Putin yeni hücuma hazırlaşır – NATO-dan Ukrayna ilə bağlı ÇAĞIRIŞ
NATO-nun baş katibi Yens Stoltenberq Almaniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin müdafiə naziri Boris Pistorius ilə birgə mətbuat konfransı keçirib.
Musavat.com xəbər verir ki, Ukraynaya verdiyi dəstəyə görə Almaniyaya təşəkkür edən Stoltenberq tanklarla bağlı açıqlama verib.
O bildirib ki, müttəfiqlər arasında məsləhətləşmələr davam edəcək və tezliklə həll yolu tapılacaq.
NATO-nun baş katibi Almaniyanın Ukraynaya ən çox hərbi, maliyyə və humanitar yardım göndərən ölkələrdən biri olduğunu vurğulayıb: “Almaniyadan gələn silahlar Ukraynada hər gün həyat xilas edir”.
Stoltenberq Rusiya prezidenti Vladimir Putinin yeni hücumlar planlaşdırdığını bildirib və Rusiyanın döyüş meydanında qalib gəlməsinin qarşısını almaqla davamlı sülhün əldə edilə biləcəyini deyib.
Baş katib Almaniyanın müdafiə naziri Pistorius ilə tank məsələsini də müzakirə etdiyini bildirib: “Müharibənin bu mühüm anında Ukraynaya daha ağır və daha inkişaf etmiş sistemlər verməliyik və bunu daha sürətlə etməliyik. Mən nazir Pistorius ilə döyüş tankları ilə bağlı görüşü müsbət qiymətləndirirəm. Müttəfiqlər arasında məsləhətləşmələr davam edəcək. Əminəm ki, tezliklə həllə nail olacağıq”.