23 Dekabr 2024

Qidamızı təhlükəsiz edənlərin gününə

Qida təhlükəsizliyi hər bir dövlət üçün strateji əhəmiyyətə malik, milli təhlüksəsizliyinin əsas sütunlarından birini təşkil edən məsələdir. Qida təhlükəsizliyi dedikdə, sadəcə, əhalinin zəruri ərzaq məhsulları ilə təmin olunması deyil, məhz təhlükəsiz ərzaq məhsulları ilə təminatı nəzərdə tutulur. Çünki qida rasionunda istifadə edilən məhsulların təhlükəsizlik və keyfiyyət standartlarına uyğun olmaması əhali arasında sağalmaz xəstəliklərin yayılması faizini, ölümləri artırır ki, bu da birbaşa genofonda təhlükə yaradır. Buna görə də hər bir dövlət daxili bazarında insanların həyat və sağlamlığına zərər vurmayan, təhlükəsiz qidaların satılmasını təmin etməyə çalışır.

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür.

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) 2018–ci il 20 dekabr tarixli qərarı ilə ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalatı və təchizatı zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq təsis edilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünyada hər il müxtəlif kimyəvi, bakteriya, virus, parazit və toksin kimi maddələrlə çirklənmiş qidaların istehlak edilməsi nəticəsində təxminən 600 milyon insanda qida zəhərlənmələri baş verir. Nəticədə Yer kürəsinin hər 10 sakinindən biri tibbi müayinəyə ehtiyac duyur.

Azərbaycanda qida təhlükəsizliyi sahəsində koordinasiyalı və sistemli fəaliyyəti uzun müddət təmin etmək mümkün olmayıb: müxtəlif qurumların tabeliyində olan strukturlar pərakəndə fəaliyyət göstərirdilər. İdxal-ixrac əməliyyatlarının iştirakçısı olan sahibkarlar zəruri sənədləri toplamaq üçün çoxsaylı qurumların qapısını döyməli olurdular.

2017-ci ildə cənab Prezidentin fərmanı ilə Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması ilə bağlı fəaliyyətləri həyata keçirmək üçün vahid qurum – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Agentlik fəaliyyətə başladığı ilk günlərdən ölkədə qida təhlükəsizliyinin müasir standartlara uyğun şəkildə təmin olunması üçün gərgin fəaliyyətlərə start verib. Bu fəaliyyətlərin bir istiqaməti də ölkənin qida sənayesində çalışan sahibkarlarla faydalı əməkdaşlığın qurulmasıdır. Agentlik fəaliyyətə başladığı ilk gündən sahibkarlarla, o cümlədən müvafiq sahə üzrə assosiasiyalar, ictimai birliklər və vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri qurub, qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi işində ictimai iştirakçılığı təmin edib.

2019-cu ilin aprel ayında Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025- ci illər üçün Dövlət Proqramı” və onun icrası üçün tədbirlər planı təsdiqlənib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2020-ci ildə proqramın icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə həyata keçirdiyi monitorinq zamanı maraqlı nəticələr aşkarlanıb. Məlum olub ki, il ərzində illik ixrac olunan qida və kənd təsərrüfatı məhsulları ilə bağlı Avropa İttifaqı sərhədindən sadəcə 1 imtina halı qeydə alınıb. Bu indikator üzrə baza göstəricisi 18 hal və 2020-ci il üçün hədəf isə 10 hal təşkil edirdi.

Görülən işlərin və nəticələrin yaratdığı təsir nəticəsində insanlar arasında zoonoz xəstəliklərə yoluxan şəxslərin sayı azalaraq 195 nəfər təşkil edib. Bu indikator üzrə baza göstəricisi 546 nəfər və 2020-ci il üçün hədəf isə 500 nəfər təşkil edirdi.

Zoonoz xəstəliklərə yoluxan heyvanların payı hədəfdən əhəmiyyətli dərəcədə az olmaqla 2,3 faiz təşkil edib. Eyni zamanda zərərli orqanizmlərin təsirinə məruz qalmış sahələrin payı azalıb.

Proqramda nəzərdə tutulan qida təhlükəsizliyi sahəsində müasir texnologiyaların və innovativ həllərin tətbiqi, qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində qeydiyyat, təsdiq və sertifikatlaşdırma sisteminin müasir tələblərə uyğun təkmilləşdirilməsi, qida təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və sair prioritetlər üzrə icra faizi 60-dan yuxarı olub.

AQTA tərəfindən idxal-ixrac əməliyyatları üçün zəruri sənədlərin əldə olunması xidmətlərinin elektronlaşdırılması sahibkarların işini asanlaşdırıb, vaxt itkisinin qarşısını alıb.

Məlumdur ki, quş əti bütün dünyada əhalinin ərzaq təminatında böyük payı olan məhsullardan biridir. Son illərdə qlobal ət istehlakında quş ətinin payı davamlı artım dinamikası nümayiş etdirməkdədir. Biz Azərbaycan yumurta və quş əti istehsalçıları olaraq ölkəmizin bu məhsullarla təhlükəsiz təminatına çalışırıq. Azərbaycanın quş ətinə olan illik tələbatı 145-150 min ton aralığındadır. Bu tələbatın 80 faizə yaxını yerli istehsal hesabına təmin olunur. Biz çalışırıq ki, bu göstəricini daha yüksək səviyyəyə çatdıraq. Bu zaman yalnız istehsalı artırmaq deyil, məhz qida təhlükəsizliyi tələblərinə cavab verən təmiz məhsul istehsalını artırmaqdan bəhs edirik. Bu sahədə AQTA və onun mütəxəssisləri bizə zəruri olan bütün dəstəyi verirlər: həm yem və yem əlavələrini idxal etmiyimiz müxtəlif ölkələrdəki xəstəliklər, həm ölkə daxilində yayılma təhlükəsi ehtimal olunan xəstəliklər və onlara qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat təqdim edirlər. Dünyada epizootik vəziyyətin daim diqqətdə saxlanması nəticəsində müxtəlif xəstəliklərin yayıldığı ölkələrdən heyvandarlıq, bitkiçilik və quşçuluq məhsullarının idxalı vaxtında dayandırılır. Eyni zamanda bizim müraciətlərimiz əsasında toyuqlar arasında yayılan xəstəliklərə qarşı müasir və yüksək nəticəli peyvəndlərin Azərbaycanda tətbiqinə şərait yaradılır. Bütün bunlar ölkəmizdə quş xəstəliklərinin yayılması hallarının kəskin azalmasına gətirib çıxarıb.

Sahibkarlar olaraq bizi narahat edən məsələlərlə bağlı Agentliyə bütün müraciətlərimizə operativ reaksiya ala bilirik və bu, bizim işimizin effektiv qurulmasına çox kömək edir.

Azərbaycan quşçuluq təsərrüfatları adından Qida Təhlükəsizliyi Günü münasibətilə AQTA kollektivini təbrik edərək bundan sonrakı fəaliyyətlərində uğurlar arzulamaqla yanaşı, daim sahibkarların yanında olmalarını arzulayırıq.

Mürvət Həsənli,
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri