22 Noyabr 2024

Bərdədə erməni terroru: kaset bombalardan istifadə olunmaqla dinc insanlar öldürüldü VİDEO

Vətən müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci il oktyabrın 28-də Bərdə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilib. Nəticədə aralarında uşaq və qadınlar da olmaqla, 20 dinc sakin həlak olub, 82 mülki şəxs yaralanıb. Şəhərdə yerləşən evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bərdə terroru zamanı həlak olan sakinlərdən biri də Leyla Mustafayevadır. Qızı Sevinc Mustafayeva bildirib ki, o, Bərdəyə birinci raket düşəndən sonra insanlara kömək üçün evdən küçəyə qaçarkən ikinci raketin partlaması nəticəsində həlak olub: “Anam darvazadan çıxan zaman ikinci raket partlayıb. Qəlpələr anamın qolunu kəsmiş, kürəyinə, ürəyinə girmişdi. Biz Bərdədə ikinci Xocalı faciəsini yaşadıq. Bərdə terroru XXI əsrdə olan ikinci Xocalı faciəsi idi. Avtomobildə yananlar, başı bədənindən ayrılanlar… Çox dəhşətli, çətin, ağır günlər idi. Bizim evimiz dağılmışdı. Anamızın yas mərasimini də keçirə bilmədik. Ailəmiz üçün böyük itki oldu. Hələ də yaramız sağalmır. Evimiz də, bütün dağıntılar da düzələ bilər, amma ruhumuzun dağıntıları hələ də qalmaqdadır”.

Leyla Mustafayevanın qaynanası Ağca Mustafayeva gəlinləri haqqında danışarkən göz yaşlarını saxlaya bilmədi: “Leyla evimizin yaraşığı idi. Yaxşı gəlin, gözəl ana idi. Həyat yoldaşım Leylanın həlak olmasını eşidəndə infarkt keçirdi. Bizim üçün çox çətindir. Yaşımızın bu vaxtında qızımız kimi sevdiyimiz gəlinimizi itirdik”.

Qeyd edək ki, Bərdə şəhəri Vətən müharibəsində ayrı-ayrı günlərdə Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalıb. Terror aktları nəticəsində ümumilikdə 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.

Ümumilikdə qırx dörd günlük Vətən müharibəsi dövründə erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq təkcə Bərdə və Gəncəni deyil, eyni zamanda, Yevlax, Beyləqan, Ağdam, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımızı ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutublar. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 min 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.