22 Noyabr 2024

Fevralın 13-ü Dünya Radio Günüdür

Fevralın 13-ü Dünya Radio Günüdür. Bu günün təsis edilməsi barədə qərar UNESCO-ya üzv dövlətlər tərəfindən 2011-ci ildə qəbul olunub. 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası fevralın 13-nü Dünya Radio Günü elan edib. Həmin tarixin seçilməsi təsadüfi deyil. Belə ki, 1946-cı il fevralın 13-də BMT-nin mənzil-qərargahında BMT radiosu ilk dəfə efirə çıxıb.

Media1.az xəbər verir ki, builki Dünya Radio Günü “Radio və sülh” mövzusuna həsr edilib.

UNESCO-nun Baş Direktoru Odre Azule bu əlamətdar günü münasibətilə ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd edilir ki, bu il Dünya Radio Günündə radionun sülhün möhkəmlənməsinə və bərqərar olmasına töhfə vermək qabiliyyəti vurğulanır. Bir əsrdən artıq mövcud olduğu müddətdə radio özünü ünsiyyət üçün unikal alət kimi göstərmişdir. Bu, həm də UNESCO-nun COVID-19 pandemiyası dövründə radionun potensialından istifadəyə xüsusi diqqət yetirdiyini izah edir.

Radio təkcə texniki vasitə kimi deyil, eyni zamanda, demokratik müzakirənin formalaşması və möhkəmlənməsinin baş verdiyi informasiya məkanıdır. Bu gün bütün radio dinləyiciləri, audiovizual mütəxəssislər və yayımçılar təkcə radionun xüsusiyyətlərinə hörmətlə yanaşmağa deyil, həm də onun sülhü təşviq etmək üçün unikal alətə çevrilməsinə töhfə verməyə dəvət edilir.