20 Noyabr 2024

20 Noyabr – Ağdam şəhəri günü.

“Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız”.
Prezident İlham Əliyev
20 noyabr 2020-ci il. İllər sonra Ağdamla açılan ilk səhərimiz oldu. Cənab Ali Baş Komandanımız xalqımıza illərdir gözlədiyi bu sevincli xəbəri verdi. Ağdam düşmən tapdağından azad olundu.
Ancaq unutmamalı olduğumuz bir tarix var – 23 iyul 1993-cü il. Yoxluğu ilə heç vaxt barışmadığımız Ağdamın azğın, bütün alçaqlıqların məcmusu olan erməni qəsbkarları tərəfindən işğal olunduğu, 128 mindən çox ağdamlının öz yurdundan ayrı düşdüyü o ağrı-acılı həmin gün. 1993-cü ildə Ağdam uğrunda 42 gün davam edən döyüş nəticəsində 23 iyul tarixində Ağdam ərazisinin 73 faizi işğal edildi. Doğma Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuşdur ki, onlardan 16-sı Milli Qəhrəman adına layiq görülmüşdür. İşğal nəticəsində əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.
Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuşdur. İşğal nəticəsində bir sıra sənaye mərkəzi, məktəblər, mədəniyyət evləri, Çörək muzeyi və s. bır sıra obyektlər düşmən əlinə keçmişdir.
İllər keçdi, amma biz heç vaxt ümidimizi itirmədik. 30 il boyunca dünya birliyi işğalçılara göz yumdu. Beləliklə, Qarabağ münaqişəsini Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Rəşadətli Azərbaycan Ordusu 44 gündə həll etdi. Döyüş əzmli xalqımızın igid oğulları könüllü olaraq ordu sıralarına yazıldı. Şanlı qələbəmiz şəhidlərimizin canı və qanı bahasına əldə olundu. Bu günlər ərzində xalqımız yüksək səviyyədə birlik nümayiş etdirmişdir. “El bir olsa dağ oynadar yerindən” deyib atalarımız. Ön cəbhədə igid qardaşlarımızın şücaəti, arxa cəbhədə xalqımızın birliyi nəticəsində tarixi ZƏFƏR qazandıq. Bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqlarıdır.
“Dəmir Yumruq” əməliyyatı noyabr ayının 10-da Azərbaycan-Ermənistan arasında bəyanatın imzalanması ilə nəticələndi. Ağdam düşmən tapdağından azad olundu.
Görənlərin dəhşətlə “Qafqazın Xirosiması” adlandırdığı Ağdamda illər boyu yer üzündə misli görünməmiş vandalizm törədilmişdi. Dağıdılan təkcə yaşayış evləri deyil. 30 ilə yaxındır Qarabağın döyünən ürəyi hesab edilən Ağdam və onun tarixi-dini abidələri, ziyarətgahlar, tarixi-memarlıq abidələri erməni təcavüzunun qurbanı olub.
31 iyul 2023-cü ildə Dövlət başçımız cənab İlham Əliyevin sərəncamı ilə 20 Noyabr – Ağdam Şəhəri Günü elan edilib. Bu xoş xəbər xalqımızın ictimai-siyasi həyatında daim milli dövlətçiliyə sədaqəti ilə seçilən, mədəniyyətimizin inkişafına böyük töhfələr verən Ağdam sakinləri tərəfindən sonsuz minnətdarlıq hissilə qarşılanıb.
Son dörd il ərzində Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdam rayonunda səfərdə olublar.
Bəli, bu gün Ağdam şəhəri və rayonu yeni inkişaf mərhələsinə qədəm qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Ağdam şəhərinin tarixi abidələri yenidən bərpa edilir, müasir infrastruktur layihələri reallaşdırılır və bölgənin sosial-iqtisadi inkişafı üçün strateji əhəmiyyətli addımlar atılır. Möhtərəm Prezident İlham Əliyevin Ağdama səfərləri zamanı həyata keçirilən təməlqoyma və açılış mərasimləri Azərbaycanın bu qədim yurduna xüsusi diqqətini göstərir.
Doğma Ağdam, illərlə çəkdiyi ağrılı taledən sonra yeni tarixini yazır. Bu şəhər işğal dövründə mədəniyyətin, tarixin və mənəvi dəyərlərin talan edilməsinin şahidi oldu. Lakin Azərbaycan xalqının iradəsi və dövlətimizin qətiyyəti sayəsində Ağdam indi azadlıq günəşinin işığında bərpa olunur.
Müasir şəhərsalma standartları ilə hazırlanan Ağdam Şəhərinin Baş Planı ərazinin tarixi ruhunu qorumaqla, onu müasir tələblərə uyğun yaşıl və ağıllı şəhərə çevirməyi hədəfləyir. Bu plan çərçivəsində ilk olaraq yol infrastrukturu, elektrik, su və qaz təchizatı sistemləri yenidən qurulub. Bununla yanaşı, məskunlaşma üçün nəzərdə tutulan yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və mədəni obyektlər sürətlə tikilir. Ağdam gələcəyin şəhəri olmaq üçün irəliləyir.
Ağdam təkcə yaşayış məkanı kimi deyil, həm də iqtisadiyyatın mühüm mərkəzi kimi planlaşdırılıb. Yeni yaradılan Ağdam Sənaye Parkı, regionda iş yerlərinin açılmasına, iqtisadi dirçəlişin sürətlənməsinə və sahibkarlığın inkişafına təkan verir. Hazırda burada fəaliyyətə başlayan müəssisələr artıq ilk məhsullarını istehsal edir və regionun iqtisadiyyatına töhfə verir.
Tarix və Mədəniyyətin Dirçəlişi Ağdamın bərpasında mədəni irsin qorunması əsas prioritetlərdən biridir. Şəhərin keçmiş mədəni simvolu olan Ağdam Cümə Məscidi və digər tarixi abidələr yenidən tikilir və bərpa edilir. Bu, təkcə milli-mənəvi dəyərlərimizin canlanmasına deyil, həm də Qarabağın turizm potensialının artırılmasına xidmət edir. Ağdam yenidən mədəniyyətin, musiqinin və poeziyanın beşiyinə çevrilir.
Ağdamın yenidənqurma prosesində əsas hədəf keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışını təmin etməkdir. Hazırda şəhərdə tikilən müasir yaşayış evləri, sosial obyektlər və rahat infrastruktur burada yaşayacaq vətəndaşların firavan həyatını təmin edəcək. Bu qayıdış təkcə fiziki bir qayıdış deyil, eyni zamanda itirilmiş illərin, mədəniyyətin və dəyərlərin yenidən qovuşmasıdır. Ağdamın bugünkü durumu təkcə şəhərin bərpası deyil, həm də Azərbaycan xalqının gücünün və birliyinin təzahürüdür.. Azərbaycan xalqı və dövləti əl-ələ verərək, Ağdamı qürur və zəfər şəhərinə çevirir.
Bir daha bu qürurlu, gözəl gün üçün möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm. Xalqımızı səmimi qəlbdən təbrik edirəm.
Tarixi torpaqlarımızın işğaldan azad olunmasında canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa diləyirəm.
Azadlığın bir daha, bir daha mübarək, doğma torpaq!
 
Fidan Nəsirli – Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi