Bıçaqlaşma cinayətləri ifrat həddə – azaltmaq üçün nə etməli…
Mübahisədə bıçaqdan istifadə heç də hünər deyil; “Bu, əsasən ailələrdə uşaqlara düzgün tərbiyə verilməməsindən qaynaqlanır”
Ölkədə bıçaqla törədilən cinayətlərin sayı çoxalıb. İstər ailədaxili münaqişələr zamanı, istərsə də vətəndaşlar arasında düşən mübahisələrdə insanların bir çoxu dərhal bıçağa əl atır. Bıçaqla vurmaq bir adət halını alır və bu çox təhlükəli hala doğru gedir. Gənclərin əksəri üzərində bıçaq gəzdirir.
Hətta iş o yerə çatıb ki, bir zamanlar idmançının soyuq silaha əl atması qəbahət sayıldığı halda, indi idmançı nəinki küçədə yaxalaşdığını, zalda öz idmançı yoldaşını da bıçaqla vurub öldürür. Bir neçə gün öncə Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən idman arenasındakı idman zallarından birində baş verən hadisə buna sübutdur.Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmova 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirib. Kamera görüntülərindən də belə aydın olur ki, Turan Rüstəmov məşq edən zaman həmin zalda məşq edən Ruslan Səfixanov ona yaxınlaşır və bıçaqla ona zərbələr endirir. Aldığı xəsarətlərdən Turan Rüstəmov dünyasını dəyişib. Daha bir hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb. Naməlum şəxs rayon sakinləri – 1939-cu il təvəllüdlü Elbrus Muradova, həyat yoldaşı – 1945-ci il təvəllüdlü Şahirə Muradovaya, oğlu – 1971-cil il təvəllüdlü Rahil Muradova və nəvəsi – 1997-ci il təvəllüdlü Elbrus Ağalarova bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. Yaralananlardan daha bir nəfər – 1971-ci il təvəllüdlü Rahil Muradov tibbi müdaxilələrə baxmayaraq xəstəxanada ölüb. Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.
Bakının Sabunçu rayonunda da bıçaqlanma hadisəsi baş verib. Bakıxanov qəsəbəsində 1983-cü il təvəllüdlü Şahid Səxavət oğlu Kərimov mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Xaçmaz rayonunda da bıçaqlanma baş verib. Rayon sakini 1975-ci il təvəllüdlü İmran Osman oğlu Osmanov tanıdığı şəxslə mübahisə zamanı bıçaq xəsarəti alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Faktların sayını artırmaq da olar.
İnsanların dava etməsi qaçılmazdır. Bu hər zaman olub və olacaq. Mübahisədə bıçaqdan istifadə isə heç də hünər deyil. Bıçaq gəzdirənlərin hər an qatilə çevrilə biləcəyini, özünün və başqasının həyatını puç etməyə səbəb olacağını şüurlara yeritmək üçün hansı yöndə, kimlər tərəfindən maarifləndirilmə işləri aparlmalıdır? Qanunla cibdə bıçaq gəzdirmək cinayət məsuiliyyəti yaradarsa, bıçaqlaşma cinayətlərinin sayını azaltmaq olarmı?
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, baş verən bıçaqlanma hadisələrinin kökündə insanların psixoloji gərginlik içində olmasının xüsusi rolu var: “Araşdırılsa, aydın olur ki, belə cinayətlərin başında elə də ciddi səbəblər dayanmır. Adi bir məsələyə olduqca aqressiv, kəskin reaksiya verilməsi, bir ehtiyatsız sözün aşağılayıcı tonda qarşılıqla cavablandırılması son nəticədə tərəflərin həyatını alt-üst edir. Halbuki həmin münasibətləri daha sivil şəkildə yoluna qoymaq mümkündür. Öldürməmək, bıçağa əl atmamaq üçün həmişə imkan var. Ən çətin, həlli mümkünsüz görünən situasiyadan mütləq və mütləq şəkildə bir çıxış yolu var. Bıçağa əl atmaq acizlik, tərbiyə problemidir.
Əvvəllər belə məsələlər böyükləri vasitəsilə həll edilirdi. Ancaq son illər böyük-kiçik münasibətləri, ictimai qınaq məhv olmuş səviyyədədir. Belə cinayətləri qarşısının alınmamasının kökündə də dayanan səbəb budur. Ən acınacaqlısı isə belə cinayətlərin xüsusi amansızlıqla həyata keçirilməsidir. Cəmiyyətdə ümumi aqressiya mühiti var. İnsanlar özünəinamı itiriblər”.
Hüquqşünas deyir ki, baş verənlərdə valideynlərin də məsuliyyət məsələsi var: “Yetkinlik yaşına çatmayan şəxslərin törətdikləri cinayətlərdə valideynlərin məsuliyyət məsələsi var. Cinayət hüquq sahəsində yetkinlik yaşına çatmayan şəxs törətdiyi hüquq pozuntusu üçün şəxsən məsuliyyət daşıyır. Yəni burada valideynlərin onların əvəzinə məsuliyyət daşıması istisna edilir. Mülki hüquqda isə bu məsələ bir qədər fərqli tənzimlənir. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Əgər 14 yaşından 18 yaşınadək olan və himayəçiliyə ehtiyac duyan yetkinlik yaşına çatmayan uşaq müvafiq sosial xidmət müəssisəsində, qanuna görə onun himayəçisi olan digər oxşar müəssisədə olmuşdursa, həmin müəssisə zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, zərərin hamısını və ya çatışmayan hissəsini ödəməyə borcludur. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etməyə görə məhkum edilmiş yetkinlik yaşına çatmayan tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cəzadan azad oluna bilər. Yetkinlik yaşına çatmayan şəxs onun cinayət məsuliyyətinə cəlb olunmasına imkan verən yaşa çatdıqda, lakin öz hərəkətinin (hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və yaxud da onları idarəetmək qabiliyyətini məhdudlaşdıran psixi pozuntu ilə əlaqədar olmayan psixi inkişafdan geri qaldıqda, o, cinayət məsuliyyətinə cəlb edilməyə bilər”.
Natiq Ələsgərov deyir ki, cəza mexanizmini sərtləşdirmək, cibdə bıçaq gəzdirməyə görə məsuliyyət məsələsini həll etmək cinayət hadisələrinin qarşısını ala bilməz: “Mübahisəli vəziyyətlərin yaranması, yeniyetmələrin bıçağa əl atması kimi xoşagəlməz hallar əsasən ailələrdə uşaqlara düzgün tərbiyə verilməməsindən qaynaqlanır. Uzun müddət öncə Rusiya Dumasına aparıcı hüquq institutlarının 200-dən çox alimi müraciət etmişdi ki, belə cinayət hadisələrinin qarşısının alınması üçün ölüm hökmü qaytarılsın. Ancaq bu, praktik cəhətdən düzgün metod deyil. Belə halların qarşısının alınması üçün məktəbdən başlamaq lazımdır. Şagirdlərə mübahisələrin sivil yolla, danışıqla çözülməsi aşılanmalıdır. Cəmiyyətin bu problemdən qurtulma yolu düzgün tərbiyələndirmədir. Orta məktəblərdə psixoloji iş gücləndirilməlidir. Elə uşaqlar var ki, onlarla evdə valideynləri də bacara bilmir. İndi doğulan uşaqların psixoloji rahatsızlıqları daha çoxdur. Gündən-günə psixoloji pozuntular artır. Eyni zamanda müəllimlərin fərdi psixoloji problemləri də mövcuddur. Məktəblərlə valideynlər arasında əlaqələr gücləndirilməlidir. Təhsil qurumlarında idarəetmə ilə bağlı çox ciddi problemlər var. Son illərdə təhsillə əlaqəsi olmayan, yaxud da heç bir təcrübəsi olmayan insanların təhsilin idarəetmə strukturlarına gətirilməsi öz nəticəsini göstərməkdədir. Bu gün baş verən hadisələr nəticədir, səbəb deyil. Belə hallar ailələrdə olan tərbiyə sistemi kimi mövzulardan qaynaqlanır”.