Azərbaycan bayrağı əzəli, qədim torpaqlarımızda qürurla dalğalanır
![](https://media1.az/wp-content/uploads/2022/11/4-4.jpg)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edir.
Xalqımız hər zaman qədim tarixi, zəngin mədəniyyəti, bütün dünyaya nümunə sayıla biləcək milli və mənəvi dəyərləri ilə qürur duymuşdur. Dövlət rəmzlərimiz də mövcudluq nişanəsi kimi dünyaya xalqımızın inkişaf etdiyini, müstəqil ölkəyə sahib olduğunu bəyan edir. Dövlət atributlarımız dövlətçiliyimizin keçdiyi tarixi inkişaf yolunu əks etdirir, xalqımızın malik olduğu qüdrəti göstərir. Ulularımızdan bizə qalan tarixi irs isə bu gün də müasir Azərbaycanın inkişafında mühüm rol oynayır.
Azərbaycanın müstəqilliyinin müqəddəs simvolu olan Dövlət Bayrağına hörmət və ehtiram, üçrəngli bayrağımıza olan məhəbbət və vətəndaş sevgisi hər bir azərbaycanlının həyat idealına, Vətən qayğısına, millət duyğusuna çevrilmişdir. Ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət rəmzlərinə verdiyi yüksək dəyərin nəticəsidir ki, şanlı tariximizdən gələn milli dəyərlərə hörmət və ehtiram Azərbaycan dövlətinin təməl prinsipləri sırasında xüsusi yeri və mövqeyi ilə seçilir. Ölkə Prezidenti cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” Sərəncam imzalamış, həmin ilin dekabrında Dövlət Bayrağı Meydanının təməli qoyulmuş, 2010-cu il sentyabrın 1-də isə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur.
Bu gün üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə, ən yüksək zirvələrdə dalğalanır. Müzəffər Ordumuzun cəsarəti, peşəkarlığı, Ali Baş Komandanımızın qətiyyətli iradəsi sayəsində ərazi bütövlüyümüz təmin olundu, haqq-ədalət öz yerini tapdı, Tarixi Qələbə qazandıq. İndi əzəmətli Azərbaycan bayrağı əzəli, qədim torpaqlarımızda qürurla dalğalanmaqdadır. Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, qəhrəman oğullarımızın sayəsində ucalan zəfər bayrağımız əbədi dalğalanacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq”.
Emilya Rəhimova
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı