22 Dekabr 2024

5 PAYLAŞIMI 1 MİLYONDAN ÇOX İNSANA ÇATAN EKO SƏHİFƏ: HƏDƏFİMİZ NƏDİR?

Əziz dostlar,

Mən özümü nə axtaran adamam, nə də parçalayan. Bəlli bir sahədə özümü təsdiq etmişəm, jurnalist və siyasi analitik kimi hər kəs tərəfindən etiraf olunan bir imzayam. Hər insan kimi mənim də hobbilərim var. Şahmatı və ovu hədsiz dərəcədə sevirəm. Zəngəzur ellərindən Gəloxçulara mənsub olduğumdan, görünür, ovçuluq həm də genetik meyilimdir. Hər dəfə ova gedəndə bu sahədə ciddi problemlərin olduğunu, açıq desəm, ovçuya müxtəlif qurumların bir ov kimi yanaşdığına şahid olurdum. Ovlaqlardakı natəmizlik, görməmişlik və bioresurslarımızın qətliamına göz yumulması məni bu sahədə ictimai təşəbbüskara çevirdi. QHT sektorunda gənclik illərində qazandığım geniş təcrübə ilə “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyini yaratdıq və qeydiyyatdan keçirdik. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təqdim etdiyimiz ilk layihə bəyənildi və məsuliyyətli ovçuluğu təşviq etmək üçün kiçik məbləğdə olsa da, qrant ayrıldı. Həmin layihə çərçivəsində ötən il Bərdə və Ağcabədi rayonlarında ictimai dinləmələr keçirdik. Tədbirlərin əvvəlində hər kəs ümidsiz idi, heç kim danışmaq istəmirdi. Ancaq cəmi bir neçə dəqiqə sonra bütün atmosfer dəyişmişdi. Bu tədbirlərdən gəldiyim qənaət o oldu ki, Azərbaycan insanı təbiətsevərdir, öz vətəndaş məsuliyyətinin fərqindədir, maariflənməyə hazır olduğu kimi hüquqlarını qorumağa da qadirdir. Sadəcə, icmalaşmaq lazım. Nəticədə başladığımız işin effektliyinə inamım daha da yüksəldi.

Qarşıya qoyulan məqsədlərə çatmaq üçün mənim metodum fərqlidir. Hesab edirəm ki, hər hansı sahədə problem varsa, onu hay-həşirlə yox, konstruktiv şəkildə müzakirə etməklə, maraqlı tərəflər arasında konsensusa nail olmaqla, advokasiya kampaniyaları aparmaqla, qanunvericiliyi təkmilləşdirməklə, icra hakimiyyətinin fəaliyyətinə itimai nəzarəti gücləndirməklə nail olmaq həm mümkündür, həm də daha rasional yoldur.

Bu baxımdan sosial media kanallarına ehtiyacımız vardı. Bu ehtiyacı qarşılamaq üçün OVLAQ səhifəsini ərsəyə gətirdik. Hazırda səhifə ilkin populyarlaşma, abunəçi sayını artırma dönəmindədir. Bununla belə, əminliklə deyə bilərəm ki, səhifəmiz ekoloji fəaliyyət sferasında Azərbaycanın artıq 1 nömrəli sosial şəbəkə hesabıdır. Bunu ilk 5-likdə yer tutan paylaşımlarımızın 1 MİLYON Azərbaycan vətəndaşına çatması birbaşa təsdiq edir.