22 Noyabr 2024

2021-ci ilin iqtisadi yekunları: Arxada qoyduğumuz il nələrlə yadda qalacaq?

Arxada qoyduğumuz 2021-ci ilin hansı əlamətdar iqtisadi hadisələrlə yadda qalacağından bəhs edərkən, ilk növbədə, əvvəlki il də COVID-19 pandemiyasından mənfi təsirlənmiş ölkə iqtisadiyyatının bərpa olunmasını vurğulamaq olar. Söhbət ondan gedir ki, 2020-ci ili 4,3 faiz geriləmə ilə başa vurmuş Azərbaycan iqtisadiyyatı cari ilin may ayında tənəzzüldən çıxıb və yanvar-noyabr aylarının yekununda  5,3 faiz böyüyüb.

Cari ildə, o cümlədən neft-qaz sektorunda geriləmə arxada qalıb.  Ötən ili 7 faiz azalma ilə yola salan bu sektorda cari ilin 11 ayında 2,7 faizlik artım qeydə alınıb. Həmçinin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 2020-ci ildə 2,6 faiz azalmaya məruz qalsa da 2021-ci ilin yanvar-noyabr aylarında 6,4 faiz artıb.

İqtisadiyyatın aparıcı sahəsi olan sənayenin ümumi daxili məhsul (ÜDM) istehsalında payı ötən illə müqayisədə  əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2020-ci ildə ÜDM-də sənayenin payı 33,7 faiz olmuşdusa, cari ilin 11 ayında bu göstərici 41,6 faizə yüksəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-noyabr aylarında 47,9 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 20,7 faiz artıb. Beləliklə, sənayedə yüksək artım tempi iqtisadiyyatın sürətli bərpasına imkan yaradıb.

Cari ildə kənd təsərrüfatında da artım olub.  2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,8 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 faiz, bitkiçilik məhsulları istehsalı isə 4,8 faiz artıb.

Həmçinin nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2021-ci ilin yanvar-noyabr aylarında 174,8 milyon ton yük və 1081,9 milyon sərnişin daşınıb. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,2 faiz artıb, sərnişin daşınması isə 2 faiz azalıb.

Cari il çoxsaylı infrastruktur obyektlərinin istifadəyə verilməsi ilə yadda qalacaq.  Belə ki, 2021-ci ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında “Azərxalça” ASC-nin filialı, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı, Süni Mayalanma Mərkəzi, Culfa-Ordubad magistral avtomobil yolu, Bakı şəhərində İqtisadiyyat Nazirliyinin yeni inzibati binası, 4 saylı DOST Mərkəzi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Azərbaycan Respublikası Baş Prokurorluğunun inzibati bina kompleksi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yeni inzibati binası, “Suraxanı” tanker-muzeyi, Suraxanı Rayon Məhkəməsinin yeni inzibati binası, Hərbi Qənimətlər Parkı, 6 saylı Bakı “ASAN xidmət” mərkəzi, Bakının Xəzər rayonunda 110/35/10 kilovoltluq “Buzovna-1” elektrik yarımstansiyası, Bakı Avropa Liseyinin yeni binası, Sumqayıt şəhərində Vərəqə şüşə istehsalı zavodu, Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” MMC, Məhkəmə Kompleksi, Naftalan şəhərində Naftalan Mərkəzi Sanatoriyası, Abşeron rayonunda DOST mərkəzi, Abşeron Rayon Mərkəzi Xəstəxanasının binası, İsmayıllı rayonunda Basqal-Sulut avtomobil yolu, Şamaxı rayonunda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzi, Üzüm Tingçilik Mərkəzi, Yaradıcılıq Mərkəzi, Şamaxı şəhər stadionu, Bərdə rayonunda Peşə Liseyi, Cəbrayıl rayonunda 110/35/10 kilovoltluq “Cəbrayıl” elektrik yarımstansiyası, Hacıqabul rayonunda “Azərsun Şamaxı Aqropark”ı, Hacıqabul Sənaye Məhəlləsi, 110/35/10 kilovoltluq “Qarasu” elektrik yarımstansiyası, Füzuli rayonunda 110/35/10 kilovoltluq “Füzuli” elektrik yarımstansiyası, Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu avtomobil yolu, Qubadlı rayonunda 110/35/10 kilovoltluq “Qubadlı” elektrik yarımstansiyası, Şuşada 110/35/10 kilovoltluq “Şuşa” elektrik yarımstansiyası, Bülbülün ev-muzeyi, Goranboy rayonunda Olimpiya İdman Kompleksi, Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolu, Qəbələ rayonunda Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolu, Zəngilan rayonunda 110/35/10 kilovoltluq “Zəngilan” elektrik yarımstansiyası və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Ümumilikdə isə 2021-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard 708,1 milyon manat vəsait yönəldilib.

2021-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 38 milyard 327,5 milyon manatlıq məhsul satılıb, xidmət subyektləri tərəfindən 6 milyard 864,3 milyon manatlıq ödənişli xidmət göstərilib. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 4,6 faiz artıb.

İqtisadiyyatın böyüməsi xarici ticarətə də müsbət təsirini göstərib. Belə ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 26 milyard 654,5 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 17 milyard 320,7 milyon dollarını və ya 65 faizini ölkədən ixrac olunmuş məhsulların, 9 milyard 333,8 milyon dollarını (35 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. 2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,4 faiz artıb, real ifadədə isə 1,8 faiz, o cümlədən idxal 12,3 faiz azalıb, ixrac isə 6,6 faiz artıb. Həmçinin 2021-ci ilin yanvar-oktyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2020-ci ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 42,2 faiz, real ifadədə 31 faiz artaraq 2 milyard 53,6 milyon dollar olub.

Dünyanın enerji bazarlarındakı əlverişli vəziyyət tədiyə balansının profisitli olmasına  gətirib çıxarıb ki, bu da valyuta ehtiyatlarının artmasına şərait yaradıb. Cari ilin 11 ayında strateji valyuta ehtiyatları 4,4 faiz (2,2 milyard ABŞ dolları) artaraq 53 milyard ABŞ dollarını, Mərkəzi Bankın ehtiyatları isə 10,2 faiz artaraq 7 milyard  ABŞ dollarını ötüb. Bütün bunların fonunda son iki ayda Mərkəzi Bankda keçirilən valyuta hərraclarında tələbdə artım olsa da il ərzində milli valyutanın məzənnəsi sabitliyini davam etdirib.

İqtisadiyyatın cari vəziyyəti özünü əhalinin gəlirlərində, o cümlədən əməkhaqlarında da göstərib. Belə ki, 2021-ci ilin yanvar-oktyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 722,9 manat təşkil edib. Ümumilikdə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 2,5 faiz artaraq 51,6 milyard manata bərabər olub. 

Cari il mövcud inflyasiya tempinin artımı ilə də əvvəlki ildən fərqlənib. Belə ki, rəsmi statistikaya görə, noyabrda aylıq inflyasiya 1,5 faiz, 12 aylıq inflyasiya isə 11,1 faiz təşkil edib. Orta illik inflyasiya yanvar-noyabr aylarında 6,2 faiz olub.  Mərkəzi Bankın faiz dəhlizinin parametrləri barədə son açıqlamasında deyilir ki, illik inflyasiyanın artması əsasən dünya birja əmtəələrinin bahalaşması və qlobal təchizat zəncirində problemlər kimi xarici mənşəli təklif və xərc şokları ilə izah edilir. Son aylarda bəzi əmtəə qiymətləri və qlobal daşınma xərcləri pik səviyyə ilə müqayisədə azalsa da, pandemiya öncəsi səviyyədən əhəmiyyətli yüksəkdir. Dünya Bankının məlumatına görə, noyabrda dünya birjalarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə enerji məhsulları üzrə 2,1 dəfə, qeyri-enerji məhsulları üzrə isə 24,7 faiz artıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatlarına görə, dünya ərzaq qiymətləri cari ilin noyabr ayında 1,2 faiz, son ildə isə 27,3 faiz yüksəlib. Bir sıra ərzaq ixracatçılarında hava şəraitinin pisləşməsi də dünya ərzaq qiymətlərinə təsir edir. Qlobal təchizat zəncirində problemlərin (konteyner daşımaları, mikrosxemlərin istehsalında yubanmalar və s) qalması xammalın və hazır məhsulun çatdırılma xərclərini artırır. Qeyd olunan amillər Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanı yüksəltməklə idxal qiymətlərinə təsir edir. İdxal qiymətləri yanvar-oktyabrda ötən ilin eyni dövrünə nəzərən 21,4 faiz yüksəlib.

Ancaq bununla belə, beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin Azərbaycan vətəndaşlarına, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə  gələn il sosial paketin icrasına başlanılacaq. Nəticədə yeni ildən tətbiq ediləcək və 2,1 milyondan çox şəxsin əhatə olunacağı bu islahatlar üçün illik əlavə 1,5 milyard manata yaxın vəsait nəzərdə tutulub.Bu isə ölkənin iqtisadi imkanlarının daha bir istiqamətdə əyani göstəricisi hesab edilə bilər.