23 Dekabr 2024

Azərbaycan idmançıları hər zaman ölkəmizi ləyaqətlə təmsil edir

“44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir”. Bu sözləri prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən çıxışı zamanı səsləndirib. Görünür, idmançılarımız da cənab prezidentin vurğuladığı məsuliyyəti tam dərk etdikləri üçün vətənə qalib qayıdıblar. Xüsusilə də, erməni rəqibin ləyaqətsiz hərəkətinə qarşı səviyyəli qalibiyyətlə.

İdmanın inkişafı və idman nailiyyətləri eyni zamanda cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, vətənə olan sədaqət, fədəkarlıq bizi Qarabağın azad olunmasında apardığımız müharibədə irəliyə aparırdı.

Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirib, böyük qələbə ilə Vətənə qayıtdılar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırdılar. Bu böyük qələbədir, böyük nailiyyətdir. İstənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər.

Həm gənclər həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir. Bu onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Hər dəfə yeni qələbələrimizlə ölkəmizdə idmanı irəliyə aparırıq.

Bu gün Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır. Möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədi Azərbaycanda idmanın kütləviliyini təmin etməkdir. Sevindirici haldır ki, bu istiqamətdə yüksək nəticələr əldə olunub. Bu gün bölgələrin əksəriyyətində Olimpiya İdman kompleksləri və digər idman qurğuları fəaliyyət göstərir. Gənclər bu komplekslərdən səmərəli istifadə edirlər. Biz müharibə şəraitində yaşayan dövlətik, gənc nəsil nə qədər sağlam olsa, torpaqlarımızı daha güclü qoruyacaq. Çox müsbət haldır ki, belə bir nəsil yetişib. Bütövlükdə, görülən işlər nəticəsində ölkəmizdə peşəkar idmançılar və idman mütəxəssisləri yetişir. Bu da kütləviliyin mühüm amillərindən biridir.

 YAP Ağstafa rayon təşkilatının sədri

 Etibar Hacıyev