07 Avqust 2025

Məhkumların əfv edilməsi ənənəyə çevrilib: Daha 213 nəfər əfv edildi

Hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu tam sübuta yetirmiş dövlətimizin başçısı hətta cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə qalmır. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərə alan, cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətini önə çəkən Prezident İlham Əliyev vaxtaşırı əfv sərəncamları imzalayır. Azərbaycanda məhkumların əfv edilməsi – bağışlanması artıq ənənəyə çevrilib. Bu addım Azərbaycanda insan hüquqlarının etibarlı təminatını və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini bir daha təsdiqləyir.

Prezident İlham Əliyev Azərbaycan dövlətinin humanizm və ədalət prinsiplərinə əsaslanan siyasətini davam etdirərək, 28 May Müstəqillik  Günü ilə bağlı növbəti əfv Sərəncamı imzaladı.  Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 168 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş  3 nəfər cəzadan azad edilib. Bundan başqa azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

İndi hər bir Azərbaycan vətəndaşına bir daha məlum oldu ki,  ulu öndər Heydər Əliyev siyasi xəttinin alternativi yoxdur. Artıq Azərbaycan humanizm prinsiplərinə sədaqətli olan demokratik ölkə kimi beynəlxalq aləmdə nüfuz qazanıb.  Ölkə başçısı hər zaman vurğulayır ki, insan hüquq və azadlıqlarının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədi və fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Şübhəsiz ki, əfv olunan vətəndaşlarımız bu humanist aktdan düzgün nəticə çıxaracaq, dövlət və cəmiyyət qarşısında öz vətəndaşlıq borclarını dərk edəcək, qanunlara dönmədən əməl edəcək, Azərbaycanın davamlı və sabit inkişafına öz töhfəsini verəcəklər. Ümumiyyətlə, Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salsaq, siyasi sistemdə təkmilləşmənin, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə marağın şahidi olarıq. Bu, müstəqil dövlətimizin sivil, hüquqi dəyərlərə sadiqliyini əməli işi ilə sübut etdiyini təsdiqləyir. Demokratik cəmiyyətin varlığını şərtləndirən amillərin ölkəmizdə bərqərar olunması istiqamətində atılan addımlar daim beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən təqdir olunur. Prezident İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin sürətləndirilməsi, hüquqi dövlətin qurulması sadəcə bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Konstitusiyamızda əksini tapan maddələrin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına və müdafiəsinə xidmət edir. Ən mühüm dəyişikliklərdən biri budur ki, dövlətin ali məqsədi yalnız insan hüquq və azadlıqlarını qorumaq deyil, onların layiqli həyat səviyyəsini təmin etməkdir.  Nüfuzlu beynəlxalq təşkilatlar,  mütəmadi olaraq, dünyada demokratiya və insan hüquqları sahəsində mövcud durumla bağlı hesabatını açıqlayır. Daim ölkəmiz həmin hesabatlarda müsbət göstəriciləri ilə yer tutur. Dövlət başçısı İlham Əliyevin imzaladığı əfv fərmanları, amnistiya aktları, insan hüquqlarının müdafiəsinə xidmət edən Proqramın təsdiqlənməsi, eyni zamanda, insan hüquqları gününün təsis edilməsi buna əyani sübut kimi qeyd olunur. 

Dövlətimizin humanizm siyasətini yüksək dəyərləndirən beynəlxalq birlik imzalanan əfv Sərəncamlarını demokratik inkişaf yolunda atılan addım kimi təqdir edir. Bu fikir hər zaman qeyd olunur ki, Azərbaycan dövləti siyasətində insan amilinə yüksək dəyər verir. Müasir dövrdə hər bir dövlət vətəndaşı üçün firavan, layiqli həyat tərzini təmin etmək niyyətində olduğunu bəyan edir. Azərbaycan dövləti isə bunu sadəcə, xoşməramlı niyyət kimi yox, həm də konstitusion öhdəlik kimi üzərinə götürməklə lazımi siyasi iradə və qətiyyət nümayiş etdirir. Bu təkcə siyasi hakimiyyətin özünə inamı deyil, həm də dövlətin davamlı iqtisadi inkişafının bariz göstəricisidir.