22 Noyabr 2024

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanında nələr yaşandı – reportaj

Kimlər ən yüksək nəticə əldə etdi, kimlər bağlı qapı arxasında qaldı… 

Məlum olduğu kimi, 5 iyuldan etibarən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilib. İmtahanları yaxından izləmək üçün iyulun 9-da Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib. “Yeni Müsavat”ın əməkdaşı olaraq biz də mediaturda iştirak etdik. Qeyd edək ki, KİV nümayəndələrinin iştirakı ilə baş tutan mediatur zamanı imtahanın gedişatı yaxından izlənildi.

Namizəd müəllimlər ilk öncə hərarəti yoxlanılaraq, imtahan binasına buraxıldı, daha sonra isə qeydiyyatdan keçərək, imtahan verəcəyi zallara daxil oldular.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli keçirilən imtahanla bağlı ətraflı məlumat verdi. Qurum rəhbəri qeyd etdi ki, bu il müəllimlərin işə qəbulu ilə bağlı rekord sayda müraciət olunub:

“Bildiyiniz kimi 4-11 iyun tarixlərində müsabiqənin elektron ərizələrin qəbulu mərhələsi keçirilib. Bu mərhələdə müsabiqədə iştirak etmək üçün 62242 namizəd qeydiyyatdan keçib ki, bu da rekord say deməkdir. Əvvəllər işləməyən və yeni məzunlar üçün müraciətlər qəbul olunurdu. Lakin indi belə bir tələb yoxdur, istənilən müəllim imtahanda iştirak edə bilir, bu da  namizədlərin sayının xeyli artmasına səbəb olub.

Beləliklə, bu il ərizələr emal edildikdən sonra 59171 namizədin ərizəsi qəbul olunub və onlar növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Onlardan 59153 nəfər müsabiqənin test imtahanı mərhələsində iştirak edəcəklər. 4 günün statistikasına əsasən deyə bilərik ki, namizədlərin 80 faizi imtahanlarda iştirak edir.

İyulun 5-dən 8-dək keçirilən imtahanlarda 9 628 namizəd iştirak edib. Namizədlərdən 7 nəfər 60 bal toplayaraq ən yüksək nəticə göstərib”.

Nurlan İsmayılbəyli imtahanların keçirilməsi şərtlərindən də söz açaraq, bildirib ki, imtahanlar 3 seansda keçirilir:

“İlk imtahan seansı saat 9-da başlayıb, 10:10-da bitdi. İndi isə ikinci imtahan seansıdır. Özünüz də izlədiniz ki, imtahan qeydiyyat saat 11:10-da başlayıb, 40 dəqiqə davam etdi. Bundan sonra imtahan binasının qapıları bağlanır, binaya giriş məhdudlaşdırılır və 12:10-dan etibarən növbəti imtahan seansına start verilir. Günün son imtahan seansı isə 16:00-da başlayacaq və 17:30-da başa çatacaq. İmtahan seansları 90 dəqiqə davam edir. Namizədlər bu müddət ərzində 60 suala cavab yazırlar. Bunlardan 40-ı ixtisas, digər isə tədris strategiyası və təlim metodikasını əhatə edir. Ən yüksək nəticə əldə edənlər vakansiya prosesində üstünlük qazanırlar.

Bir məsələni də vurğulayım ki, namizədlər imtahanın bitməsinə 10 dəqiqə qalmış xüsusi sistemlə öz cavablarını görə, ballarını hesablaya bilirlər. Əgər bu məsələdə hər hansı mübahisə və müzakirə yaranarsa, bu zaman heç bir sənəd, ərizəyə ehtiyac qalmır, elə öz profillərindən birbaşa müraciət edə bilirlər. Onu da qeyd edim ki, 19 gün imtahan müddətində Təcili Tibbi yardım və polis xidməti bizə dəstək olur”.

Nurlan İsmayılbəyli həmçinin bildirib ki, mövcud pandemiya şəraitini nəzərə alaraq bu il müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir.

İmtahan prosesinə xeyli sayda könüllülərin cəlb edildiyinin şahidi olduq. Jurnalistlərə məlumat verilərək bildirildi ki, Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramı əsasında Sumqayıt, Abşeron, həmçinin Bakıda keçirilən imtahanlarda çox sayda könüllülər prosesə cəlb edilib:

“Ölkə üzrə təxminən 300 nəfərə yaxın şəxs imtahanlara nəzarətçi, könüllü kimi cəlb olunub”.

İmtahandan çıxan müəllimliyə namizəd Gülər Qafarova ilə danışmaq fürsətimiz oldu. Namizəd imtahandan ən yüksək nəticə əldə etdiyini bildirdi:

“13 il  Qobustan rayonunda yerləşən orta məktəbdə ibtidai sinif müəllimi işləmişəm. Yol uzaq olduğu üçün yerdəyişmə etmək istəyirdim və bu il istəyimi reallaşdırdım. Bugünki imtahanda ən yüksək, maksimum 60 bal nəticə əldə etdim və buna görə çox sevincliyəm”.

Gülər Qafarova imtahanın təşkilindən də razı qaldığını dedi:

“İmtahan çox şəffaf və rahat şəkildə həyata keçdi. Hələ ötən ildən Təhsil Nazirliyi müəllimlərə imtahana düşəcək mövzularla bağlı  çərçivə təqdim etmişdi. Biz müəllimlər də həmin çərçivə üzrə hazırlaşdıq və deyə bilərəm ki, imtahana düşən suallar da məhz həmin çərçivə əsasında idi, yəni ondan kənar suallar olmadı. Bu, çox gözəl ideya və təşəbbüsdür. Şəxsən öz adımdan təşəkkür edirəm. İnanıram ki, imtahan hazırlaşan hər kəs uğurlu nəticə əldə edə biləcək”.

Müşahidə etdik ki, bir neçə namizəd imtahan prosesinə start verildikdən sonra imtahan binasına yaxınlaşdı. Lakin onlar imtahanlara gecikdikləri üçün bağlı qapı arxasında qaldılar. Gecikdiyi üçün imtahana buraxılmayan Günay Tağıyeva və Bilqeys Kəlbiyeva gecikmə səbəblərini bu cür açıqladılar:

“Hər ikimiz universitetin başqa korpusuna, yəni imtahan keçirilməyən məkanına getmişdik. Nəticədə imtahan olan korpusa gələndə gecikdik və bağlı qapı arxasında qaldıq”. Gecikənlər bundan sonrakı imtahan seanslarına buraxıla biləcəklərinə ümid etdiklərini bildirdilər:

“Nazirliyin Qaynar Xəttinə də zəng vurduq. Lakin bizə pozitiv cavab verilmədi. Çox istərdik ki, bizə güzəştə gedilsin və digər seans imtahanlara buraxılaq”.

Bağlı qapı arxasında qalan digər namizəd isə rayondan gəldiyi üçün imtahana gecikdiyini dedi:

“Bizim bölgədə də imtahan mərkəzi var. Lakin istəyirdim ki, imtahanı Bakıda verim. Çox təəssüf ki, üzrlü səbəblərdən gecikdim və bunun üçün çox böyük stress keçirdim. Bilmək istərdim ki, gecikdiyim üçün mənə güzəşt ediləcəkmi?”

“Gecikən namizədlərə imtahanda iştirak etmək üçün yenidən şans verilə bilərmi?” sualımıza Nurlan İsmayılbəyli bu cür cavab verdi:

“Çox təəssüf ki, gecikən namizədlərə köməklik edə bilmirik. Onlar yalnız gələn il keçirilən müsabiqədə iştirak edə biləcəklər”.

Qeyd edək ki, 19 iş gününü əhatə edəcək imtahan prosesi avqustun 2-dək davam edəcək.

Xalidə GƏRAY,
Fotolar müəllifindir,
“Yeni Müsavat”