25 oktyabr tarixi Vətən müharibəsinin gedişində əhəmiyyətli dönüş nöqtəsi oldu
İki il öncə bu tarixlərdə rəşadətli Azərbayan Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hər günü tariximizə Zəfər səhifəsi kimi yazaraq xalqımızı qürurlandırdı, ərazi bötüvlüyümüzün təmin oluncağına, soydaşlarımızın torpaq həsrətinə son qoyulacağına inamı artırdı. Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərinin ardınca Qubadlı şəhəri 2020-ci ilin 25 oktyabrında işğaldan azad edildi. Bizim bir cümlə ilə ifadə etdiyimiz bu Qələbə böyük qəhrəmanlığın, şücaətin, torpaq, Vətən sevgisinin, neçə-neçə Vətən övladlarının şəhidlik zirvəsinə ucalmasının nəticəsidir. Dövlət başçısı İlham Əliyev hər zaman çıxışlarında Qələbəmizin qəhramanlarından bəhs edir və bildirir ki, şəhidlərimiz heç zaman unudulmur və unudulmayacaq. Onlar canları, qanları ilə tarix yazdılar.
Bu tarixin yazılmasını artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllində 30 ilə yaxın uğursuz vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupundan gözlədik. Azərbaycan dövləti yalnız gözləməklə kifayətlənmədi. Həm iqtisadi qüdrətini artıraraq bütün sahələrdə, o cümlədən ordu quruculuğunda davamlı uğurlara imza atdı, həm də diplomatik mübarizədə qələbəmizi təmin etmək üçün real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatını uğurla davam etdirdi. Münaqişənin həllində möhkəm hüquqi bazanın yaradılması dövlətimizin uğurlu və düşünülmüş siyasətinin nəticəsidir. Hansı ki, bu diplomatik qələbə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi. Ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən bəzi dünya güclərinə cavab olaraq bildirildi ki, Azərbaycan beynəlxalq hüquqa, BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə apardı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik.
Xalqımız 2020-ci il 25 oktyabr tarixində növbəti qələbə müjdəsini aldı. 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri və strateji yüksəklikləri işğaldan azad edildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Ümumilikdə, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Qubadlı şəhəri daxil olmaqla rayonun 41 kəndi azad olundu.
Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Artıq bu gün Qubadlı işğaldan azad olunan digər ərazilərimiz kimi həyatının yeni dövrünü, bərpa-quruculuq mərhələsini yaşayır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qubadlı rayonuna hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.
Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizin ilk günündən işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulacağını, soydaşlarımız üçün ən yüksək yaşayış şəraitinin yaradılacağını bildirdi. Bu gün bütün işlər bu hədəfə yönəlib. Ölkə Prezidenti oktyabrın 19-da Qubadlı rayonuna sayca 3-cü səfərini etdi. 2020-ci ilin 23 dekabrında reallaşdırdığı ilk səfəri Qubadlıda Azərbaycan Bayrağının ucaldılması ilə yadda qaldı. Bu, qalibiyyətimizin təqdimatı oldu. Növbəti səfər ötən il 25 oktyabr tarixində olub. Həmin səfər zamanı Xanlıq-Qubadlı yolunun təməlqoyma, “Qubadlı” yarımstansiyasının, rayonda Dövlət Sərhəd xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etdi, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Dövlət başçısı İlham Əliyev bu günlərdə reallaşdırdığı səfər zamanı isə “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış oldu, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, İşğal və Zəfər muzeylərinin təməlyqoma mərasimlərində iştirak etdi. Ölkə Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Qubadlı şəhərinin Baş planı təqdim olundu.
Göründüyü kimi, Müzəffər Ali Baş Komandanın hər səfəri Böyük Qayıdışın daha da sürətləndirlməsinə yönəlib. Tezliklə qubadlılar öz doğma yurd-yuvalarına qayıdacaq və qaynar həyat başlayacaq.
Etibar Hacıyev – YAP Ağstafa rayon təşkilatının sədri