13 Mart 2025

Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır

Prezident İlham Əliyevin xarici səfərləri, iştirak etdiyi beynəlxalq toplantılar Azərbaycanın siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətin və xalqın maraqlarına layiqincə xidmət etdiyini göstərir. Hər bir səfər Azərbaycanın ayrı-ayrı dövlətlərlə və təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da genişlənməsinə təkan verir.

Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Ölkə başçısı cari ilin 2 fevral tarixində Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüşü zamanı mətbuata verdiyi bəyanatında mühüm və maraqlı açıqlamalar vermişdir.

Bəyanatla bağlı çıxışında Prezident İlham Əliyev bildirmişdi ki, “Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.

Eyni zamanda, ticari-iqtisadi sahələrdə də nəticələr var. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər”.

Ölkə başçısı həmçinin enerji təhlükəsi mövzusuna toxunaraq qeyd etmişdir ki, “Energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır. Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir”. Bildirilib ki, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır. İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi uğurla icra edilmişdir. Azərbaycan qaz ixracatını sürətlə artırır. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu artımın göstəricisidir. Azərbaycanın Buxarestdəki əsas tədbiri yaşıl enerji ilə bağlı idi. Yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir.Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Bunu qiymətləndirən digər Avropa ölkələri kimi Rumıniya da Azərbaycanı regionda əsas tərəfdaş ölkə hesab edir.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı