23 Dekabr 2024

2021-ci ildə ən çox medal qazanmış idmançımız: “Böyük iş görmüşük”

“Mən Azərbaycanda bütün idmançılara, xüsusən də hər gün öz üzərində işləyənlərə, özünü təkmilləşdirənlərə və qəbul edilmiş imkanlardan kənara çıxanlara hörmət edirəm, çünki mən özüm bunun təkcə fiziki deyil, həm də mənəvi cəhətdən nə qədər böyük iş olduğunu bilirəm”.

Bunu Oxu.Az-a karate üzrə Olimpiya mükafatçımız, dünya və Avropa çempionu İrina Zaretskaya deyib.

25 yaşlı idmançı ilin yekunları barədə danışıb. Bu il ikinci dəfə dünya və ikinci dəfə Avropa çempionu olan İrina Zaretskaya bildirib ki, 2021-ci il Azərbaycan idmanı üçün o qədər də pis keçməyib:

“Ölkənin aparıcı idmançıları arasında mənim çoxlu dostlarım var: Rafael Ağayev, Mariya Stadnik, İrina Kindzerskaya, Hacı Əliyev və Rafiq Hüseynov.

Mən və onlar Azərbaycanın bu il dünyada və Olimpiya Oyunlarında şöhrət qazanması üçün böyük iş görmüşük. Hər birimiz ölkənin beynəlxalq idman imicinə böyük töhfələr verdik və imkan daxilində maksimum nəticələr göstərdik.

Azərbaycan mediası bu il mənim builki nəticələrimi ən yaxşı kimi tanıdı. Belə yüksək ada görə çox sağ olun.

Onu da qeyd etmək istəyirəm ki, adlarını çəkdiyim idmançıların hər biri öz nəticələri ilə məni daima daha yaxşı olmağa həvəsləndirib. Bu mənim üçün fədakarlıq və zəhmətin gözəl nümunəsidir.

Məncə, bu il əla komandamız var”.