə çıxan, düşmənlərini sevindirməyən Türkiyə bu dəfə də sınmayacaq, əyilməyəcək. Fransa və Ermənistan kimi multikulturalizm dəyərlərindən uzaq ölkələrə insanlıq dərsi verəcək. Hadisələr göstərdi ki, Türkiyənin dostu daha çoxdur. Fransa, Ermənistan, İran kimi rəzillərin isə murdar əlləri halal dəstəyə bulaşmasa daha yaxşıdır.