22 Noyabr 2024

Tarixi Qələbəmizə “Laçın Zəfəri” yazılan gün

Məğrur diyarımız, azadlığın mübarək!

Qartal olub göylərində uçum mən,
Bulaq olub gözlərindən süzüləm,
Yağış olub torpağına süzüləm,
Yaxıb yandıran Laçınım mənim.

Qarabağ silsiləsinin yamyaşıl, atlas geyimli yamacları, meşə və ormanları ilə Zəngəzur dağları ahəngində özünə yurd salan  qartallar oylağı, igidlər məskəni, gözəlliyi ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan  füsunkar Laçın… Ana təbiət bu diyarın gözəlliyi üçün heç nəyi əsirgəməyib. Burada təbiətin min bir rəngi adamı ovsunlayır, ruha can verən gözəllikdən göz doymur, baxdıqca baxmaq istəyirsən. Laçın təbiətin yaratdığı canlı muzey, gözəlliklər məskəni, dağlar diyarıdır.

Düşmənlərimizin əsrlər boyu xalqımıza, torpaqlarımıza, tarixi, dini-mənəvi abidələrimizə və təbiətimizə qarşı törətdikləri vandallıq Laçından da yan keçmədi. 1992-ci il mayın 18-də erməni hərbi birləşmələri 1835 kvadratkilometr ərazisi olan Laçın rayonunu – bir şəhər, bir qəsəbə, 125 kəndi işğal edib, bu yerlərin 60 min nəfərə yaxın sakinini öz doğma torpağından didərgin saldılar. Müharibə zamanı 267 nəfər laçınlı şəhid oldu, 66 nəfər girov götürüldü, 120 nəfər sağlamlığını itirdi, yüzlərlə uşaq yetim qaldı. Tarixi torpaqlarımızı 30 il işğal altında saxlayan ermənilər digər ərazilərimizdə olduğu kimi, Laçında da vandalizm əməllərinə əl ataraq rayonu xarabazarlığa çeviriblər, Azərbaycan xalqına məxsus tarixi, dini, mədəni irsi tamamilə məhv ediblər. Erməni vəhşiləri bu bölgəmizdə də ekoloji terror törədərək çayları, bulaqları qurudublar, ağacları kəsiblər, yanğınlar törədiblər, bir sözlə, bir həyat nişanəsinin belə qalmamasına çalışıblar. Bununla belə, Laçın işğal olunduqdan sonrakı müddətdə ermənilər hərbi cinayət  törədərək bəzi ərazilərdə – Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşdırma da aparmışdılar. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəydi. İşğaldan sonra 58736 nəfər laçınlı Azərbaycanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşdı.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Qəhrəman Silahlı Qüvvələrimizin əsgər və zabitləri Laçın torpaqlarını əsarətdə saxlayan düşmənin başına od yağdıraraq erməni faşistlərini bu yerlərdən qovdular, polad biləkli oğullarımız Laçında qartal kimi şığıyıb yadellilərin başını əzdilər.

Qeyd edək ki, 26 noyabr 2020-ci ildə “Laçının azadlığına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8395 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olundu.

Laçın laçın vaxtlarına qayıdır

Prezident İlham Əliyevin göstərişi ilə Vətən müharibəsi bitdikdən dərhal sonra qalib Azərbaycan dövləti vandal düşmənin vəhşicəsinə dağıtdığı yurdlarımızı sürətlə dirçəltməyə başladı. Bu gün altı da, üstü də sərvət olan xəzinələr diyarımız həm azadlığının, həm də abadlığının səfasını sürür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad olunmuş Laçın rayonuna 2021-ci ilin 14 fevral və 16 avqust tarixlərində səfər etmələri, eyni zamanda, dövlət başçısının Güləbird kəndində Azərbaycan Bayrağını qaldırması Azərbaycanın Zəfər tarixinin ən önəmli günlərindəndir. Tarixi Zəfərimizdən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir. Görülən işlər və büdcədən ayrılan vəsait göstərir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün böyük siyasi iradə var. Bu gün Laçın istiqamətində dövlət sərhədləri daha da möhkəmləndirilir. Eyni zamanda, Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Rayonun yol-nəqliyyat infrastrukturu yenidən qurulur. Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın aeroportu Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq.  Laçın ərazisində aeroportun tikilməsi Laçın-Kəlbəcər avtomobil yolları şəbəkəsinin də müasirləşməsinə şərait yaradacaq.

Laçının yenidən qurulmasına xüsusi önəm verən Prezident İlham Əliyevin 22 sentyabr 2022-ci il tarixində “Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Elm və Təhsil Nazirliyinə ilkin olaraq 800 min manat ayrılıb.

Prezident İlham Əliyevin “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, bu bölgələrin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə  2022-ci il dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 800 min manat ayrılıb.

Prezident İlham Əliyevin cari ilin sentyabrın 21-də Laçına səfəri bir çox tarixi məqamları ilə yadda qaldı. Bu səfər dövlət rəhbərimizin Vətən müharibəsindəki Qələbəmizdən sonra Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq-bərpa işlərini, eləcə də regionda yaranmış yeni reallıqlar fonunda baş verən prosesləri tam nəzarətdə saxladığını, yüksək əzmkarlıqla idarə etdiyini bir daha göstərdi. Dövlət başçısı səfər zamanı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə tanış oldu, “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etdi və Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçiriləcək və bütün keçmiş məcburi köçkünlər o cümlədən Laçın rayonunun sakinləri tezliklə öz doğma yurdlarına qayıdacaqlar.

Göründüyü kimi, Laçında həyata keçirilən bərpa-quruculuq işlərinin miqyası genişdir. Soydaşlarımız üçün yüksək həyat şəraitinin yaradılması əsas hədəflərdəndir. Böyük Qayıdış proqramı əsasında görülən işlər bu reallığı təsdiqləyir ki, laçınlılar tez bir zamanda Laçına  qayıdacaq, oranın havasını udub, buz bulaqlarından su içəcək,  o yerləri qarış-qarış gəzəcəklər. İşğaldan azad edilən bütün rayon, şəhər, qəsəbə və kəndlərimiz kimi, Laçın rayonu da böyük sevinc və fərəh hissi ilə Vətənə qayıdan zəhmətsevər laçınlıları qoynuna alaraq, daha da çiçəklənəcək, onların tükənməz Vətən sevgisi və fəal iştirakı ilə yenidən qurularaq dirçələcək.