21 Noyabr 2024

Ermənilər İran dronları ilə bizə problem yarada bilərmi – hərbi ekspertlər deyir ki…

Qərb analitiklərinin fikrincə, İran Ermənistana “Şahed” və “Ababil” PUA-ları, hətta “Mohajer” pilotsuz təyyarələrini sata bilər, Tehran Bakı-İstanbul-Təl-Əviv üçbucağına qarşı…

“Ermənistanın İran PUA-larını alması onun müdafiə qabiliyyətini artıra, Azərbaycan və Türkiyə üçün problemə çevrilə bilər”. “Yeni Müsavat” bildirir ki, bu barədə “Forbes” nəşri yazıb. “Ermənistanın İran pilotsuz təyyarələrini alması onun müdafiəsini gücləndirə bilər. “Şahed” pilotsuz təyyarələrinin yüzlərlə kilometr uzaqlıqdakı hədəfləri vura biləcəyini nəzərə alsaq, onların potensial maneə yaratması realdır. Hazırda regional dron yarışı tam sürətlə gedir və tezliklə ləngiməsi gözlənilmir”.

Bunu isə Hərbi-Dəniz Analizi Mərkəzinin analitiki Samuel Bendett “Forbes”ə müsahibəsində bildirib. Bendett deyib ki, “Şahed-136/1” kimi İran pilotsuz təyyarələrinin Azərbaycan və hətta Türkiyənin özü üçün problem yarada biləcək potensialı nisbətən ucuz, lakin yüksək effektli investisiya hesabına əldə olunub.

Onun sözlərinə görə, İran Ermənistana İranın Yaxın Şərqdəki proksiləri tərəfindən istifadə edilən “Şahed” və “Ababil” kimi pilotsuz təyyarələrin modellərini sata bilər. O qeyd edib ki, “Şahed” PUA-ları Ukraynada da öz imkanlarını nümayiş etdirib və Ermənistanın “Mohajer” pilotsuz təyyarələrini almasını da istisna eləməyib. “Ermənistan Türkiyə-Azərbaycan hərbi müttəfiqliyinin güclənməsini və Rusiyanın Ermənistanı müdafiə etməkdə əvvəlki kimi sadiq olmaya biləcəyini anlamasını kompensasiya etməyə çalışır”, – Bendett söyləyib. Ekspertə görə, İranın da Ermənistana hərbi cəhətdən güclənməsinə kömək etməkdə öz marağı var. “İran da Türkiyə-Azərbaycan müttəfiqliyindən və İsrailin bu ittifaqdakı mövqeyindən narahatdır və növbəti münaqişədə Ermənistanın mümkün dəstəyinə qədər öz iddialarını açıqlayıb. Tehran Dağlıq Qarabağ bölgəsi yaxınlığında hərbi təlimlər keçirdi, göstərdi ki, Zəngəzur dəhlizi onun Ermənistana girişini bağlasa, hərbi gücdən istifadə edə bilər. İran İstanbul-Bakı-Təl-Əviv münasibətlərini kompensasiya etmək üçün öz yolunu axtarır”, – deyə analitik əlavə edib.

“New Lines” İnstitutunun strategiya və innovasiyalar üzrə direktoru Nikolas Heras isə öz növbəsində bildirib ki, İran PUA-ları Ermənistana daha güclü düşmənlərə əhəmiyyətli itkilər vermək imkanını təmin edə bilər. Məqalədə habelə deyilir ki, bundan əvvəl İran general-mayoru Yəhya Rəhim Səfəvi İrandan pilotsuz uçuş aparatları almaq istəyən 22 ölkə arasında Ermənistanın adını çəkib. Bəs “Forbes”ə danışan ekspertlər nə dərəcədə haqlıdır? İran dronları gerçəkdənmi Azərbaycan və hətta qardaş Türkiyəyə başağrısı ola bilər?

Müdafiə Nazirliyi yaxın zamanda müəyyən məlumatlar verəcək” - Üzeyir Cəfərov

Üzeyir Cəfərov

Polkovnik Üzeyir Cəfərovun “Yeni Müsavat”a bildirdiyinə görə, İranın Ermənistanı silahlandırması çox ciddi problemdir: “Artıq İrəvan Tehrandan dron ala bilər yox, bir partiyasını alıb. Bu ətrafa dağılmış alışdırıcı maddənin yanında kibritlə gəzməyə bənzəyir. O dronlar 1000 km məsafəyə uça bilər. Onlar Ukraynada ciddi problem yarada bilir. Ona görə məsələlər getdikcə qəlizləşir. Diplomatik qaydada etirazımızı bildirməliyik. Ermənistanın əldə edəcəyi silahlar hücum silahlarıdır. Nə Türkiyənin, nə Azərbaycanın Ermənistana hücum planı var. Amma İran Ermənistanı hücum silahları ilə təmin edir. İrana heç bir halda imkan verilməməlidir ki, Ermənistanı militaristləşdirsin”.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

Hərbi analitik Ramil Məmmədlinin sözlərinə görə, Azərbaycanın İsraillə olan münasibətlərinin İrana qarşı yönəldildiyi iddiaları, ümumiyyətlə, absurd bir məsələdir: “Bəli, Azərbaycanla İsrail arasında hərbi-texniki sahədə əməkdaşlıq mövcuddur və bu, 2-3 il deyil, uzun illərdir davam edir. 2000-ci illərin əvvəllərindən başlayaraq, Azərbaycanla İsrail arasında hərbi sənaye məhsullarının, müdafiə sənayesi məhsullarının birgə istehsalı, həmçinin Azərbaycan Ordusunun texnikalarının modelləşdirilməsi, əsaslı təmiri istiqamətində də çox ciddi əməkdaşlıqlar mövcuddur. Bu əməkdaşlıqlar Azərbaycanın dövlət müstəqilliyinə, dövlət maraqlarına xidmət edir. Eyni əməkdaşlıq İranla Ermənistan arasında hər zaman mövcud olub. Ermənistan hər zaman İrandan hərbi təyinatlı vasitələrin əldə olunmasını icra edib. Azərbaycan bu məsələ ilə bağlı öz iradlarını bildirib. Çünki Ermənistan işğalçıdır, Azərbaycanın ərazilərini işğal etmişdi. Lakin İsraillə Ermənistan arasında olan münasibətlər tamamilə fərqli bir müstəvidədir”.

Emil SALAMOĞLU