22 Dekabr 2024

Əhmədbəyli-Füzuli-Şuşa yolunda 3 viaduk və 3 tunelin tikintisi üzrə əsas işlər yekunlaşıb

Başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları birləşdirən 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir.

Media1.az xəbər verir ki, layihə üzrə yolun son 7 km-lik hissəsində 3 viaduk (dərə üzərində körpü) və 3 tunelin tikintisi üzrə əsas işlər yekunlaşıb. Hazırda həm viaduklarda həm də tunellərdə son tamamlanma işləri icra olunur. Viadukların tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib.

Sözügedən 3 viaduk (şərti – V6, V7 və V8 viadukları) Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 78.7-79.7-ci km-lik hissəsində inşa olunub. V6 viadukun ortalama uzunluğu 345 metr (sol-300 m, sağ-390 m), V7 viadukun ortalama uzunluğu 182.5 metr (sol-175 m, sağ-190 m), V8 viadukun ortalama uzunluğu 392.5 metrdir (sol-410 m, sağ-375 m).

Tikintisi yekunlaşan 3 tunel isə (şərti – T4, T5 və T6 tunelləri) yolun 77.4-80.3-cü km-lik hissəsində inşa olunub. T4 tunelinin ortalama uzunluğu 540 metr (sol-570 m, sağ-510 m), T5 tunelinin ortalama uzunluğu 455 metr (sol-431 m, sağ-476 m), T6 tunelinin ortalama uzunluğu 513 metrdir (sol-526 m, sağ-500 m).

Layihə üzrə yolun sözügedən hissəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 4 dairəvi suötürücü boru, 10 düzbucaqlı su keçidi, 1 alt keçid və 3 ehtiyat keçidi inşa edilib.

“İnşaat Norma və Qaydaları”na uyğun layihə çərçivəsində yol oxunun keçdiyi qazma hissələrdə yamacın dayanıqlığının saxlanılması üçün ümumi uzunluğu 6150 metr olan daş və geodivarın, həmçinin və drenaj kanallar üçün ümumi uzunluğu 12210 metr beton küvetlərin tikintisi, aşınma layına qədər asfakt-beton örtüyünün döşənməsi işləri də yekunlaşıb.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun digər hissələri üzrə tikinti işləri tərtib olunmuş qrafikə uyğun sürətlə və keyfiyyətlə davam etdirilir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.