07 Avqust 2025

Geologiya və Geofizika İnstitutunda struktur dəyişikliyi edilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Elmi (GGİ) şurasının son iclasında struktur dəyişiklikləri çərçivəsində şöbə adlarının dəyişdirilməsi və yeni şöbələrin yaradılması haqqında qərar qəbul edilib.

AMEA-dan “İki sahil”ə verilən xəbərə görə, Geotektonika və regional geologiya şöbəsinin adı dəyişdirilərək Dinamiki geologiya, Geotermiya şöbəsinin adı dəyişdirilərək Yer təkində istilik-kütlədaşınma, Seysmologiya, geomaqnetizm və petrofizika şöbəsinin adı dəyişdirilərək Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi adlandırılması qərarı səsə qoyularaq qəbul edilib.

Həmçinin yeni şöbələrin yaradılmasına da qərar verilib. Qərara uyğun olaraq Petrologiya, Filiz-maqmatik sistemləri və Metasomatizm və metamorfizm şöbələri birləşdirilməklə onların bazasında Filiz-maqmatik sistemləri və minerageniya şöbəsi, Paleontologiya və stratiqrafiya şöbəsi ləğv edilərək onun bazasında Biotanın təkamülü və geoloji hadisələrin korrelyasiyası şöbəsi, eləcə də ilk dəfə yeni Tətbiqi geotermiya tədqiqatları şöbəsi yaradılıb.