14 Mart 2025

ABŞ ordusu yeni texnoloji imkanlarına birini əlavə etdi – Lazerli döyüş modulları

ABŞ-ın “Moog Inc” şirkəti Alabama ştatının Hantsvil şəhərində keçirilən «Space and Missile Defense 2022» simpoziumunda “Reconfigurable Integrated-weapons Platform” (RIwP) tipli təkmilləşdirilmiş, uzaqdan idarə olunan döyüş modulunu təqdim edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, yeni döyüş modulunun “IM-SHORAD” qısamənzilli hava hücumundan müdafiə döyüş maşınlarında quraşdırılması nəzərdə tutulub. Modulun silah sistemi 30 mm-lik XM914 avtomatik topdan, onunla birlikdə 7,62 mm-lik M240 pulemyotundan, iki “Stinger” raket buraxılış qurğusundan və 20 kilovatlıq “LOCUST” lazer sistemindən ibarətdir.

Qeyd edək ki, bundan öncə ABŞ Müdafiə Nazirliyi “M-2 Bradley” piyada döyüş maşınlarını və “M-113” zirehli transportyorlarını əvəz etməli olan ən yeni “Mobile Protected Firepower” (MPF) tipli yüngül tanklarının tədarükü üzrə ilk müqavilə imzalayıb.

Həmçinin Pentaqon ABŞ Hərbi dəniz qüvvələri, Dəniz piyadaları və quru qoşunları üçün 154 ədəd “Tomahawk” tipli qanadlı raketinin tədarükü üçün “Raytheon” şirkəti ilə anlaşıb.