30 Aprel 2024

Azad olunan ərazilərdə bu şəxslərə böyük güzəştlər verilir

Prezidentin sərəncamının hansı bəndi hələ icra olunmayıb?

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes quracaq şirkətlərə, həmçinin işlərə cəlb olunacaq əcnəbilərə, yerli mütəxəssislərə bir sıra mühüm güzəştlər ediləcək. Bununla bağlı Milli Məclisə bir neçə qanun layihəsi daxil olaraq ilkin müzakirədən keçirilib. Bunlardan birincisi və ən mühümü “Sosial sığorta haqqında” qanuna ediləcək dəyişikliklərə dair qanun layihəsdir.

Layihəyə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının aşağıdakı hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq:

– sığortaedən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının:

– 2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək – 100 faizi miqdarında;

– 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 80 faizi miqdarında;

– 2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək – 60 faizi miqdarında;

-2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək – 40 faizi miqdarında.

– muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunan tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının – 100 faizi.

Məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması hesabatın təqdim edilmə dövrü bitdiyi tarixdən, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” və “Fərqlənmə nişanı” əldə etməklə fəaliyyət göstərən fiziki şəxslər üzrə rüb başa çatdıqdan sonra 30 gün müddətində dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

“Sosial müavinətlər haqqında” qanuna edilən dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə ilkin maddi məişət şəraitinin dəstəklənməsi üçün müavinət müəyyənləşir. Layihədə həmçinin bu müavinətin təyin olunması şərtləri də əksini tapıb. Həmin şərtlərə görə, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət işğaldan azad edilmiş ərazilərdə işləmək üçün ən azı 1 il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda təyin olunacaq. İşğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik müavinətlər müraciətetmə müddətindən asılı olmayaraq təyin ediləcək. Başqa sözlə, azad edilmiş ərazilərdə işləmək üçün azı 1 il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda, ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 2023-cü il yanvarın 1-dən 5 il müddətinə birdəfəlik müavinət müəyyən olunacaq.

İşğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər üçün digər güzəşt Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, xüsusi rütbəli şəxslər istisna olmaqla, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssis peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və işğaldan azad edilmiş ərazilərdə əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxsdir.

İşğaldan azad edilmiş ərazilərdə 5 il müddətində – 1 yanvar 2023-cü ildən 1 yanvar 2028-ci ilədək işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda Əmək Məcəlləsində və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malik olacaqlar:

– mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən hüquqi şəxs olduqda onun Vergi Məcəlləsinə uyğun olaraq uçota alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda;

– mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerləşdikdə;

– mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda;

Yuxarıda qeyd olunan şərtlər pozulduqda güzəştlərin və imtiyazların tətbiqi dayandırılacaq.

Bu mütəxəssislər xüsusi şəraitdə tətbiq edilən əmək haqqı alanlar kateqoriyasına daxil edilir. Başqa sözlə, azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən ediləcək. Eyni zamanda layihəyə əsasən, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin əlavə əmək məzuniyyəti hüququ da müəyyənləşir, onlara əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət veriləcək. Bu mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.

Ölkəmizin potensial imkanları işğaldan azad edilmiş ərazilərin bərpasına və  yenidən qurulmasına səfərbər edilib - AZƏRTAC

İşğaldan azad olunan ərazilərdə işləyəcək xarici vətəndaşlara da güzəştlər olunur. Belə ki, “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyə əsasən, Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 10 gün müddətində 1 il 6 ayadək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1600 manat, 2 ilədək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1800 manat dövlət rüsumu müəyyənləşir. Bu halda 15 gün müddətində 1 il 6 ayadək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1400 manat, 2 ilədək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1600 manat dövlət rüsumunun alınması təklif olunur.

Layihəyə görə, 20 gün müddətində 1 il 6 ayadək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1200 manat, 2 ilədək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1400 manat dövlət rüsumu müəyyənləşir. Bu qeyd olunan müddətlər 2023-cü il yanvarın 1-dən 5 il müddətinə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə 5 iş günü azaldılmaqla tətbiq ediləcək.

Miqrasiya Məcəlləsinə təklif edilən yeni – 69.1-1-ci maddəyə əsasən isə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə iş icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadıla bilər. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər istisna ilə, qüvvədə olan qanunvericiliyə əsasən yenə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ümumi əsaslarla iş icazəsi 1 il müddətinə verilə, onun müddətinin isə hər dəfə 1 ildən çox olmamaq şərtilə uzadıla bilər.

Miqrasiya Məcəlləsinin 51.5-ci maddəsinə görə iş icazəsinin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əmək miqrasiyası kvotası çərçivəsində həyaya keçirilir. Təklif edilən dəyişiklik bu qaydanın Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilməməsini nəzərdə tutur. Təklif edilən dəyişikliklərin 5 il müddətinə – 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədə olması nəzərdə tutulur.

Qeyd edək ki, bu güzəştlər Prezident İlham Əliyevin 2021-ci ilin dekabrında imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamının icrası çərçivəsində hazırlanıb.  Sərəncamda qeyd olunur ki, azad olunmuş ərazilərdə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayacaq: “Sözügedən ərazilərdə zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə, dövlət?özəl sektor tərəfdaşlığı və ən əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın təmin olunması ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə vəhdətdə olan tədbirlərlə dəstəklənməlidir”.

Azad edilmiş ərazilərdə işləyən mütəxəssislər üçün 5 illik güzəştlər -  MÜƏYYƏNLƏŞİR - FED.az

Sərəncamla işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması məqsədilə Nazirlər Kabinetinə 3 ay müddətində işğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi, işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi, müasir bilik və bacarıqlara malik mütəxəssislərin işğaldan azad edilmiş ərazilərə cəlb edilməsi, habelə əmək miqrasiyası kvotasının müəyyən edilməsi və iş icazələrinin verilməsi prosedurunun təkmilləşdirilməsi,  işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı təkliflərini Prezidentə təqdim etmək tapşırılırdı.

Milli Məclisdə birinci oxunuşdan keçən qanun layihələrindən aydın olur ki, sərəncamda qeyd oluna əksər istiqamətlər üzrə müvafiq addımlar atılıb. Yalnız işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi üzrə hələlik qərar qəbul edilməyib. Bu, yəqin ki, ərazilərdə məskunlaşma və istehsal prosesi başlanan dövrədək həyata keçəcək.

İqtisadiyyat şöbəsi,
“Yeni Müsavat”