Göygöldə region psixoloqlarına dəstək məqsədilə seminar keçirilib

“Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Psixoloqların rolunu gücləndirilməklə uşaq hüquqlarının müdafiəsinin təşkili” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi postmüharibə dövründə müharibənin təsirlərinə məruz qalan bölgələrdə psixoloqların bilik və bacarıqlarının artırmaqla, uşaqlara keyfiyyətli psixoloji dəstək göstərmək, uşaq hüquqlarının qorunması və təbliğində psixoloqlarıinn rolunu gücləndirməkdən ibarətdir.
Layihə çərçivəsində Göygöl rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində Göygöl rayonunda psixoloqlar üçün seminar həyata keçirilmişdir. Seminarı Göygöl rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İbrahimova Kəmalə açaraq, qonaqları salamlamış, həyata keçirilən layihəni yüksək qiymətləndirmiş, seminarların postmüharibə dövründə keçirilməsinin xüsusi əhəmiyyətini qeyd etmişdir.
“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Zaur Quliyev layihənin məqsəd və vəzifələri haqqında məlumat vermiş, seminar iştirakçılarına uğurlar arzulamışdır. Layihə rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov “Psixoloqların rolunu gücləndirilməklə uşaq hüquqlarının müdafiəsinin təşkili” layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər haqqında geniş məlumat vermiş, Vətən müharibəsində qələbəmizin qazanılmasında igid oğullarımızın qəhrəmanlığından söz açmış, post müharibə dövründə psixoloqların üzərinə də ciddi və məsuliyyətli bir vəzifənin düşdüyünü bildirib.
Digər çıxış edənlər Gəncə- Daşkəsən regional Təhsil Şöbəsinin Göygöl rayonu üzrə metodisti Zülfiyyə Kamalova, Sosial Xidmətlər Agenliyinin Gəncə-Daşkəsən regional filialının əməkdaşı Təbriz Mustafayev layihənin qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin vacibliyini vurğulamış, seminara uğurlar arzulamışlar.
Layihə üzrə ekspert, psixologiya üzrə fəlsəfə doktoru, psixoloq Elmira Mirzəyeva seminar zamanı müharibənin təsirlərinə məruz qalmış rayonlarda postmüharibə dövründə uşaqların psixoloji durumu, Vətən müharibəsinin gedişində müharibənin acı nəticələri ilə üzləşmiş uşaqlarda yaranmış stress və gərginlik fonunda uşaqlara psixoloji dəstəyin həyata keçirilməsində psixoloqların rolunun gücləndirilməsinin zəruriliyi, şəhid və qazı övladlarına göstərilən psixoloji xidmətlər və uşaqların asudə vaxtının və sosial mühitə inteqrasiya olunmasıın təşkilində məktəb psixoloqunun və uşaq birliyinin rolu məsələləri mövzusunda təqdimatlar etmiş və mövzu ətrafında müzakirələr aparılıb.
Layihənin davamlılığı olaraq, layihə ekspertinin dəstəyi ilə seminarlarda iştirak etmiş psixoloqların hər birinin öz yaşadığı və fəaliyyət göstərdiyi icmada “1 iyun – Uşaqların Beynəlxalq müdafiəsi günü” münasibətilə tədbir və psixoloji yardım günlərinin təşkil olunması nəzərdə tutulur.
Seminar iştirakçıları olan psixoloqlar vacib və aktual layihəni dəstəklədikləri üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihənin uğurlu icrasına görə “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinə öz təşəkkürlərini bildirmiş, gələcəkdə belə layihələrin davam etdirilməsinin faydalı, maraqlı olmaqla bərabər, gələcəyimiz olan uşaqların təhlükəsiz, psoxoloji və emosional baxımdan sağlam böyüməsində mühüm rolu olduğunu ifadə etmişlər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunmuş, xatirə fotoşəkili çəkilmişdir
“Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi




