23 Noyabr 2024

Səlim Müslümov dövlətə 27 milyon manat ziyan vurub – İTTİHAM AKTI

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Media1.az  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən baxış iclasında ittiham aktı elan olunub.

İttihamda göstərilib ki, Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi dövrdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verib. Həmçinin o, müxtəlif bölgələrdə şəhid ailələri və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən evlərə ayrılan pulların bir qismini mənimsəyərək vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Ümumilikdə Səlim Müslümov hazırkı mərhələyə qədər cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.

Proses avqustun 29-da davam etdiriləcək.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.