Media nümayəndələri üçün inklüziv təhsil mövzusunda seminar keçirilib
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə aprelin 19-da müxtəlif media qurumlarını təmsil edən nümayəndələrin iştirakı ilə inklüziv təhsil mövzusunda seminar keçirilib.
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən BP və tərəfdaşlarının dəstəyi ilə icra olunan “Keyfiyyətli inklüziv təhsildən istifadə imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində təşkil edilən seminarın məqsədi media nümayəndələrinin inklüziv təhsilin mahiyyəti, qanunvericilik bazası, ölkədə bu istiqamətdə görülən işlər barədə ətraflı məlumatlandırmaq və inklüziv təhsilin mediada daha geniş və düzgün işıqlandırılmasını təşviq etməkdir.
Seminarın açılışında çıxış edən layihə rəhbəri Fərid Süleymanov əlilliyi olan şəxslərin və inklüziv cəmiyyətin inkişafında inklüziv təhsilin əhəmiyyətindən bəhs edib: “İnklüziv təhsil sadəcə əlilliyi olan insanlar üçün deyil, ümumilikdə bütün insanlar üçün bərabər, keyfiyyətli təhsil imkanlarının təmin olunmasını özündə ehtiva edən təhsil konsepsiyasıdır.”
Layihə rəhbəri vurğulayıb ki, inklüziv təhsilin təşviqi ölkəmizdə dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Həmçinin “Regional İnkişaf” İctimai Birliyi tərəfindən 2018-ci ildən icra olunan inklüziv təhsil layihələri çərçivəsində ölkəmizdə inklüziv cəmiyyətin və təhsilin inkişafı sahəsində bir sıra işlərin görüldüyünü və müsbət nəticələrin əldə olunduğunu, bu istiqamətdə fəaliyyətlərin davamlı xarakter aldığını iştirakçıların diqqətinə çatdırıb.
F.Süleymanov çıxışında bildirib ki, müvafiq sahədə layihələrin uğurla icrası nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun Şamaxı, Quba, Şəki, Cəlilabad və Ağcabədi filiallarında, eləcə də Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 4 orta ümumtəhsil məktəbində İnklüziv Resurs Mərkəzləri yaradılmış və tam təchiz edilmiş, beynəlxalq ekspertlərlə birlikdə İnklüziv Təhsil üzrə Müəllim İnkişafı Proqramları hazırlanmış və onlar əsasında 1000 ibtidai sinif müəllimi, 250 məktəb direktoru, 400 müəllim-professor heyəti, 2000-dən çox tələbə, 600-dən çox valideyn inklüziv təhsil üzrə təlimləndirilmiş, ölkəmizdə inklüziv təhsil üzrə qanunvericiliyin təhlili aparılaraq “Azərbaycanda İnklüziv Təhsil Siyasətinin İcmalı” hesabatı hazırlanmış və onun aidiyyəti dövlət qurumlarının, Milli Məclisin deputatlarının, beynəlxalq təşkilatların mütəxəssislərinin iştirakı ilə müzakirələri keçirilmiş, 2 beynəlxalq dərslik və 10-dan çox əyani vəsait tərcümə olunaraq çap edilmiş, ali və orta məktəblərə paylanılmış, inklüziv təhsilə dair portal yaradılaraq ictimaiyyətin istifadəsinə verilmiş, ADPU-nun “İbtidai təhsilin təşkili”, “məktəbəqədər təhsil”, “təhsildə sosial-psixoloji xidmət” və “korreksiyaedici təlim” ixtisalarının kurrikulumuna inklüziv təhsil fənni daxil edilmiş, inklüzivliyə dair videoçarxlar, animasiyalı posterlər, müxtəlif adda 50000-dən çox məlumatverici çap materialları hazırlanaraq paylanılmış və yayımlanmış, Heydər Əliyev Mərkəzində Beynəlxalq Əlillər Günü ilə əlaqədar “Fərqliyik, bərabərik” adlı uşaq festivalı, beynəlxalq ekspertlərin iştirakı ilə onlayn beynəlxalq konfrans keçirilmiş və digər təbliğat-təşviqat işləri aparılmışdır.
Medianın İnkişafı Agentliyinin əməkdaşı Səbinə Seyidova çıxışında əlillik və inklüziv təhsilə düzgün münasibətin formalaşmasında, ictimaiyyətin maarifləndirilməsində medianın xüsusi rolunu şərh edərək, bu sahədə qarşıda duran vəzifələrdən bəhs edib. Vurğulayıb ki, media nümayəndələri bu cür sosial mövzuları işıqlandırarkən daha həssas davranmalı, məlumatlı və diqqətli olmalıdırlar.
Seminarda iştirakçıları maraqlandıran suallar da cavablandırılıb. Daha sonra media nümayəndələri ölkəmizdə inklüziv cəmiyyətin və təhsilin inkişafı ilə bağlı təkliflərini səsləndiriblər.
Yaqut Ağaşahqızı, “İki sahil”