DİQQƏT! Bu gündən daha bir qadağa qüvvəyə minir – COVID-19 pasportu olmadan…
Bu gündən etibarən Azərbaycanda məhkəmə binalarına giriş COVID-19 pasportu ilə mümkün olacaq.
Media1.az Report-a istinadən xəbər verir ki, oktyabrın 6-da Ali Məhkəmə ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan əlavə tədbirlər haqqında yeni qərar verib.
Belə ki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarını nəzərə alaraq, Azərbaycanın məhkəmələrinə aşağıdakılar tövsiyə edilib:
2021-ci il 11 oktyabr tarixindən məhkəmə binalarına daxil olan, habelə qapalı məkanlarda keçirilən prosessual hərəkətlərdə bilavasitə iştirak edən bütün şəxslərdən COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) və ya Əks Göstəriş sertifikatının (COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı) olması tələb edilsin.
Barəsində qətimkan tədbirinin seçilməsi və inzibati həbs tənbeh növünün tətbiqi məsələsi həll olunan şəxslər COVID-19 pasportu və ya Əks Göstəriş sertifikatı olmadığı hallarda onların məhkəmə iclaslarında iştirakları videokonfrans əlaqə sistemindən istifadə edilməklə, bu mümkün olmadıqda və ya həmin şəxslərin məhkəmə iclasında şəxsən iştirakı zəruri olduğu hallarda onların sanitar-gigiyenik və tibbi-profilaktik qaydalara ciddi riayət etmək şərti ilə bilavasitə iştirakları təmin olunsun.
Təqsirləndirilən şəxslər (qətimkan tədbirlərinin seçilməsi məsələsi həll olunan şəxslər istisna olmaqla), azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumlar və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2.1-ci maddəsində göstərilən digər proses iştirakçılarının COVID-19 pasportu və ya Əks Göstəriş sertifikatı olmadığı hallarda, habelə səhhətinin vəziyyəti onların məhkəmə icraatında bilavasitə iştirakını qeyri-mümkün etdiyi və həmin Məcəllənin 51-2.1.1-51-2.1.4-cü maddələrində nəzərdə tutulmuş digər hallarda prosessual hərəkətlərin, eləcə də icraatın tamamilə və ya qismən videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsinə üstünlük verilsin.
Hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində, habelə qapalı məkanlarda prosessual hərəkətlərin həyata keçirilməsi zamanı qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun.
Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması və inzibati binaların qoruyucu-gigiyenik vasitələrlə təchiz edilməsi üçün zəruri tədbirlər görsünlər.