2021-ci il Azərbaycan tarixinə siyasi qələbələr, iqtisadi inkşaf, sosial islahatlar ili kimi həkk oldu
“2021-ci il Azərbaycan tarixinə siyasi qələbələr, iqtisadi inkşaf, sosial islahatlar ili kimi həkk oldu. Heç şübhəsiz bütün bu uğurların müəllifi Cənab Prezident, uzaqgörən Lider, Dahi siyasətçi İlham Əliyevdir.”
Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, 2021-ci il ərzində Cənab Prezident İlham Əliyev tərəfindən əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş,sərəncamlar imzalanmışdır: “Bu sərəncamlar içərisində 16 oktyabr 2021-ci ildə Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam xüsusi yer tutur. Ümümilikdə 2.1 milyondan çox vətəndaşı əhatə edən sərəncam üçün illik əlavə 1,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bununla yanaşı imzalanmış müvafiq fərman və sərəncamlara əsasən sosial müavinətlər və təqaüdlər də artırılmışdır. Ümumilikdə bu fərman və sərəncamlar 732 min şəxsi, o cümlədən 132 min doktorantı və tələbəni əhatə edir. Bu məqsədlə il ərzində 200 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
Ölkə Başçımızın imzaladığı digər sərəncama əsasən əlilliyə görə müavinətlər I dərəcə üzrə 150 manatdan 220 manata, II dərəcə üzrə 130 manatdan 180 manata, III dərəcə üzrə isə 110 manatdan 120 manata artırılmışdır. Eyni zamanda 2022-ci il üçün minimum aylıq əməkhaqqı məbləği 50 manat artırılaraq, 250 manatdan 300 manata çatdırılmışdır. Həyata keçirilən sosial tədbirlərin müsbət təsirləri cəmiyyətin hər bir təbəqəsində əksini tapmışdır”. Cənab Prezident İlham Əliyev şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına daim xüsusi qayğı ilə yanaşıb. 2021-ci ildə daha 164 avtomobil olmaqla, ümumilikdə 7400-ə yaxın avtomobil müharibə əlillərinə təqdim olunub – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Cənab Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı bu kateqoriyadan olan əhali qruplarına xüsusi qayğısının növbəti bariz göstəricisidir: “İmzalanmış Sərəncama əsasən müvafiq il ərzində 3000 şəhid ailələsi, müharibə əlillərinin evlə təmin olunması nəzərdə tutulmuşdur ki, artıq 2700-dən çox mənzil bu kateqoriyadan olan şəxslərə təqdim olunmuşdur.
Bundan başqa Cənab Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli fərmanına əsasən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik sığorta ödənişlərinin verilməsi nəzərdə tutulmuşdur. Belə ki, Birinci Qarabağ müharibəsi əlillərinə I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat birdəfəlik ödəniş veriləcəkdir. Cənab Prezident İlham Əliyevin imzaladığı daha bir möhtəşəm sərəncam II Qarabağ müharibəsinin iştirakçılarına şamil olunmuşdur. İmzalanmış sərəncama əsasən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi veriləcəkdir. “Müharibə veteranı” adı və vəsiqəsi verilmiş şəxslərə proaktiv qaydada 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) veriləcəkdir. Bütün bu amillər bir daha sübut edir ki, cənab prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır və Ölkə Başçımız əhalinin sosial rifahının yüksəldilməsini xüsusi diqqətdə saxlayır. Azərbaycanda Post-müharibə və pandemiya dövrünün olmasına baxmayaraq, sosial islahatlar və bu islahatlara paralel olaraq sosial-iqtisadi inkşaf sürətlə davam edir. Əminliklə demək olarki, dünya tarixində müharibədən yeni çıxmış bir ölkədə belə sosial islahatların həyata keçirildiyi və iqtisadi inkşafın əldə olunduğu ikinci bir ölkəyə rast gəlinməmişdir.
2021-ci il Azərbaycan üçün diplomatik və siyasi sahədə də xeyli uğurlu oldu. Cənab Prezident İlham Əliyev 2021-ci il ərzində dünyanın bir sıra tanınmış xarici telekanallarına, qəzet və jurnallarına müsahibələr verdi, bir sıra beynəlxalq görüşlərdə, tədbirlərdə iştirak etdi. Müsahibələr zamanı jurnalistlərin verdiyi suallara dolğun, əsaslı faktlarla cavab verən Ölkə Başçısı Cənab İlham Əliyev bir daha Beynəlxalq tiribunalardan Azərbaycanın qəti mövqeyini nümayiş etdirdi. Dünya, Dəmir Yumruğun erməni mifini necə məhv etdiyini və Azərbaycan Prezidentinin uzaqgörənliyinin, qətiyyətinin və dahiliyinin şahidi oldu.
2021-ci il ərzində Cənab Prezident İlham Əliyev dəfələrlə ən yaxın silahdaşı Birinci Vitse Prezident Mehriban xanım Əliyeva və digər ailə üzvləri ilə işğaldan azad olunmuş ərazilərə səfərlər etmiş, bir sıra infrastruktur layihələrinin açılışında iştirak etmişdir.
Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, Cənab Prezident İlham Əliyev öz doğum gününü işğaldan azad olunmuş ərazilərdə qeyd etdi. Həqiqətəndə Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun belə xalqını sevən, hər zaman xalqı üçün çalışan, xalqının yanında olan Lideri var!
Bir daha başda bizi qələbələrə aparan, qalib xalqa çevirən, qürurumuzu bizə qaytaran Cənab Prezidentimiz İlham Əliyev və Birinci Vitse Prezidentimiz Mehriban Xanım Əliyeva olmaqla bütün xalqımızı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm, uzun ömür, xoşbəxtlik, can sağlığı arzulayıram. Var ol Prezidentimiz, var olsun Xalqımız, var olsun xalq-iqtidar birliyimiz! Neçə belə gözəl illərə, İlhamla gələcəyə! ”.