Qarda maşın sürə bilmirsənsə…
Bircə o qalıb ki, yol polisləri sovet dövrü toylarının məşhur “Sürücü” mahnısını avtomobillərinin pleyerində oxuda-oxuda şəhərdə dövrə vursunlar: “Asta sür maşını, amandı, sürücü”.
O vaxtlar ölkədə avtomobillərin sayı indikindən 10 qat az idi, hər kənddə, məhəllədə 15 -20 maşın olardı, ya olmazdı, amma yenə də qəzalar olurdu. (Hətta deyilənə görə, 100-110 il əvvəl Bakıda cəmi iki avtomobil olub və onlar bir gün “Kubinka” tərəfdə toqquşublar).
Sadəcə, köhnə vaxtlarda avtomobil qəzaları indikindən 10 qat az baş verirdi. Hazırda isə vəziyyət kritikdir. Qırx yaz, qırx bir yaz, yüz de, yüz bir de, təfavütü yoxdur, hər gün ağır, faciəvi qəzalar baş verir.
Budur, ölkəyə 3-5 (bəzi yerlərdə 10-15) santimetr qar yağıb, yollar nəqliyyatın hərəkəti üçün əlverişsiz olub, ehtiyatlı olmaq zəruriləşib. Allah tərəfi, paytaxt sürücülərinin üçdə biri (bəlkə də yarısı) şəxsi avtomobildən istifadəni məhdudlaşdırıb, yerdə qalanlar isə sürməkdə davam edirlər.
Məsələ ondadır ki, bizdə qarda maşın sürmək təcrübəsi yoxdur. Evdə bişməyib, qonşudan gəlməyib. Hərçənd vaxtilə Rusiyada, Ukraynada, Qazaxıstanda yaşamış, orada qış uzunu maşını sürmüş, sonradan ana vətənə qayıtmış adamlar var, onlar qarda maşın sürə bilirlər. İntəhası, onların sayı azdır.
Ona görə də dünən səhər saatlarında sürüşərək bir-birinə dəyən avtomobillər çox idi. Həvəskar operatorlar bir-birinə dəyən maşınların videosunu çəkib sosial şəbəkələrdə paylaşırdılar. Başqa vaxt deyirlər, qəza “gəlirəm” deməz. Amma bunlar elə qəzalar idi ki, 10 saniyə əvvəldən, dikdirin təpəsindən sürüşə-sürüşə “gəlirəm” deyirdi, qabağından qaçan qaçır, sürüb aradan çıxa bilməyən qalırdı və 5-10 saniyədən sonra danq-dunq səsi gəlirdi. Sonra belə yerdə adətən insan səsləri ucalır: “Ala, neynədin?” “Neynim e, sürüşdü də, saxlaya bilmədim”. “Qarda sürə bilmirsən, yola çıxma də”. “Sən qarda sürə bilirsənsə, çəkəydin də qırağa”. Daha sonra söhbətə kənar müşahidəçilər sülhyaradıçı missiya ilə qarışır: “Şükür edin ki, salamatçılıqdır”. “Bir şey deyil, əşi, yüngülvari buferlər əzilib”. “Sığortanız olmamış olmaz, çağırın gəlsin” və s.
Bir də təsəvvür edin ki, bu səhər Abşeron rayonunun ərazisində olduğu kimi, 12 maşın bir-birinə çırpılsın. 12 sürücünün hərəsinin yanında da bir sərnişin varsa, 24 nəfərin eyni zamanda hirsli-hirsli bağırışmasını da təsəvvür edin.
Belə hadisələr adətən ABŞ-ın şimal rayonlarında, Kanadada, Norveçdə-filanda olur. Orada 120 maşının bir-birinə dəydiyi də olub. Videolar var. Sahənin biliciləri bunun adına zəncirvari qəza deyirlər. Əvvəlcə iki maşın bir-birinə dəyir, sonra arxadan gələnlər ha tormozlayır, xeyri olmur, sürüşüb gəlir, zərərçəkənlərin zəncirində növbəti halqa olurlar.
Bizdə isə ilin 364 günü yol quru, buzsuz olduğu üçün elə haqq-hesablar baş vermir, cəmi bir günü də salam-səfa ilə ötüşdürə bilsək, yollarda ötüşməsək, heç o da olmaz.
Bilən adamlar deyirlər ki, təkərlərə zəncir bağlanmalıdır, amma heç kəs gedib təkər zənciri almır, düşüncə belədir ki, hava cəmi bir gün qarlı olacaq, zəncir nəyə lazımdır. Amma təcrübə göstərir ki, əgər sən həmin o bir günü qaxılıb evində oturmursansa, işə ictimai nəqliyyatla getmirsənsə, təkərinə zəncir taxmırsansa, zəncirvari qəzaya düşürsən və ara yerdə bufer ustalarını sevindirir, sığorta şirkətlərinin qanını qaraldırsan.
Əvvəl-axır o sığorta şirkətləri avtomobillər sığortalayarkən sürücülərin dilindən qarlı havada maşın sürməməyə dair iltizam alacaqlar, ya da müqəddəs kitaba əl basdırıb and içdirəcəklər.
Qarlı havalarda durduq yerdə xərcə-borca düşməkdən qaçmağın yolu isə çox sadədir: qarda maşın sürmək təcrübəniz yoxdursa, sükan arxasına keçməyin. Yox, dirəşmisinizsə ki, nə olur-olsun, bu gün işə öz maşınımla gedəcəm, o yol, o da siz, oturun, gedin. Şansınız gətirsə, danq-dunq səsi eşitməzssiniz, gətirməsə, maşın düzəldən dəmirçilərin yanında o səsə daha çox qulaq verməli olacaqsınız.