12 Mart 2025

Naşirlər qanuna dəyişiklikdən razıdırlar – mətbəə sənayesi inkişaf edəcək

Ötən il Milli Məclisin iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edildi. Dəyişiklikdə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənən kütləvi informasiya vasitələri məhsullarının və kitabların, (elektron kitablar istisna olmaqla) habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmaması nəzərdə tutulurdu. Lakin qanunun yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulsa da, siyahının Nazirlər Kabineti tərəfindən tərtib olunması ilə əlaqədar proses bir qədər uzandı. Nəhayət, gözlənilən qərar verildi, idxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısı artıq təsdiqlənib.

Nigar Köçərli ilk dəfə kitab oğurlayanlardan danışdı:

Nigar Köçərli: “Ümid edirik, heç bir problem olmayacaq və qanun icra olunacaq”

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin və nəşriyyatının rəhbəri Nigar Köçərli “Yeni Müsavat”a bildirdi ki, naşirlər 4 aydan çoxdur Vergilər Nazirliyinə məktublar göndərirdilər: “Siyahı ilə bağlı aydınlaşdırılmalı məqamlar var idi. Milli Məclisdə də məsələ gündəmə gətirilmişdi. Nəhayət, siyahı hazırdır. Biz çox razıyıq. Bu siyahı bizi tam qane edir. Ümid edirik, heç bir problem olmayacaq və qanun icra olunacaq” .

“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu isə qeyd etdi ki, qanuna dəyişiklik kitabların qiymətinə birbaşa təsir edəcək: “Mən həmişə demişəm ki, Azərbaycanda kitabın qiyməti baha deyil, orta qiymətlə 3-4 manatdır. Məsələn, Den Braunun ”Da Vinçi şifrəsi” kitabı bizdə həmişə 10 manat civarında olub. Halbuki Avropadan 10 dollardan aşağı gəlməz. Qiymət bizim alıcının büdcəsinə nəzərən bahadır. Tirajların böyük olmamasına baxmayaraq, dünya bazarı ilə müqayisədə Azərbaycanda kitab çox ucuzdur”.

Şahbaz Xuduoğlu: "Onlayın satışın effektindən danışmaq dəlilikdir" -  Pandemiya söhbəti

Şahbaz Xuduoğlu: “Nəşriyyatların sayı artacaq, yazıçılıq stimullaşacaq”

Naşir hesab edir ki, qanuna dəyişiklik kitaba münasibətin göstəricisidir: “Azərbaycan hökuməti kitab sənayesinə diqqət göstərir, inkişafında maraqlıdır. Nəticədə həm də nəşriyyatların sayı artacaq, yazıçılıq stimullaşacaq. Bu sahədə rəqabət artacaq. Proses uzun müddət davam edərsə, mətbəə sənayesi də inkişaf edəcək. Böyük potensialı olan mətbəələr qurula bilər ki, region ölkələrindən sifariş qəbul edilə bilər. Bir sözlə, yeni inkişaf dövrü başlayır”.

Qeyd edək ki, Nazirlər Kabineti idxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitabların, dərslik və həmin malların nəşri ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq edib.

Siyahıya aşağıdakı məhsullar daxildir:

– Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı

– Müstəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton

– Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük

– İllüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər

– Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları

– Kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr.