09 Dekabr 2022

Putinin İrəvan səfərindən əvvəl Əliyevə zəngi və ya Bakının israrlı mövqeyi

“İrəliləyişə nail olmaq üçün addım atılmalıdır. Əks təqdirdə, İrəvana da, Moskvaya da bəllidir ki, Azərbaycan güc yoluna əl ata bilər”

İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinə qatılan Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfərdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında 2022-ci il oktyabrın 31-də Soçidə əldə olunmuş razılaşmaların, eləcə də üç ölkənin yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki olaraq icrası məsələləri nəzərdən keçirilib. Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin olunması və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpa edilməsi üzrə üçtərəfli formatda işin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Putinin İrəvan səfərindən əvvəl İlham Əliyevlə müzakirələri haqqında danışan ekspertlər bildirirlər ki, bu, Bakının mövqeyini öyrənməkdir. Politoloqlar hesab edirlər ki, Kreml rəhbəri Ermənistanın Baş naziri ilə görüşdən əvvəl Azərbaycanın mövqeyini bir daha dəqiqləşdirir.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli AYNA-ya deyib ki,  Rusiya vasitəçi olduğunu göstərməyə çalışır: “Ola bilsin ki, Putin İrəvanda Paşinyanla görüşdə razılaşmaların icrasında irəliləyişlə bağlı nəyəsə nail olmaq istəyir. Çünki 2 ildən çoxdur Üçtərəfli Birgə Bəyanat qəbul olunub, ondan sonra Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlərdə razılıqlar olub, amma Ermənistan bunların heç birini yerinə yetirmir. Bu, Rusiyanın, xüsusilə də Putinin nüfuzuna zərbədir. Hesab edirəm ki, Putin Əliyevlə hansısa məsələlərdə Bakının mövqeyini bir daha dəqiqləşdirmək ehtiyacı hiss edib”.

“Azərbaycanın mövqeyi bəllidir. Beş maddədən ibarət sülh paketi təqdim olunub ki, onun əsasında da Bakı yekun sülhün əldə olunmasını istəyir. Bu, dəfələrlə bəyan edilib, yüksək səviyyədə deyilib. Kreml rəhbərinin də bundan məlumatı var. Sonuncu üçtərəfli görüşdən əvvəl Azərbaycan Prezidenti Rusiya Prezidentinə Bakının şərtini konkret çatdırdı. Əminəm ki, Putinlə Əliyev arasındakı telefon danışığında mövqeyimiz bir daha təsdiqlənib”, – deyə analitik vurğulayıb.

Q.Hüseynlinin qənaətincə, bundan sonrakı məsələ Putinin İrəvanda Paşinyanla görüşünün nəticələrinə bağlıdır: “Putin Paşinyandan nələrisə qəti tələb etməlidir. Bunu edəcəkmi, demək çətindir. Amma irəliləyişə nail olmaq üçün addım atılmalıdır. Əks təqdirdə, İrəvana da, Moskvaya da bəllidir ki, Azərbaycan güc yoluna əl ata bilər”.   

Analitik Asif Nerimanlı isə deyib ki, Putinin Paşinyanla görüşdən öncə Əliyevə zəng etməsi Qərbin təşəbbüsünün önünə keçmək istəyən Moskvanın Soçi bəyanatı üzrə irəliləyişə nail olmaq planına hesablanıb: “İstisna deyil ki, Putin bəzi məsələləri Əliyevlə dəqiqləşdirdikdən sonra Paşinyanla müzakirə etmək istədi. Geosiyasi vəziyyətin bölgədə şərtləri müəyyən qədər də olsa dəyişdirdiyi mövcud vəziyyətdə nə sülh sazişi, nə sərhəd, nə də üçtərəfli razılaşmaların digər bəndləri üzrə ortaq mövqe tapmaq çətin görünür, lakin Rusiya vasitəçiliyini “diriltmək” üçün praktikada nəsə etməlidir”.

“Rusların mümkün təşəbbüslərindən biri Soçi bəyanatında qeyd olunan “Rusiyanın köməyi ilə Azərbaycan və Ermənistan arasında ictimai dialoqun yaradılması, etimadı möhkəmləndirmək üçün parlmentlərarası əlaqələrin qurulması” ilə bağlı ola bilər. Noyabrın 17-də Putinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Bakıya səfəri, “etimad mühitinin” yaradılması haqda müzakirələr aparması da buna hesablanmışdı. Şvıdkoy Bakıda olarkən Putin Əliyevə zəng etdi, rəsmi məlumatda iqtisadi əlaqələrin müzakirə edildiyi qeyd olunan telefon söhbətində tərəflərin “Rusiyanın köməyi ilə etimad mühitinin yaradılması” məsələsinə toxunduğu da istisna deyil. Mümkündür ki, bu istiqamətdə addım atmağı planlaşdıran Putin mövqeləri Əliyevlə dəqiqləşdirəndən sonra Paşinyanla da müzakirə etmək niyyətindədir”, – Nərimanlı qeyd edib.

Siyasi şərhçi onu da bildirib ki, Soçidə əldə olunmuş razılaşmaların, eləcə də üç ölkənin yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki olaraq icrası məsələlərinin müzakirə edildiyi telefon söhbətində Əliyevin Qarabağda qanunsuz erməni silahlı dəstələrinin törətdiyi təxribatlara toxunduğu və erməni qoşunlarının çıxarılmasının vacibliyini irəli sürdüyü istisna deyil: “Digər məsələlərin, elə “etimad mühitinin” yaradılmasının da müzakirə edilməsi bundan keçir”.

Müəllif: Anar Bayramoğlu