23 Oktyabr 2024

Rəsmi Bakı Ermənistandan nə qədər təzminat istəyəcək: Almaniya şirkəti də ittiham olunur

Azərbaycanın Ermənistan tərəfindən törədilən ekoloji terrorla bağlı yaxın vaxtlarda beynəlxalq məhkəməyə müraciət edə biləcəyi qətiyyən istisna deyil; Almaniya faktların üzərini ört-basdır etməyə çalışsa da, bu ölkənin nüfuzlu şirkətlərindən biri də təzminat ödəmək məcburiyyətində qala bilər…

Savaş bitsə də, mübarizə davam edir. Erməni vandalizmi hər addımda müxtəlif formalarda ortaya çıxır. Şəri təmsil edən bu toplumun terrorçuluq fəaliyyəti eyni intensivliyini qoruyub, saxlayır.

30 il işğal altında saxladıqları Azərbaycan ərazilərində daşı-daş üztünə qoymayıblar, bir ağac belə əkməyiblər. Əksinə, gözlərinə dəyən və işğaldan əvvəl tikilmiş bütün binaları dağıdıblar. Və dünya üçün ciddi örnək ola biləcək barbarlıq fəaliyyəti göstəriblər.

Ancaq həmin ərazilər işğaldan azad edildikdən sonra artıq daha qorxunc reallıq ortaya çıxıb. Sən demə, bu barbar və terrorçu toplumun hərbi cinayətkarları bütün bölgəni başdan-ayağa minalayıblar. Hətta ağaclardan belə, piyada əleyhinə mina asmaları barədə fotofaktlar mövcuddur.

Həddindən artıq ciddi problemdir. İndi həmin minaların hamısını zərəsizləşdirmək lazımdır. Çünki yalnız bundan sonra təməlli quruculuq layihələrinin icrası mümkün ola bilər. Əks halda, insan həyatı böyük təhlükə qarşısındadır.

Düzdür, rəsmi Bakı da Ermənistana qarşı təsirli təzyiq metodunu artıq tapıb. Belə ki, Azərbaycan hər 15 erməni diversantın əvəzində Ermənistandan 100 minə yaxın minanın basdırıldığı ərazinin xəritələrini ala bilir. İndiyə qədər 30 erməni terrorçucu təhvil verilib və əvəzində 3 rayon üzrə 200 minə yaxın minanın basdırıldığı yerlərin xəritələri alınıb. Və daha 4 rayonun mina xəritələrinin alınması ilə bu proses yekunlaşdırılmış olacaq.

Əlbəttə, bu, böyük uğurdur. Ancaq mina xəritələri alınsa da, həmin üç rayonun partlayıcılardan təmizlənməsinə və quruculuq layihələrinin icrasına milyardlarla dollar vəsait xərcləmək lazım gələcək. Üstəlik, bütün bunları reallaşdırmaq üçün də xeyli zamana ehtiyac var. Yəni erməni vandalizminin vurduğu ziyan kifayət qədər böyükdür.

Təbii ki, növbəti mərhələdə bu məsələyə də bir əlac tapılacaq. Böyük ehtimalla Ermənistanın dağıdıcılıq fəaliyyətinin vurduğu maddi ziyan və bərpa prosesinə çəkiləcək xərclər dəqiqləşdirilərək, beynəlxalq məhkəməyə müraciət olunacaq. Ermənistandan vurduğu ziyanın ödənilməsi üçün təzminat tələb olunacaq. Buna nail olunacağı təqdirdə, Ermənistan onilliklər boyu Azərbaycana təzminat ödəmək məcburiyyətində qala bilər.

Ancaq Ermənistanın Azərbaycana vurduğu ziyan və yaratdığı problemlər yalnız bunlarla məhdudlaşmır. Belə ki, 30 illik işğal dövründə bölgənin meşələri məqsədyönlü şəkildə qırılıb, yaşıllıq ərazilər məhv edilib. Hətta üçtərəfli anlaşmaların tələbləri çərçivəsində Kəlbəcər və Laçinı tərk edən ermənilər son anda ağacları doğrayıb, maşınlara yükləyirdilər və Ermənistana daşıyırdılar. Doğramağa imkanları çatmayan yaşıllıq əraziləri isə od vurub, yandırıdılar.

Bütün bunların ümumiləşdirilmiş adı ekoloji terrordur. Barbar erməni toplumu terrorun bütün növləri üzrə yüksək səviyyədə ixtisaslaşmağı bacarıb. Və şəraitə uyğun şəkildə terrorun müxtəlif növlərindən yararlanmaqda davam edir.

Buna misal olaraq, Ermənistandan Azərbaycana axan Oxçuçay faciəsini göstərmək olar. Bu çayın ətrafında yaranmış vəziyyət o qədər fəlakətlidir ki, Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bu məsələni berynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı vacib sayıb: “Ermənistandan Azərbaycana axan Oxçuçay ətraf mühit faciəsini üzə çıxarır. Ermənistandakı mədən sənayesi ilə əlaqədar Oxçuçayda ağır kimyəvi çirklənmə qeydə alınıb. Məsul şirkətlər öz fəaliyyətlərini dayandırmalıdır”.

Hikmət Hacıyevin dediklərində müəyyən mesajlar var. Xüsusilə də, bu prosesdə iştirak etmiş bəzi Qərb ölkələrinin şirkətlərinə xəbərdarlıq edildiyi də nəzərə çarpır. Çünki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda bəzi xarici şirkətlərin, xüsusilə də Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar mövcuddur.

Məsələ ondadır ki, Zəngilan rayonu ərazisindən keçən Oxuçayın məqsədyönlü şəkildə çirkləndirilməsi, bu çay hövzəsinin flora və faunasının məhv edilməsi ilə bağlı faktlar hazırda Azərbaycan cəmiyyətində geniş müzakirə mövzusudur. Belə ki, Ermənistanın dağ-mədən şirkətlərinin fəaliyyəti Oxuçayda fəlakətli vəziyyət yaradıb. Bu prosesdə Almaniyanın “CRONIMET Holding GmbH” şirkətinin də birbaşa iştirakı barədə məlumatlar mövcuddur.

Maraqlıdır ki, Azərbaycan mediasının Almaniyanın ölkəmizdəki səfirliyinə bu məsələ ilə bağlı müraciətinə səfirin cavabı məsələni ört-basdır etmək və diqqəti həmin şirkətin üzərindən yayındırmaq məqsədi daşıyıb. Bu ölkənin Yaşıllar Partiyasından isə ümumiyyətlə, həmin məsələylə bağlı suallara cavab vermək istəməyiblər, Azərbaycana ayırmaq üçün vaxtlarının olmadığını bildiriblər.

Təbii ki, bu, anlaşılmaz reaksiyadır. Belə ki, Almaniyada bir ağacın kiçik bir budağı qoparıldıqda Yaşıllar Partiyası hay-küy salıb, bütün ölkəni ayağa qaldırır. Ancaq Almaniya şirkətinin Azərbaycanın su hövzəsini çirkləndirib, ciddi ziyan vurması barədə sullara cavab verməyə vaxt tapa bilmir. Və bu, Almaniyanın rəsmi, eləcə də, siyasi dairələrinin Azərbaycana qərəzli münasibətinin bariz nümunəsi də sayıla bilər.

Belə anlaşılır ki, Ermənistanın Azərbaycana törətdiyi ekoloji terrorda Almaniya şirkətinin də iştirak etdiyinin təsdiqini tapması bu ölkənin rəsmi dairələrini qətiyyən məmnun etməyib. Üstəlik, rəsmi Bakının bu məsələni beynəlxalq səviyyədə gündəmə gətirməsi Almaniya hökumətini ciddi şəkildə narahat etməyə başlayıb.

Ona görə də, Almaniya ekoloji terrorda iştirakla bağlı üzləşdiyi ittihamlardan diqqəti yayındırmaq üçün Azərbaycana qarşı əks hücuma keçib. Və Almaniya mediası Azərbaycan əleyhinə növbəti kampaniya ilə vəziyyətdən çıxmağa çalışır. Bu, həm də növbəti seçkilər ərəfəsində Almaniya hökumətinin ciddi ittihamlardan yayınmaq cəhdidir.

Ancaq rəsmi Bakının Azərbaycanın üzləşdiyi ekoloji terrorun üzərindən sükutla keçə biləcəyi qətiyyən inandırıcı görünmür. Çünki Ermənistan hazırda Azərbaycana qarşı ekologiya üzərindən terror savaşı aparır. Bu, Azərbaycan vətəndaşılarının həyatını böyük risk altında qoyur. Və bu prosesdə dünyaya ekoloji təhlükəsizlik örnəkləri verdiyini iddia edən Almaniya kimi bir nüfuzlu ölkənin şirkəti də birbaşa iştirakçıdır.

Böyük ehtimalla rəsmi Bakı Azərbaycanın üzləşdiyi ekoloji terrorla bağlı yaxın vaxtlarda beynəlxalq məhkəməyə müraciət edə bilər. Azərbaycanın nəhəng məbləğlə ifadə olunacağı qətiyyən şübhə doğurmayan təzminat iddiası qarşısında Almaniya şirkətinin də Ermənistan ilə yanaşı, cavab verməli olacağı qətiyyən istisna deyil. Çünki hazırda sivil dünyanın olduqca həssas yanaşdığı ekoloji terror cinayətlərinin antitəbliğat kampaniyaları ilə ört-basdır edilməsi mümkün görünmür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu