21 Noyabr 2024

DİN Bərdədə əməliyyat keçirib, 27 nəfər saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində, oğurluq əməlləri törətməkdə və qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən ümumulikdə 27 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb ediliblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən ardıcıl tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 23 nəfər tutulub. Onlardan ümumilikdə 7 kiloqramdan artıq müxtəlif adda narkotik tərkibli vasitələr aşkar edilərək götürülüb.

Həmçinin şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə ötən dövrlərdən bağlı qalan oğurluq əməllərinin üstü açılıb və cinayət əməllərini törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Onların rayon ərazisində oğurluq edərək zərərçəkmiş şəxslərə 13 000 manatdan artıq ziyan vurduqları müəyyən edilib.

Bundan başqa keçirilmiş tədbirlərlə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən 2 nəfər də müəyyən edilib. Onlardan 1 “Kalaşnikov” avtomatı və 30 ədəd gülləsi, 1 “Makarov” tapançası və 4 ədəd gülləsi, 1 qundağı və lüləyi kəsilmiş tüfəng və 6 ədəd gülləsi aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlarla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, məhkəmənin qərarları ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.