“Göyçə-Zəngəzur Respublikası” – İran kəşfiyyatının layihəsi, yoxsa bir dəli quyuya daş atdı…
Hüquq-mühafizə orqanlarının məsələyə müdaxiləsi çağırışı edildi; “Bu, Azərbaycan dövlətinin strateji planlarına zərbə vurmaqdır”
Azərbaycan Zəngəzur dəhlizi məsələsində israr etdiyi bir vaxtda ortaya Göyçə-Zəngəzur Respublikası adlı avantüra atılıb. Rizvan Talıbov özünü bu adda yaranan “dövlətin” “prezidenti” elan edib və artıq bir sıra şəxslərə vəzifələr paylayır. Sanki qəsdən belə bir rəy yaradılır ki, Azərbaycan Zəngəzurda dəhliz açmaq yox, orada dövlət yaratmaq fikrindədir. Bu yolla dəhlizin açılmasının qarşısının alınmasına və prosesə İranın daha israrla müqavimət göstərməsinə əsas yaradılır. Azərbaycan mediasının araşdırmasına görə, bu avantüranın arxasında elə İran kəşfiyyatının özü dayana bilər.
Rizvan Talıbov Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsindən, Çəmbərək rayonunun Yanıqpəyə kəndindəndir. 2005-ci ildə sabiq nazir Əli İnsanovun həbsi ilə əlaqədar Qərbi Azərbaycana Qayıdış Birliyi adlı qondarma təşkilat yaratdığını elan edib, ilk işi Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsini “yaratması” və ona sədrlik etməsi olub.
Xuliqanlıqda (CM-in 221.2 maddəsi) ittiham olunan R.Talıbova məhkəmənin hökmü ilə 4 il həbs cəzası verilib və o, bu müddəti həbsdə keçirib. 2020-ci il mayın 9-da bir qrup şəxs qondarma “İrəvan-Türk Cümhuriyyəti” yaratdığını elan etdikdən təxminən bir il sonra – 2021-ci il martın 10-da R.Talıbov “Qərbi Azərbaycana Qayıdış” Birliyinin iclasını keçirib, “Göyçə-Zəngəzur Respublikası” yaratdığını və onun “prezidenti” olduğunu elan edib.
R.Talıbovun avantürası ilə bağlı təşkilat üzvləri etiraz bəyanatı yayaraq aşağıdakı məlumatı yayıblar: “Rizvan Talıbovun Ali Məclis adından heç bir toplantı keçirmədən, növbəti dəfə özbaşına qərar yazıb “dövlət” elan etmə əməli siyasi dələduzluq kimi qiymətləndirilsin və QAQB sədrliyi vəzifəsindən kənarlaşdırılsın. Eyni vaxtda o və oğlu Qərbi Azərbaycana Qayıdış Birliyinin təsisçiliyindən çıxarılsın”.
Ötən müddətdə R.Talıbov özü üçün “dövlət” qurub, onun “strukturlarını” yaradıb, “baş nazir”, “nazirlər”, “komitə sədrləri” təyin edib, “parlament” yaradaraq “spiker”, “vitse-spiker” təyin edib, xəyali virtual iclas keçirib, iclasda “çıxış edib”, vatsapda “çıxışını” paylaşıb, saytlara müsahibə verib, müxtəlif hadisələrə “münasibət bildirib” və s. Bir sözlə, öz-özünü inandırıb ki, artıq yaratdığı “dövlətin” “prezidenti”dir. Hətta bəzən “nazirlərinin” üstünə acıqlanmaqdan da çəkinmir. (APA)
Özünü qərbi azərbaycanlıların “prezidenti” sayan bu şəxsin faktiki olaraq Qərbi Azərbaycanla bağlı heç bir elmi biliyi, heç bir araşdırması yoxdur, Qərbi Azərbaycanın nə tarixini, nə də coğrafiyasını bilir.
Onun ətrafında belə bir nəfər də ciddi adama rast gəlmək mümkün deyil, adlarını çəkdiyi, vəzifəyə qoyduğu, strukturlara daxil etdiyi adamların çoxunun heç bundan xəbəri də yoxdur.
R.Talıbov artıq yaratdığı virtual qurumun “xarici əlaqələrini” qurmağa başlayıb. Mediada yayılan xəbərlərə görə, cari ilin iyulun 24-də Rizvan Talıbov Türkiyənin Batman şəhərindən Mehmet Ali Arslan adlı şəxsi özünə “vitse-prezident təyin edib” və onu “Kürdistan İslami Adalet Partisi” genel başkanı Mamusta Ali Bapirlə danışıqlar üçün İraqa “göndərib”.
Türkiyədəki “yardımçısına” gəlincə, ola bilər ki, R.Talıbov o adamı heç tanımır, məhz o adam (yaxud onun Azərbaycandakı adamları) R.Talıbovla əlaqə saxlayıb ki, filan adamı – Mehmet Ali Arslanı özünə Türkiyədəki nümayəndə təyin et. Bunu özü üçün böyük şərəf sayan R.Talıbov Türkiyədən də ona dəstək verilməsinə sevinərək həmin şəxsi özünə “prezident köməkçisi” təyin edib. Həmin qüvvələr isə onun bu siyasi savadsızlığından istifadə edərək, öz işlərini görür, gündəmə gəlir, “Göyçə-Zəngəzur Respublikası” adından danışır, şübhəli qüvvələrlə, bəlkə də Türkiyəyə düşmən təşkilatlarla danışıqlar aparırlar və sabah hansı məkrli addımı atacaqları məlum deyil.
Əvvəl Mehmet Ali Arslan adı ilə çıxış edən şəxs – R.Talıbovun Türkiyədəki “prezident yardımçısı” indiki “prezident yardımçısı” İsmet Kavrukla fərqli adamlar deyil, müxtəlif adlar altında eyni adamdır və ya adamlardır.
Rizvan Talıbov
Siyasi ekspertlər, diplomatlar birmənalı olaraq bəyan edirlər ki, Zəngəzur dəhlizi məsələsinin aktuallıq kəsb etdiyi bir vaxtda “Göyçə-Zəngəzur Respublikası” yaradılmasının ictimai rəyə daşınması bu dəhlizin reallaşmasını istəməyən qüvvələrin – İran və Ermənistanın maraqlarına xidmət edir.
Məsələnin avantüra xarakteri daşıması Qərbi Azərbaycan İcmasının bəyanat verməsinə də səbəb olub. Bəyanatda deyilir: “Son zamanlar “Göyçə-Zəngəzur Respublikası” adlı qurum adından müxtəlif məsuliyyətsiz paylaşımlar edilir. Bununla bağlı Qərbi Azərbaycan İcmasına çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq bildiririk ki, Qərbi Azərbaycan İcması “Göyçə-Zəngəzur Respublikası” adlı bir qurumu tanımır, onunla heç bir əlaqəsi yoxdur və tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərərli hesab edir. Bütün media nümayəndələrindən xahiş edirik ki, Qərbi Azərbaycanla bağlı hər hansı bir informasiyanın dəqiqliyinə əmin olmaq üçün Qərbi Azərbaycan İcmasına müraciət etsinlər”.
Bəs Rizvan Talıbovun bu cür avantürist hərəkətlərinə münasibət necə olmalıdır? Ona heç fikir verməmək, yoxsa, prosesi ciddiyə alıb, bu avantüranı dayandırmaq lazımdır?
Qərbi Azərbaycan Azadlıq Təşkilatının İdarə Heyətinin sədri Əli Vəliyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizi, Qarabağın taleyi məsələləri ətrafında çox ciddi proseslərin getdiyi bir zamanda qərbi azərbaycanlıların öz yurd-yuvalarına qaytarılması və onlara status verilməsi ideyasının ortaya çıxması suallar yaradır. Rizvan Talıbovun ortaya atdığı avantüra məhz Azərbaycanın apardığı haqq işinə, gələcəkdə gözlənilən ciddi bir prosesə mane ola bilər: “Odur ki, mən buradan açıq şəkildə bəyan edirəm ki, Rizvan Talıbov ya qəsdən şəxsi maraqlarına görə, ya da bilərəkdən və ya bilməyərəkdən PKK-nın, İrandakı hansısa dairələrin, onların uzantılarının toruna düşərək “Göyçə-Zəngəzur Respublikası” elan etməklə Azərbaycan dövlətinin strateji planlarına zərbə vurmaqdadır. Ona görə də bu adam barəsində dövlətimizin aidiyyəti hüquq mühafizə orqanları çox ciddi hüquqi tədbir görməlidir”.
Ə.Vəliyevin sözlərinə görə, Zəngəzur məsələsində elə etməliyik ki, ermənilərin və onlara dəstək verən beynəlxalq dairələrin əlinə bəhanə verməyək: “Bu həssas məsələdə Azərbaycan dövlətinin mövqeyini nəzərə almayan hər hansı özfəaliyyəti zərərli hesab edirəm. Bizim təşkilatın bu məsələ barədə bu gün və ya sabah xüsusi bəyanatı da yayılacaq. Rizvan Talıbov bir müddət yalandan elan etmişdi ki, ətrafında Qərbi Azərbaycandan olan 200 ziyalı var. Onun ətrafında, elan etdiyi “respublikada” özü kimi 3-5 avantüristdən başqa kimsə yoxdur. Bu şəxsin Qərbi Azərbaycandan olan insanlar arasında heç bir nüfuzu yoxdur. Qərbi Azərbaycanlıların adından öz maraqları üçün istifadə etməyə çalışanlar bilməlidirlər ki, qərbi azərbaycanlılar hər zaman dövlətin, dövlətçiliyin, cənab Prezidentin yanında olub və olacaqlar. Dövlətin mövqeyi ilə ziddiyyət təşkil edən hər hansı bir fəaliyyətin qarşısında olub və olacaqlar. Rizvan Talıbovun bu avantürasından, maddi qazanc güdmək kimi gizli istəyindən isə Azərbaycanın daxilində və xaricində olan anti-Azərbaycan, anti-Türkiyə mövqeyindəki şəxslər, qüvvələr öz maraqları üçün istifadə etməyə çalışırlar. Onun Türkiyənin Batman şəhərinə gedib orada PKK-ya bağlı olduğu deyilən bəzi şəxslərlə görüşməsi, onlardan özünə dəstək əldə etməsi, hətta özünə məhz o cür şübhəli şəxsləri köməkçi təyin etməsi bunun əlamətlərindəndir. Rizvan Talıbovun qurduğu həmin əlaqələr, onunla qurulan bu tipli əlaqələr də müvafiq orqanlar tərəfindən ciddi araşdırılmalıdır. Axı niyə “Göyçə-Zəngəzur dövləti” adı ilə təsis edilən bir quruma bu bölgə ilə əlaqəsi olmayan müəmmalı insanlar “rəhbər” seçilməlidir? Mehmet Ali Arslanın Zəngəzura və ya Göyçəyə hansı aidiyyəti var? Düşünürəm ki, bütün bu müəmmalı oyunlar həm də Azərbaycanla Türkiyə arasındakı yaxın əlaqələrə, strateji müttəfiqliyə zərbə endirmək üçün planlaşdırılıb. Fikrimcə, bu kimi məsələlər dövlət tərəfindən diqqətlə izlənilməli və bu zümrənin iki qardaş dövlətin arasına ixtilaf salmağa hesablanmış addımlarının qarşısı alınmalıdır”.
Alqış Musayev
Əslən Qərbi Azərbaycandan olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev isə qısaca bildirdi ki, bu hərəkətin bir adı var: Təxribat.
Demokratiya və İnsan Haqları Komitəsinin sədri, hüquqşünas Çingiz Qənizadə isə bildirdi ki, “Göyçə-Zəngəzur Respublikası” ideyasının müəllifləri düşünülməmiş bir addım atıblar: “Bəlkə də burada qərəzli, məkrli məqsəd yox, öz aləmlərində vətənpərvərlik nümayiş etdirmək niyyəti güdüblər. Amma çox təəssüf ki, son dövrlərdə siyasətdən başı çıxmayan, siyasi prosesləri kifayət qədər dəyərləndirə bilməyən, atdığı addımın nəticələrinin necə olacağını öncədən proqnozlaşdıra bilməyən müəyyən insanlar siyasətdən, diplomatiyadan danışırlar, ağıllarına gələn fikirləri cəmiyyətə təbliğ edirlər. Televiziyalara belə şəxslər dəvət edilməməlidir, onlara tribuna verilməməlidir. “Göyçə-Zəngəzur Respublikası”nın elan edilməsi isə Azərbaycan dövlətinin apardığı proseslərə, siyasətə uyğun olmayan və apardığımız işə zərbə vura bilən addımdır. Bu cür zərərli ideyaları ortaya atan adamlarla hüquqi istiqamətdə ən azı maarifləndirici, izahedici söhbətlər aparılmalıdır. Həmçinin onlarla iş aparılıb aydınlaşdırılmalıdır ki, bu ideyanı məhz indi ortaya öz şəxsi mövqeləri olaraq atıblar, yoxsa kənar qüvvələrin əli var”.
Alp Arslan İmamqulu
Hərbi ekspert Alp Arslan İmamqulu isə sosial şəbəkədə məsələyə belə münasibət bildirib: “”Göyçə-Zəngəzur Respublikası” elanı Azərbaycana və onun tarixinə qarşı xarici düşmən qüvvələrin növbəti təxribatıdır. Bunu edənlər tariximizi kəsinliklə bilmirlər və etdikləri baş verən son proseslər zəminində dövlətimizə qarşı atılmış düşünülmüş murdar addımdır. Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş AXC-nin hüquqi varisidir və bu, mütləq qərb sərhədlərimizin delimitasiyası zamanı nəzərə alınacaq. Əgər yeni bir dövlət qurulucaqsa bu Azərbaycanın varis olaraq haqqı olan ərazilərdə qurulmalı deyil. Bəhs olunan ərazilər Azərbaycanın itirilmiş və bərpa olunması gərəkən torpaqlarıdır”.
Rizvan Talıbov isə sentyabrın 21-də özünün facebook səhifəsində yeni bəyanat yayıb. Bəyanatda R.Talıbov özünü bir daha “Göyçə-Zəngəzur Cümhuriyyətinin prezidenti” kimi təqdim edib, çıxdığı yoldan və apardığı mücadilədən dönməyəcəyini qeyd etməklə yanaşı, onun bu fəaliyyətinə qarşı yazan media orqanlarını məhkəmə ilə hədələyib: “Tarixi yurdlarımıza, indiki Ermənistandakı, yenidən sahib çıxmaq uğurundakı 20 ilə yaxın apardığımız mübarizəmizə ölkə xaricindəki erməni havadarlarından, ermənilərdən basqılar gözlədiyimiz halda, gözləmədiyimiz yerdən ölkə içindən üzərimizə şər-böhtan dolu kampaniya ilə basqılar başlandı. Öncə onu bildirmək istəyirəm ki, mən və mənim ətrafımdakı çoxsaylı vətənpərvər, yurdsevər insanlar daim dövlətçiliyimizin müdafiəçiləri olmaqla, ölkə Prezidenti İlham Əliyev cənablarının siyasətinin açıq şəkildə dəstəkçiləri olmuşuq! Bu məsələnin də üzərimizə olan basqıların səbəblərindən biri olduğu düşüncəsindəyəm. Məni yaxşı tanıyan hər kəs bilir ki, mən ətrafımdakı insanlarla bərabər 18 ildir ki, təmənnasız olaraq yurd mücadiləsi vermişəm və verməkdə davam edirəm. Bu mübarizə mənim alın yazım və şərəfimdir! Bu mübarizəmə ləkə vurmaq istəyənlərə, şər-böhtanları ilə gözdən salmaq istəyənlərə, bu şər-böhtan kampaniyasını birtərəfli olaraq, qarşı tərəfin, yəni bizim, mövqeyini öyrənmədən tirajlayan mətbuat orqanlarına isə xəbərdarlıq edirəm! Əgər bu dostyana etdiyim xəbərdarlığımı doğru dəyərləndirməsəniz, hüquqşünaslarımıza müraciət edərək, hüquqi addımlar atacağıq! Heç kim özünü qanunlardan yüksəkdə və toxunulmaz hesab etməsin!”
Etibar SEYİDAĞA