Qaraçuxurda tikinti şirkəti qara çuxur yaratdı, sakinlər Prezident Administrasiyasına üz tutdu

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov və Mədən küçələrinin kəsişməsində bina inşası zamanı yol verilən qanunsuzluqlar ərazidə yaşayan 100-ə yaxın sakini ayağa qaldırıb. Sakinlər deyirlər ki, “S and N” MTK inşa etdiyi binanın su və kanalizasiya xətlərinin çəkilişi üçün məhəllədaxili yolları qazıb. İşlər bitəndən sonra isə bərbad duruma salınmış məhəllədaxili yollar elə o vəziyyətdə də qalıb.
Şikayətçilərin sözlərinə görə, MTK rəsmiləri yolun əvvəlki vəziyyətinə qaytarılmasından qərəzli şəkildə yayınırlar. Üstəlik bərbad vəziyyətə salınmış yol qəsəbə poliklinikasının qarşından keçir. Sakinlər deyir ki, MTK rəsmiləri şikayətlərini qulaqardına vurduqlarına görə Prezident Administarasiyasına müraciət ediblər.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi hər il daxil olan şikayətlərlə bağlı rəsmi məlumat yayır. Həmin məlumatdan aydın görünür ki, vətəndaşlar inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsindən, müqavilə şərtlərinin kobud surətdə pozulmasından, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxmasından, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsindən, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsindən, yol verilən süründürməçilikdən, qazın və suyun vaxtında verilməməsindən, bunun üçün sakinlərdən dəfələrlə əlavə pul yığılmasından, tikilən binaların ətrafındakı bərbad durumdan şikayətlənirlər.
Hər il belə hallara yol verən tikinti şirkətlərinin adı açıqlanır və barələrində ölçü götürülməsi üçün hüquq-mühafizə orqanlarına müvafiq müraciətlər ünvanlanır.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”