22 Dekabr 2024

907-ci düzəlişin aradan qaldırılmasına lobbi qrupları imkan vermir

Deputat deyir ki, bu qruplar ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışırlar

ABŞ dövləti Prezident İlham Əliyevin liderliyi ilə İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra regionda yaranmış yeni reallıqların fərqindədir. ABŞ prezidenti Cozef Baydenin son aylar iki dəfə Azərbaycan liderinə məktubunda qarşıdan gələn illərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunu ifadə etməsi Ağ Evin hazırkı sahibinin Azərbaycan dövlətinə və onun liderin, siyasətinə verdiyi böyük dəyər hesab oluna bilər.

ABŞ Azərbaycanın enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əldə etdiyi böyük nailiyyətlərə böyük önəm verir. Diqqətçəkən məqam da məhz bundan ibarətdir ki, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət təkcə ölkəmizin inkişafı və çiçəklənməsinə deyil, Azərbaycanla tərəfdaşlıq edən bütün dövlətlərə də böyük faydalar vəd edir. Prezident İlham Əliyevin müstəqillik günü ilə bağlı ABŞ lideri Cozef Baydenə göndərdiyi məktubda da bu məsələyə xüsusi diqqət yetirilib. “Bu gün Azərbaycanla ABŞ arasında bir sıra mühüm sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əməkdaşlığımız siyasi əlaqələrimizin də genişlənməsinə şərait yaratmışdır. Ölkələrimizin enerji, təhlükəsizlik və terrorizmə qarşı mübarizədə əməkdaşlığı nümunəvi xarakter daşıyır. Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığı bir zamanda biz ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inanırıq. Eyni zamanda tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətindəyik” deyə, məktubda bildirilir.

907-ci düzəliş ləğv oluna bilərmi? - Ermənilərə ən böyük zərbəni vurmaq  vaxtıdır

Ekspertlərə görə, Vaşinqton əlaqələrin yeni mərhələsi üçün bəzi zəruri addımlar da atmalıdır. Bunun üçün isə əsas olaraq, 907-ci düzəlişin birdəfəlik ləğvidir ki, Ağ Ev bunu etmir. Düzəliş ümumilikdə Azərbaycan və ABŞ arasında əməkdaşlığın əsas sahələrində – enerji sektorunda, təhlükəsizlik sahəsində qarşılıqlı əlaqəni məhdudlaşdırmır. Ancaq iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişafında bir maneədir. Bu düzəliş indiki şəraitdə Amerika maraqlarının reallaşdırılması üçün effektiv vasitə ola bilməz. Amerika başa düşməlidir ki, bu düzəlişdən Azərbaycan deyil, özləri uduzurlar….

Ekspertlər münasibətlərin yeni mərhələyə keçməsi üçün Vaşinqtondan hansı addımları gözləyirlər?

Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı

Asim Mollazadə

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə 907-ci düzəlişin ləğvinə inanmır: “Azərbaycanın bölgədə həyata keçirilən böyük layihələrdə iştirakında Amerika Birləşmiş Ştatları çox maraqlıdır. Bunun inkişafını istəyir. ABŞ-Azərbaycan münasibətləri təhlükəsizlik, enerji, nəqliyyat sahəsini əhatə edir. Bu əməkdaşlıqda Birləşmiş Ştatların çox böyük marağı var. Lakin bununla yanaşı, qeyd etməliyik ki, ABŞ-da hakimiyyət bölgüsü var. Qanunverici orqanda, Senatda, Konqresdə erməni lobbisinin çox böyük nüfuzu var. Onlar hər zaman Azərbaycana qarşı müvafiq sənədləri təqdim edirlər və ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışırlar. Onların fəaliyyəti bir çox hallarda Amerikanın dövlət maraqlarına, milli təhlükəsizliyinə zidd olmaqla yanaşı, eyni zamanda ABŞ-ın imkanlarını məhdudlaşdırırlar. İnanmıram ki, yaxın müddətdə 907-ci düzəlişi ləğv etmək mümkün olsun. Çünki bu lobbi qrupu digər türkə qarşı özünü düşmən hiss edən qruplarla birləşərək buna imkan verməyəcəklər. Bu da təəssüf doğurur. Təbii olaraq, ABŞ hökuməti 907-ni qüvvədən salıb. Amma Amerikanın öz maraqlarına zidd olan 907-ci düzəlişin aradan qaldırılmasına lobbi qrupları imkan verməyəcəklər”.

Qazax və qırğızlar Rusiyadan üz döndərir?

Şəhla Cəlilzadə 

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Azərbaycan Prezidentinin uğurlu siyasəti nəticəsində 907-ci düzəlişdən ermənilərin istifadə edə bilmədiklərini qeyd etdi: “ABŞ Cənubi Qafqaza, xüsusilə Azərbaycana enerji zəngini dövlət və enerji geosiyasi xəritəsində dəyişikliklər yarada biləcək regional oyunçu olaraq hər zaman xüsusi diqqət yetirmişdir. Həmçinin 9/11 terror hadisələrindən sonra Azərbaycan ABŞ-ın antiterror əməliyyatlarına dəstək verdiyinə görə həm də təhlükəsizlik məsələləri qarşılıqlı münasibətlərə sürət qazandıran faktora çevrilmişdir.  Bununla belə, Amerikada mövcud olan olduqca güclü erməni diasporunun ”ara qarışdıran” fəaliyyəti ikitərəfli münasibətləri enerji və təhlükəsizlik gündəliyindən çıxarmağa əngəl törədir və münasibətlərdə daima gərginlik yaşadacaq amillərin ortaya çıxmasına səbəbiyyət verir. Xüsusilə I Qarabağ müharibəsi dövründə amerikan ictimaiyyətində erməni lobbisinin və diasporunun “yaxşı çalışması”, yaşanan hadisələrin “erməni üzünün” ABŞ-da tanıdılması nəticə olaraq ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişin əlavə olunmasına (1992-ci il) gətirib çıxarmışdır. Müharibənin bütün ağırlığını, torpaqların işğalını, 1 milyonadək qaçqın və məcburi köçkünün maddi və mənəvi yükünü Azərbaycan çəkmiş olsa da, şəhərləri dağıdılan bizlər olsaq da, bu düzəliş Azərbaycanı guya təcavüzkar ölkə olduğu üçün ABŞ hərbi yardımından məhrum edirdi. Guya Dağlıq Qarabağı Azərbaycan “işğal edib” və Ermənistana blokada tətbiq edib deyə, amerikan senatorlar bu düzəlişi qanunverici orqanlarından keçirmişdilər. 1990-cı illərdə ABŞ-da Azərbaycanı həqiqətən də yaxşı, bəlkə də heç tanımırdılar. Azərbaycanın 1993-cü ildən etibarən Heydər Əliyevin zəngin və dərin dövlətçilik təcrübəsi, siyasət ağlı nəticəsində tətbiq etdiyi diplomatik, siyasi və iqtisadi siyasi metodlar vasitəsilə, xüsusilə Azərbaycanın ABŞ-a terrorizmlə mübarizədə verdiyi dəstəyə görə 2001-ci ildən etibarən 907-ci düzəlişin hüquqi qüvvəsi hər il ABŞ prezidentləri tərəfindən ləğv edilə, yəni proses dayandırıla bilir. Həmçinin ölkəmizin bu xarici siyasəti və idarəetmə üslubunun bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində artıq şəxsən ABŞ prezidentindən Azərbaycanla qarşılıqlı əməkdaşlığın faydalarının qeyd olunduğu rəsmi məktublar alınır. 907-ci düzəlişin vaxtilə qəbul edilməsində bugünkü prezident Baydenin müstəsna rolu olmuşdur və onun hakimiyyətə gəlməsindən sonra bu məsələ təkrar ABŞ Konqresində aktivləşmiş, hətta bugünlərdə təkrar Konqresdə 907-ci düzəlişin dayandırılması əleyhinə erməniyönümlü ABŞ deputatları tərəfindən qətnamə layihəsi təklif olunmuşdur. Bu düzəlişin birdəfəlik dayandırılması mümkün deyil, buna ABŞ qanunvericiliyi imkan vermir. Lakin hər il dayandırılması Azərbaycan dövlətinin və rəhbərinin uğurudur. Azərbaycanın bugünkü rasional və uğurlu xarici siyasi xətti davam etdikcə bu düzəlişin dayandırılmasının əleyhinə, yəni erməniyönümlü deputatların təkliflərinin qəbul edilməyəcəyini də rahatlıqla söyləmək olar. ABŞ-ın dövlət ağlı “erməni ağlına” uymayacaq qədər məntiqli çıxarışlar etməyə qadirdir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”