Ulu öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi
Hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bu günü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur. Ümummilli liderimiz həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyirdi. Dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlam düşüncəli gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xüsusi əhəmiyyət verirdi. Ulu öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa müddətdə dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlamışdır.
Ümummilli liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. Forumlarda ulu öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Ümummilli lider Heydər Əliyev I Forumdan sonra gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü – fevralın 2-ni Azərbaycan Gəncləri günü elan etmişdir.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, onların fəaliyyətlərinin təşkili üçün sağlam mühit formalaşdılmış və hüquqi baza təkmilləşdirilmişdir. Hazırda yüzlərlə Azərbaycan gəncləri dünyanın ən inkişaf etmiş ölkələrində təhsil alır, ən müasir elmi texniki sahələrdə biliklərə yiyələnir və sonra öz doğma vətənlərinə qayıdaraq ən müxtəlif sahələrda çalışırlar. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu gənclər siyasəti nəticəsində bu gün Azərbaycan gəncləri ölkəmizdə ən aparıcı qüvvəyə çevrilib. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsində gənclərimiz yüksək fəallıq nümayış etdirirlər.
“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Ulu öndər Heydər Əliyevin bu fikri bu gündə aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.
Bugünki Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır.
Nəsimi Hacıyev
YAP Ağstafa rayon təşkilatı “RİH Aparatı” Ərazi Partiya Təşkilatının sədr müavini