Bərdə rayonunda dərs ilinin ilk günündə yeni məktəb binası istifadəyə verildi.
Yeni dərs ilinin ilk günündə Bərdə rayonunun Qaradəmirçi kənd müəllim və şagirdləri ikiqat bayram sevinci yaşayıblar. Sentyabrın 22-də həmin kənddə yeni məktəb binası müəllim və şagirdlərin istifadəsinə verilib.
Bu münasibətlə Qaradəmirçi kənd tam orta məktəbinin yeni binasının açılışında olan rayon İcra Hakimiyyətinin başçısı V.İ.İsayev, Azərbaycan Respublikası Təhsil nazirinin müavini İdris İsayev, Millət vəkili Zahid Oruc, rayonun təhsil və hüquq-mühafizə orqanlarının rəhbərləri, müəllim, şagird və valideynlər iştirak etmişlər.
Məktəbin açılışı zamanı rayon İcra Hakimiyyətinin başçısı V.İ.İsayev, Respublika Təhsil Nazirinin müavini İ.İsayev, Millət vəkili Zahid Oruc çıxış edərək ölkəmizdə təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, ölkə Prezidenti cənab İlham Əliyev və birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahədə atılan uğurlu addımlardan danışmış, valideynləri. məktəbin müəllim və şagird kollektivini təbrik etmiş, onlara uğurlar arzulamışlar. Bildirilmişdir ki, təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, rayon üzrə ali məktəblərə qəbul olan gənclərin sayı hər il artır. Təkcə bu il imtahanlarda iştirak edən 1195 nəfər məzundan 1 nəfər Qızıl medalla, 24 nəfər Fərqlənmə ilə, 1170 nəfər orta məktəbi adi attestatla bitirmişdir. 848 nəfər ali məktəblərə qəbul üçün sənəd verib, onlardan 491 nəfər qəbul olub. 13 nəfər 600-dən yuxarı, 67 nəfər 500-dən yuxarı bal toplamışdır. 500 və 600-dən cox bal toplayanların sayı cəmi 80 nəfərdir.
I ixtisas qrupu üzrə qəbul 111 nəfər, II qrup üzrə qəbul 79 nəfər, III qrup üzrə qəbul 198 , IV qrup üzrə qəbul 65 nəfər, V qrup üzrə qəbul 24 nəfər olmuşdur. Cəmi abituriyentlərin sayı 848 nəfər, qəbul 491 nəfər (57,9 faiz) olmuşdur. Qəbul olunanlardan 78 nəfər Bakı Dövlət Universitetinə, 67 nəfər Azərbaycan Pedaqoji Universitetinə, 45 nəfər Gəncə Dövlət Universitetinə, 16 nəfər Azərbaycan Tibb Universitetinə, xüsusi təyinatlı təhsil müəssisələri üzrə qəbul olunanların sayı 14 nəfərdir, yerdə qalan 271 nəfər isə müxtəlif ali məktəblərə qəbul olmuşlar. Orta ixtisas təhsili müəssisləri üzrə qəbul olunanların sayı 161 nəfər olmuşdur. Əvvəlki illərin məzunları ilə birlikdə bu il ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən abituriyentlərin sayı 1032, qəbul olunanların sayı 540 nəfər (52,33 faiz) olmuşdur. Onlardan xüsusi təyinatlı təhsil müəssisələri üzrə qəbul olunanların sayı 15 nəfərdir. Orta ixtisas təhsili müəssisləri üzrə qəbul olunanların sayı 232 nəfər olmuşdur.
Qeyd olunmuşdur ki, məktəb Birinci Qarabağ müharibəsi şəhidi Feyruz Sadıqovun adını daşıyır. Məktəbin uğurlu nəticələri var. 2020-2021-ci tədris ilində məktəbi 34 nəfər bitirib, 17 nəfər ali məktəbə, 6 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Məktəbdə 61 nəfər müəllim işləyir. Onlardan 1 nəfəri Respublikanın Əməkdar müəllimi, 1 nəfər “Tərəqqi” medallı müəllimdir. Yeni tikilmiş bina 624 şagird yerlikdir. Məktəbdə 26 sinif otağı, 2 kompyuter, 2 texnologiya, fizika, kimya, biologiya, hərbi kabinetləri olmaqla cəmi 8 kabinet, 80 yerlik bufet, 200 yerlik iclas zalı, sahəsi 540 kv. metr olan idman zalı, açıq havada stadion və s. var. Məktəbdə su-kanalizasiya xətləri çəkilib, istilik sistemi, nəzarət kamerası quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb, yaşılıqlar salınıb.
Məktəbin direktoru Hakim Ələkbərov yeni məktəbin istifadəyə verilməsini valideynlərin, xüsusilə də şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişdir.
Sonra Qaradəmirçi kənd tam orta məktəbinin pedaqoji kollektivinin nümayəndələri, şagirdlər və kənd sakinləri dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləmişlər.
Tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.