Yaqub Vəliyev: Azərbaycan- Türkmənistan dostluğu möhkəmlənir
Prezident İlham Əliyevin cari ilin 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə çıxışı ilə əlaqədar demək olar ki, son illər, xüsusilə Vətən müharibəsi nəticəsində ərazilərini işğaldan azad etdikdən sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yüksək dinamika müşahidə olunur. Hazırda Azərbaycanın Mərkəzi Asiya, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir və strateji səviyyəyə yüksəlir. Bu il Türkmənistan Prezidentinin Azərbaycana, dövlətimizin başçısı İlham Əliyevin isə Aşqabada səfərləri, həmin səfərlər zamanı aparılan müzakirələr və əldə olunmuş razılaşmalar əlaqələrimizin gələcək istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır. Azərbaycan və Türkmənistan SSRİ-nin tərkibində müttəfiq respublikalar olub. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb. Hər iki ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə ortaq irsə əsaslanan Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər. Azərbaycanla Türkmənistan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərin qarşılıqlı fəaliyyətidir. İki ölkə beynəlxalq parlament təşkilatlarında da bir-birinə dəstək verir, uğurlu əməkdaşlıq həyata keçirir.
Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub. 1999-cu ilin iyununda Türkmənistanın Bakıda, üç il sonra – 2002-ci ilin oktyabrında isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb.
Son dövrlərdə iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri intensiv xarakter alıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu səfərinin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artması bunu bir daha təsdiqləyir. İndiyədək Azərbaycanla Türkmənistan arasında müxtəlif istiqamətləri əhatə edən 45 sənədin imzalanması ölkələrimizin əlaqələrinin dinamikasına geniş hüquqi əsaslar yaradır. Həmçinin “Bakı (Azərbaycan Respublikası) və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsilə beynəlxalq birbaşa dəmir yolu-bərə əlaqələrində yüklərin daşınmasının təşkili, yük vaqonlarının və konteynerlərin istismarı, nömrələr üzrə uçotu və onlardan istifadəyə görə hesablaşmalar haqqında Saziş”ə əlavə və dəyişikliklər edilməsi barədə Protokol, “Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Türkmənistanın Maliyyə Nazirliyi arasında vergi orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair Memorandum”, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Türkmənistanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında Anlaşma Memorandumu” və digər mühüm sənədlər imzalanmışdır. Ölkələrimiz arasında müxtəlif sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, dost və qardaş ölkələr olan Azərbaycan və Türkmənistan indiyədək əldə olunan dinamikanı bundan sonra da artıracaq və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirəcəklər. Həmçinin qeyd etmək lazımdır ki, işğaldan azad edilən ərazilərimizdə nəqliyyat infrastrukturunun bərpası, eyni zamanda Zəngəzur dəhlizinin açılması Şərq-Qərb marşrutu üzrə Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında nəqliyyat sisteminin şaxələndirilməsi istiqamətində də yeni imkanlar yaradacaq. Ümumilikdə bu zirvə görüşü Azərbaycan-Türkiyə -Türkmənistan arasında ticarət, enerji, nəqliyyat sahələrində yeni addımların atılmasına şərait yarada bilər.
Yaqub Vəliyev – Bərdə rayon Heydər Əliyev Mərkəzinin ekskursiyaçısı