27 Sentyabr 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir gündür
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlanan 44 günlük Vətən Müharibəsi 30 illik son Azərbaycan tarixində yeni mərhələnin əsasını qoydu. Uzun illərdən bəri işğal altında qalan torpaqlarımız azadlığına qovuşdu. Məğlubiyyət, torpaq itkisinə son qoyuldu. İllərdən bəri qələbə arzusu 44 günlük müharibənin sonunda həqiqətə çevrildi. O günlər Azərbaycan xalqı, Azərbaycan ordusu, ən əsası da Dövlətimizin başçısı , Ali Baş Komandanımız sözün əsl mənasında qəhrəmanlıq səlnaməsi yaratmış oldu. Tarixdə az sayda müharibələr ola bilər ki qısa müddətdə qələbə ilə başa çatmış olsun. Azərbaycan qısa müddətdə düşməni məğlubiyyətə uğratması isə olduqca heyrətamiz fakdır. Hansı ki, dünya özü belə bu qələbəyə heyran qalıb. Dünyanın hərb məktəblərində Azərbaycan ordusunun taktikası öyrənilir. Düşmənin 30 illik müddətdə yüksəkliklər üzərində hər tərtərəfli fortifikasiya qurğuları inşa edib, möhkəmlənməsini nəzərə alanda Azərbaycan ordusu üçün hücum əməliyyatı həyata keçirmək heç də asan deyildi. Xüsusilə düşmən havadarlarının olması da bu sırada dayanan amillərdən hesab oluna bilər.Ancaq Azərbaycan Prezidentinin ölçülü siyasəti qələbələrimizin rəhninə çevrilmiş oldu.
O günlər Bərdə rayonu arxa cəbhənin ağırlığını yaşayırdı. Yüzlərlə köçkün qarşılamaqla onların qayğısına qalırdı. Bununla yanaşı arxa cəbhənin ehtiyyatlarını səfərbər etməklə ön cəbhəyə zəruri geyim və ərzaq məhsulları tədarük etməklə döyüşən ordumuza ruh vermiş olurdu. O günlərdə rayonun mədəniyyət işçiləri də qələbəmizin təmin olunması üçün səfər olmuşdular. Regional Mədəniyyət İdarəsində yaradılan qərargah gecə – gündüz çalışmaqla döyüşən ordumuza dəstək olmağa çalışırdı . Mədəniyyət işçiləri, o cümlədən musiqi məktəblərinin müəllimləri də o günlər fədakarlığa qatlaşır, hər gün şəhid dəfinlərində iştirak edir, şəhid ailələrinə təskinlik verməyə çalışırdılar.
Yaman günün ömrü az olar, deyən böyüklərimizin sözü tezliklə yerini almış oldu. Xalq – ordu birliyini ortaya qoyan möhtərəm prezidentimizin qətiyyəti sayəsində tezliklə qələbə xəbərləri gəlməyə başladı. Ən gözəli isə bu qələbə xəbərlərinin möhtərəm prezidentimizin özündən eşitmək olurdu. Prezidentimiz İlham Əliyev həm döyüş meydanında , həm də diplomatiya sahəsində dünyanı heyran qoymağı bacarmış oldu.
44 günlük Vətən müharibəsini qələbə ilə başa vuran prezidentimiz İlham Əliyev Azərbaycan tarixinə yeni şərəfli günlər əlavə etmiş oldu. Belə bir şərəfli gün 27 sentyabrın Anım Gününə çevrilməsi tariximizdə daim ehtiramla yad olunacaqdır.
44 günlük Vətən Müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin təmin edilməsi uğrunda tarixi bir zəfərdir. 2020-ci il 27 sentyabrında başlayan bu müharibə nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqlarımızda haqsızlığa və ədalətsizliyə son qoydu, Qarabağ və ətraf rayonları azad etdi. Vətən Müharibəsi yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması ilə yekunlaşmadı, eyni zamanda xalqımızın milli birliyinin, ordumuzun gücünün və dövlətimizin siyasi iradəsinin sarsılmaz olduğunu dünyaya sübut etdi. Bu yalnız hərbi qələbə deyil, eyni zamanda xalqımızın milli birliyinin, iradəsinin və beynəlxalq hüququn ədalətli tətbiqinin təntənəsi oldu. Bu qələbə Azərbaycanın dünya arenasında güclü və qətiyyətli bir dövlət olduğunu sübut etdi və ölkəmizin gələcək inkişafına mühüm töhfə verdi.
İndi o günlərdən bizi 4 il ayırır. Xalqımız hər il xiyabanlara axışır. Qəhrəman oğullarını böyük ehtiramla yad edir.
27 Sentyabr-Anım Günü Azərbaycanın azadlıq və suverenlik mübarizəsinin ən parlaq simvoludur. Bu gün şəhidlərimizin qəhrəmanlığını bir daha yad edərək onların göstərdiyi fədakarlığı unutmamaq və gələcək nəsillərə çatdırmaq üçün bir fürsətdir. Şəhidlərimizin ruhu daim bizimlədir və onların canı bahasına qazanılan azadlıq və müstəqillik hər zaman qorunmalı və qiymətləndirilməlidir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Fəqani Əliyev – Bərdə şəhər 3 nömrəli musiqi məktəbinin direktoru