AVRO-2020: Slovakiya millisi Polşaya qalib gəlib
Matçda ilk qol 18-ci dəqiqədə vurulub
Futbol üzrə Avropa çempionatının E qrupunda mübarizəyə start verilib.
Media1.az-ın məlumatına görə, bu qrupun ilk oyununda Polşa və Slovakiya yığmaları üz-üzə gəliblər. Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda baş tutan qarşılaşma slovakiyalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda ilk qol 18-ci dəqiqədə vurulub. Slovakiya yığmasının heyətində Robert Makın qüvvətli zərbəsi zamanı qapı dirəyindən qayıdan top qapıçı Voytsex Şesniyə dəyərək tora daxil olub. 31 yaşlı oyunçu Avropa çempionatlarında avqotol edən ilk qolkiper kimi tarixə düşüb. Birinci hissə bu hesabla başa çatıb. İkinci yarıya fəal başlayan polşalılar 46-cı dəqiqədə tarazlığı bərpa ediblər. Hakimin fitindən 32 saniyə sonra fərqlənən Karol Linetti turnirin tarixində ikinci hissədə ən tez vurulmuş qolun müəllifi olub. Bu göstərici üzrə rekord Rumıniya millisinin sabiq hücumçusu Marsel Koraşa məxsusdur. O, AVRO-1984-də ikinci hissənin startından cəmi 21 saniyə sonra Almaniya yığmasının qapısına yol tapıb. 62-ci dəqiqədə Qjeqoj Krıxovyak ikinci sarı vərəqəni alaraq, Polşa millisini azlıqda qoyub. Bu, cari turnirin ilk qırmızı vərəqəsi kimi tarixə düşüb. Meydandakı say üstünlüyündən istifadə edən Slovakiya yığması cəmi 7 dəqiqə sonra Milan Şkrinyarın qolu ilə hesabı öz xeyrinə dəyişib. Bu qol eyni zamanda matçın yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, E qrupunun digər oyunu bu gün İspaniya və İsveç yığmaları arasında keçiriləcək.