22 Dekabr 2024

Heç kim unudulmur….

Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa  vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə uzun illlər işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfə idi ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxırdı. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi  əhəmiyyətə malikdir.  Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə  Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.
     Sirr deyil ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.

    Bu sevinci, bu xoşbəxtliyi bizə yaşadanların bir qismi də Beyləqan rayonunun payına düşür. Belə ki, Beyləqan rayonu birinci Qarabağ doyüşlərində 218 nəfər, ikinci dəfə isə 141 nəfər Şəhid vermişdir. Bu Şəhidlərdən biri də Beyləqanın Təzəkənd kəndindən olan Vəliyev Elnur Mirsiyab oğludur.

Şəhid Vəliyev Elnur Mirsiyab oğlu 1999-cu il 30 avqustda Beyləqan rayonunun Təzəkənd kəndində zəhmətkeş kəndli ailəsində dünyaya gəlib.

     Müddətli hərbi xidmətini başa vurduqdan sonra 2020-ci ildə sənədlərini “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kursuna verib. Kursu uğurla bitirərək Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində fəaliyyətə başlayıb. İşə başladığı ilk günlərdən nizam intizamı, özünə qarşı tələbkar olması ilə seçilən Elnur döyüş və fiziki hazırlıqdan da geri qalmır, daim öz üzərində işləyirdi.

27 sentyabr 2020-ci il Vətən müharibəsi başlayan ilk gündən Elnur Murov dağdan Kəlbəcər istiqamətində hücuma keçən XTQ-nın tərkibində döyüşmüşdür. 28 sentyabrda verilən döyüş tapşırığını yerinə yetirib geri qayıdarkən düşmənin ağır artilleriyasından atılan mərmi Elnurun yanına düşür. O aldığı qəlpə yaralarından şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin nəşi bir neçə gün neytral ərazidə qaldıqdan sonra oktyabrın 2-də ailəsinə təhvil verilib. Şəhidimiz elə həmin gün Təzəkənddə uğrunda canını fəda etdiyi Vətən torpağına tapşırılıb.

       2 oktyabr 2022-ci il tarixdə doğulduğu torpaqda Şəhidimizin ildönümü qeyd edilmişdir. Tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinin, Təzəkənd İcra nümayəndəliyinin, Beyləqan rayon Mədəniyyət Mərkəzinin, müxtəlif QHT-lərin nümayəndələri və Şəhid ailələri iştirak etmişlər. Tədbirdən əvvəl Şəhidin qəbirüstü abidəsi ziyarət edilmiş, məktəblilər tərəfindən Şəhidimizə aid şeirlər səslənmişdir. Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirəm. Ruhları şad olsun!