18 Oktyabr 2024

Babanın Vətənə sevgi borcu

Şanlı tariximizin unudulmaz səhifəsinə çevrilən 44 günlük Vətən müharibəsində qazanılan qələbə qəhrəman Vətən övladların qanı, canı bahasına əldə olundu. Astara rayonunun Ərçivan qəsəbəsində dünyaya göz açan Baba Əhməd oğlu Qasımov da haqq savaşımızda erməni dığalara qarşı döyüşdə misilsiz şücaət göstərərək ömrünün 31-ci ilində şəhidlik zirvəsinə ucalıb.

Vətən sevgisi, torpağa bağlılıq ana südü ilə birgə keçmişdi Babanın qanına. Odur ki, həyata dərk edən gündən müqəddəsliyinə tapınmış doğma Azərbaycanının ayrılmaz hissəsi olan Qarabağda erməni işğalçıların vəhşi hərəkətlərini heç cür vicdanına sığışdıra bilmirdi. Qəlbində düşmənə sonsuz nifrət gəzdirən Baba əsgər yaşına çatıb ordu sıralarına yola düşəndə əsas amalı məqamı gələndə dığalardan Vətənin, millətin qisasını layiqincə almaq olur…

Əsgər Baba o dövrün ən qaynar bölgəsində əlinə silah alıb adına can dediyi Azərbaycanın keşiyini çəkir. Ləyaqətli xidməti, mərdliyi, Vətənə sədaqəti onu əsgərlərin, komandirlərin yanında üzüağ edir. Təlimlərdə göstərdiyi fəallığı nümunə olur. Baba müqəddəs əsgəri borcunu başa vurub doğma kəndinə qayıdır. Amma Vətən torpaqlarının erməni dığaların tapdağında olduğu bir vaxtda heç cür evdə qərar tuta bilmir. Yerini cəbhə bölgəsində görən Baba yenidən hərbi xidmətə yollanır. Və gizir rütbəsində yağıdan alacağı qisas gününə hazırlaşır.

Baba 2016-ci ilin Aprel döyüşlərində yağıya qan qusdurur. Belə ki, ölüm-dirim savaşında çoxlu sayda erməni yaraqlısını məhv edir. Azad olunmuş Lələ-təpədə Azərbaycanının qələbə bayrağı dalğalananda hamıda çox sevinən Baba olur. Həm də göstərdiyi igidliyə görə komandirləri tərəfində “Canavar” ləqəbini alır.

Baba Qasımov adəti üzrə təlimlər zamanı xüsusi peşəkarlıq göstərir, gördüyü işlərlə yalnız özünə hörmət qazandırir. Bir müddət sonra Xüsusi Təyinatlı Qüvvələrində xidmətə keçir. Vətən müharibəsi başlayanda kəşfiyyatçı kimi odun-alovun içinə atılır. Füzulinin, Qubadlının, Xocavəndin azadlığı uğrunda gedən ağır müharibələrdə rəşadət nümunəsi göstərir, düşmənə ciddi itkilər verir. 30 ilə yaxın işğalda olan Azərbaycan torpaqlarında bayrağımız ucaldıqca “Bu günü görmək üçün yaşamışam mən. Bundan sonra ölsəm də olar”,- kəlmələri Babanın dilindən düşmür. Vətən, torpaq uğrunda hər an canından keçməyə hazır olan qəhrəman 2020-ci il oktyabrın 20-də Qubadlıda gedən gərgin döyüşlərdə şəhadətə qovuşur.

Şərəfli ölümü bütün xalqı üçün başucalığı olan Baba dövlət tərəfindən “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenə, “Vətən uğrunda”, Füzulinin, Qubadlının, Xocavəndin azad olmasına görə medallara layiq görülür.

Vətənə sevdalanıb, ömrünü ona verən Baba kimi mərd insanlar heç zaman unudulmur. Cismən aramızda olmasalar da, mənən qəlblərdə yaşayır, qərinələr boyunca böyük ehtiramla xatırlanırlar…

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü