19 Oktyabr 2024

44 günlük müharibədə ön və arxa cəbhənin çörəyə olan tələbatı tam ödənilib- Məhərrəm Şəfiyev

44 günlük müharibədə istər arxa cəbhənin, istərsə də ön cəbhənin çörəyə olan tələbatı çox yüksək səviyyədə yerinə yetirib. O günlərdə heç kim çörəkdən korluq çəkməyib. Mağazalarda çörək kifayət qədər bol olub.Ön cəbhənin də çörəyi vaxtlı vaxtında göndərilib. Bu da “ Bərdə-Çörək “ ASC-nin gərgin və yorulmaz fəaliyyəti sayəsində mümkün olub.

“Bərdə-Çörək” ASC –nin sədri ilə söhbət zamanı məlum olur ki, onlar həmin günlər gecəli gündüzlü var güclərilə işləməli olublar. Hətta sədr özü belə qolun çırmayıb işçilərinə kömək etməli olub.

“Bərdə-Çörək” ASC –nin sədri ötən ilin sentyabrın 27 də başlayan müharibənin zəfərlə başa çatmasında mümkün amillərə  diqqət çəkir:”44 günlük Vətən Müharibəsində şanlı Qələbənin əldə olunmasında əsas amillər ölkə Prezidenti, Ali Baş Komandan  cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, müzəffər Ordumuzun  peşəkarlığı və xalqımızın  birliyi olmuşdur. Sentyabr ayının 27-də Ermənistanın törətdiyi təxribata qarşı əks-hücuma başlanan  Vətən müharibəsində qəlbi Vətən eşqi ilə döyünən hər bir  Azərbaycan vətəndaşı istər ön  cəbhədə,  istərsə də arxa cəbhədə tutduğu  mövqedə vətənə sədaqətin müqəddəsliyini,  xalqının birliyini, sarsılmazlığını, cəsarəti və mərdliyini həm düşmənə, həm də bütün dünyaya nümayiş etdirdi.”

“Bərdə- Çörək” ASC –nin 44 günlük müharibədə xalqımızı,istər arxa cəbhəni , istərsə də ön cəbhəni  yüksək səviyyədə çörəklə təmin etməsi bütün bərdəlilərin rəğbətinə səbəb olub. Onların gərgin və yorulmaz əmək hesabına həyata keçirdikləri bu xidməti hamı məmnunluq hissi ilə xatırlayır.

 “Bərdə-Çörək”ASC kollektivinin vətən və xalq qarşısındakı xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Şəfiyev Məhərrəm – Vətən Müharibəsi zamanı vətəndaşlıq borcunu  layiqincə yerinə yetirərək  Azərbaycan Ordusuna göstərdiyi maddi və mənəvi dəstəyə,  qayğıya və diqqətə görə Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənov və 1-ci Ordu Korpus Komandiri  general- mayor  Hikmət Həsənov tərəfindən Fəxri fərmanla təltif edilib. 

Onu da qeyd edək ki,  “Bərdə-Çörək” ASC-nin sədri Şəfiyev Məhərrəm Əhər oğlu YAP Bərdə rayon təşkilatı İdarə heyətin üzvüdür.