28 Mart 2024

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkəmizin tarixində yeni səhifə açdı. Bütün sahələrdə aparılan islahatlar, yeniliklər dövlətimizin möhkəmlənməsində, ictimai-siyasi sabitliyin təminatında mühüm rol oynadı. Ulu öndərin əsasını qoyduğu siyasi kurs ölkəmizin varlığını qorudu, gələcəyini təminat altına aldı.

1990-92-ci illər ölkəmizin həyatında olduqca böyük imtahan sayıla bilər. O baxımdan ki, sovet hakimiyyətinin dağılması və hakimiyyətə yiyələnmiş bir qrup səriştəsiz insanın “sayəsində” ölkədə özbaşınalıq, xaos yaranmışdı. Bunun nəticəsi olaraq ölkənin, millətin gələcəyi sayılan gənclər də bir sıra mənfi xarakterli meyillərə yönəlməyə başladılar. Yaranan silahlı dəstələrdə yer alan gənclər daha ziyanlı vərdişlərə yönləndirildi. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin yenidən Azərbaycan Respublikasının rəhbərliyinə gəlməsi ilə gənclərin ziyanlı vərdişlərdən çəkindirilməsi və gələcəyimizin qaranlıq uçuruma yuvarlanmaması üçün dövlət səviyyəsində addımlar atıldı, gənclər siyasəti müəyyənləşdirildi.

1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması bu istiqamətdə görüləcək tədbirlərin başlanğıcı idi. 1996, 1999 və 2003-cü illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsi, bura xaricdə yaşayan həmvətənlərimizin də dəvət olunması bu istiqamətdə mühüm siyasi dönüş yaratdı. 1997-ci il fevralın 1-də ümummilli lider Heydər Əliyev 2 fevral tarixinin Azərbaycan Gəncləri günü elan edilməsi haqqında Sərəncam imzaladı. Bu Sərəncama uyğun olaraq, hər il fevralın 2-si ölkəmizdə Gənclər günü kimi qeyd olunur. 1999-cu ilin iyulunda Ulu öndər tərəfindən “Dövlət gənclər siyasəti haqqında” Fərman imzalandı. Fərmana uyğun olaraq təsdiqlənmiş tədbirlər planında gənclər siyasətinin bütün istiqamətləri öz əksini tapdı. Gənclərin hərtərəfli inkişafını təmin etmək, onların problemlərinin həlli, hüquqlarının müdafiəsi sahəsində daha ciddi tədbirlər görmək, həyata keçiriləcək gənclər siyasətini tənzimləmək məqsədilə hazırlanmış “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il tarixli Fərmanla qüvvəyə mindi.

Ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən inamla və ardıcıllıqla həyata keçirilir. Son illərdə Bakıda, Gəncədə, Şəkidə, Bərdədə, Lənkəranda, Qubada, Şamaxıda, Qazaxda, Masallıda və digər rayonlarda dünya standartlarına uyğun olimpiya kompleksləri tikilib istifadəyə verilib, 2005-ci və 2008-ci illərdə Bakıda Azərbaycan gənclərinin forumları təşkil edilib. Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)”na əsasən xarici ölkələrə təhsil almağa göndərilən gənclərin sayı artırılıb. Dövlət başçısının 2007-ci ildə imzaladığı “2007-ci ilin “Gənclər ili” elan edilməsi haqqında” Sərəncamı dünya azərbaycanlılarının hər birinin ailəsində böyüyən gənc üçün, ilk növbədə, cəmiyyətin inkişafı, xalqın elmi-texniki, ziyalı potensialının yüksəlməsi, tərəqqisi üçün münbit şərait yaratdı.

Son illər Azərbaycanda gedən hüquqi-demokratik dövlət quruculuğu prosesində gənclərin fəallığı xeyli artıb. Azərbaycan gəncləri bu gün cəmiyyətin inkişafında aparıcı sosial təbəqə kimi fəal iştirak edir. Onlar ən mötəbər kürsülərdən öz sözünü demək imkanı qazanıb. Bunun əsasında isə bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti dayanır.

ümummilli lider Heydər Əliyev hər zaman gənclərin dövlətin inkişafındakı xüsusi yerini vurğulayıb. Ulu öndər Gənclər günü münasibətilə 2001-ci ildə fevralın 2-də keçirilən toplantıda bildirmişdi ki, Azərbaycan gəncliyi son illərdə xeyli inkişaf edibdir: “XX əsrdə də hər mərhələdə gənclər öz üzərinə böyük yüklər götürmüşlər. Xalqımızla ağır, çətin yollardan keçmişlər, irəlidə getmişlər. İtkilər də, faciələr də, məhrumiyyətlər də, nailiyyətlər də olubdur. Bütün bu mürəkkəb əsr ərzində Azərbaycan xalqı şərəfli bir yol keçibdir. Nəsillər nəsilləri əvəz edibdir. Nəsillərdən nəsillərə varislik qırılmayıbdır. Bunların hamısının nəticəsində demək olar ki, bəşər tarixində ən mürəkkəb, ziddiyyətli olan XX əsrdə Azərbaycan xalqı yaşayıb, inkişaf edib və bugünkü zirvələrə gəlib çatıbdır.

Gənclər çox şeyi bilməlidirlər. Birinci növbədə hər bir gənc vətənpərvər olmalıdır. İndi, Azərbaycan müstəqil dövlət kimi yaşadığı zamanda vətənpərvərlik hər bir insanın, xüsusən, hər bir gəncin ən ümdə borcu, vəzifəsidir. Ancaq vətənpərvərlik, gərək, insanın qəlbində olsun. Borc o demək deyildir ki, vətənpərvərlik tələb edirsən, o da vətənpərvər olur. Yox. Mən bunu deyərkən bildirmək istəyirəm ki, bütün təhsil ocaqlarında, gənclərlə məşğul olan bütün təşkilatlarda vətənpərvərlik hissinin aşılanması, vətənpərvərlik hissinin hər bir gəncin qəlbində olması üçün lazımi tədbirlər görmək lazımdır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclərin inkişafında mühüm rola malik ümummilli lider Heydər Əliyev siyasi kursunu davam etdirir. Bakıda Azərbaycan gənclərinin IV forumunun yekun toplantısında çıxış edən Prezident İlham Əliyev Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında çox fəal iştirak etdiklərini bildirib. ölkə başçısı hər zaman gəncləri irəliyə doğru addımlamağa çağırıb: “Mən hesab edirəm ki, gənclər irəliyə daha da inamla getməlidirlər, müvafiq dövlət, hökumət orqanlarında gənclərə böyük yer ayrılmalıdır, onlara inam olmalıdır. çünki bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir. Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın bütün idarəetmə sistemində əsas rol oynayacaqlar. Ona görə gəncləri inamla qabağa çəkmək lazımdır, məsul vəzifələrə təyin etmək lazımdır ki, onlar işləsinlər, gözəl təcrübə əldə etsinlər və beləliklə, gələcək fəaliyyət üçün hazır olsunlar”.

Arxaya çevrilib ən yeni tariximizə nəzər saldıqda görürük ki, gənclər siyasəti ilə bağlı Ulu öndərin qoyduğu yol bu gün çox uğurla davam etdirilir”.

Musa Mursaquliyev Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru